Hörmüz boğazı ilə bağlı gərginlik: “Hərbi qarşıdurma real ssenari olaraq qalır”-ÖZƏL

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazından neft daşınmasına tam nəzarət edirlər, lakin vəziyyət hər an dəyişə bilər. O, son iki gündə boğazdan rekord həcmdə neft keçdiyini deyib. Tramp İranla bağlı isə yaxın zamanda hərbi zərbələri bərpa etmək və ya razılaşmaq barədə qərar veriləcəyini açıqlayıb.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:

" Donald Trampın açıqlamaları hər zaman olduğu kimi diqqət çəkir və o bildirir ki, Hörmüz boğazına tam nəzarət edirik. Əlbəttə ki, burada müəyyən ziddiyyətli məqamlar var. Doğrudur, Hörmüz boğazından hazırda daşımalar həyata keçirilir, amma eyni zamanda həm İran, həm də Amerika bu boğaza nəzarət etdiklərini bildirirlər. Nəzərə alsaq ki, ABŞ Hörmüz boğazında həm də İrana qarşı blokada tətbiq edib və danışıqlar prosesində tərəflərin razılığa gəlmədiyi mövzulardan biri də məhz Hörmüz boğazının idarə olunması və onun statusu ilə bağlı məsələdir. Yəni, İran çalışır ki, bundan sonrakı dönəmdə Hörmüz boğazına İran nəzarət etsin və oradan keçən gəmilərdən rüsumlar alınsın. Təbii ki, bu, ABŞ tərəfindən və ümumiyyətlə, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan məsələ deyil. Hətta İranın yaxın müttəfiqi sayılan Çin belə Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunmasının vacibliyini vurğulayır. O ki qaldı Donald Trampın "vəziyyət hər an dəyişə bilər" açıqlamasına, bu o deməkdir ki, amerikalılar İranla danışıqlar aparmaqda da maraqlıdırlar. Amma razılığa gəlinə bilməyəcəyi halda, yəni Amerikanın şərtləri qəbul edilməyəcəyi təqdirdə, o zaman vəziyyət dəyişə bilər. Yəni,  yenidən hərbi eskalasiya baş verə bilər. Nəzərə alsaq ki, tərəflər razılaşmayıblar və hələ də razılaşmalı olmayıblar, o baxımdan hər zaman hərbi qarşıdurma real ssenari kimi nəzərdən keçirilir. Bu baxımdan Donald Trampın bu tip açıqlamalarını həm müəyyən qədər şantaj, daha doğrusu, təzyiq vasitəsi kimi qəbul etmək lazımdır, eyni zamanda bunu həm də gələcəkdə baş verə biləcək hər hansı gərginliklə bağlı bir mesaj hesab etmək olar. Əlbəttə ki, Donald Trampın son açıqlaması da onun əvvəlki açıqlamalarından çox ciddi şəkildə fərqlənmir. Sadəcə olaraq, bir daha təkrar edirəm ki, hazırda tərəflər razılıq əldə etmədiklərindən, diplomatiya davam etsə belə, hər bir eskalasiya riski gündəmdə qalmaqdadır".

Zeynəb Musfafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31