4 oktyabr Cəbrayılın gələcəyinə nəzər salındığı əlamətdar gündür- ÖZƏL

"4 oktyabr dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi təsis edilib. Bu tarix Vətən müharibəsində Cəbrayıl şəhərinin işğaldan azad olunmasını, ərazi bütövlüyünün bərpası yolunda əldə edilən mühüm nəticəni və Azərbaycan xalqının doğma torpaqlarına qayıdışının yeni mərhələsini ifadə edir. Cəbrayılın azad olunması həm hərbi əməliyyatların gedişində mühüm dönüş yaratdı, həm də rayonun gələcək bərpa və quruculuq prosesinin başlanmasına yol açdı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Heydər Əsədov deyib: "Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də işğal edilmiş, rayonun yaşayış məntəqələri, sosial infrastrukturu və tarixi-mədəni irsi ciddi dağıntılara məruz qalmışdı. İşğal nəticəsində rayonun əhalisi doğma yurdlarından didərgin düşərək uzun illər müxtəlif bölgələrdə məcburi köçkün həyatı yaşamalı oldu. Cəbrayılın tarixi-mədəni irsinə vurulan zərər də böyük idi. Rayon ərazisindəki tarixi və dini abidələr, yaşayış məntəqələri və digər mədəni irs nümunələri dağıdılmışdı. Beləliklə, işğal Cəbrayılın yalnız ərazi və demoqrafik görünüşünə deyil, onun çoxəsrlik tarixi-mədəni mühitinə də ciddi zərbə vurdu.

1994-cü ildə Cocuq Mərcanlının azad edilməsi rayon əhalisinin doğma torpaqlara qayıdış ümidini qoruyan mühüm hadisələrdən biri oldu. 2016-cı il Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin nəzarətə götürülməsi isə Cocuq Mərcanlıda həyatın yenidən qurulmasına imkan yaratdı. Sonrakı dövrdə burada həyata keçirilən bərpa işləri Böyük Qayıdış ideyasının ilkin nümunələrindən birinə çevrildi. Bu proses Cəbrayılın digər yaşayış məntəqələrinin də gələcəkdə bərpası üçün mühüm təcrübə formalaşdırdı.
4 Oktyabr - Cəbrayıl Şəhəri Günü bu baxımdan yalnız tarixi qələbənin xatırlanması deyil, həm də Cəbrayılın yenidən qurulmasının, əhalinin doğma yurda qayıdışının və şəhərin gələcək inkişafını təcəssüm etdirir. İşğaldan azad olunmuş Cəbrayıl artıq quruculuğun, qayıdışın və yeni həyatın ünvanına çevrilir. Cəbrayılın timsalında Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyulan yeni məqsədlər - azad edilmiş ərazilərin dirçəldilməsi, tarixi-mədəni irsin qorunması, müasir infrastrukturun yaradılması və insanların öz doğma torpaqlarına qayıdışının təmin edilməsi bir arada əks olunur. Bu baxımdan 4 oktyabr həm tarixi yaddaşın yaşadıldığı, həm də Cəbrayılın gələcəyinə nəzər salındığı əlamətdar gündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31