Azərbaycan ABŞ-nin regionda daha fəal iştirakını gözləyir - Prezidentin köməkçisi
10:54 SiyasətAzərbaycan ABŞ-nin Cənubi Qafqazda və Xəzər dənizi regionunda daha fəal iştirakını gözləyir.
Bunu cümə günü Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunun ikinci günündə çıxışı zamanı deyib.
"Biz həqiqətən də ABŞ-nin bu regionda ilk növbədə, siyasi səviyyədə daha geniş və fəal iştirakını gözləyirik, belə ki, münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib", - deyə H.Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan ABŞ-nin Mərkəzi Asiyaya və daha geniş Xəzər regionuna yeni geostrateji yanaşmasının formalaşmasını da müşahidə edir.
Bununla yanaşı, H.Hacıyev qeyd edib ki, siyasi əməkdaşlıq hələlik ABŞ biznesinin regionda iştirakı ilə tam şəkildə müşayiət olunmur.
ABŞ Prezidenti Donald Trampın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində rolundan danışan H.Hacıyev Amerika administrasiyasının töhfəsini qeyd edib: "Prezident Tramp və onun administrasiyası böyük minnətdarlığa layiqdir".
Onun sözlərinə görə, Tramp hakimiyyətə gəldikdən sonra Azərbaycan ABŞ-nin yeni administrasiyası ilə birbaşa əlaqə yaradıb və sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyib. Bundan sonra ABŞ sülh prosesinə dəstək vermək üçün öz siyasi çəkisindən istifadə edib.