Ulu Öndərin rəhbərliyi ilə dövlət quruculuğunun hüquqi əsasları formalaşdırılıb- ÖZƏL

"Ulu Öndər Heydər Əliyev prezident seçildikdən sonra andiçmə mərasimində xalqa müraciət edərək həyatının sonuna qədər Azərbaycan xalqına sədaqətlə xidmət edəcəyini və bütün fəaliyyətini Azərbaycanın gələcək inkişafına sərf edəcəyini bildirmişdi. Bu sözlər sonrakı illərdə həyata keçirilən dövlət siyasətinin mahiyyətini müəyyən edən siyasi iradənin ifadəsi kimi tarixə düşdü". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Ümummilli Liderin qarşısında dayanan əsas vəzifələrdən biri dövlətin müstəqilliyini qorumaq, ölkədə sabitliyi təmin etmək və dövlət institutlarını möhkəmləndirmək idi. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində dövlət idarəçiliyinin əsasları möhkəmləndirildi, qanunun aliliyinin təmin olunması, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ordu quruculuğu sahəsində məqsədyönlü siyasət həyata keçirildi, Azərbaycan Ordusunun dövlətin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsində əsas dayaqlardan birinə çevrilməsi üçün zəruri institusional baza formalaşdırıldı. Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasını Azərbaycanın müstəqilliyinin dönməz və sarsılmaz olması ideyası təşkil edirdi. Ulu Öndərin "Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik" fikri bu baxımdan xüsusi məna daşıyır. Bu yanaşma müstəqil Azərbaycanın siyasi kursunun əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin rəhbərliyi ilə dövlət quruculuğunun hüquqi əsaslarının formalaşdırılması istiqamətində də mühüm işlər görüldü. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müstəqil dövlətimizin hüquqi və siyasi inkişafında fundamental hadisə oldu. Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərini müəyyənləşdirdi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi təsbit etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31