Azərbaycanın müdafiə sənayesinə beynəlxalq maraq artır- ÖZƏL
13:32 SiyasətBakıda "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və paralel olaraq "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi fəaliyyətə başlayıb. Sərgilərdə ümumilikdə 53 ölkədən 280 şirkət və təşkilat iştirak edir. ABŞ, Türkiyə, Almaniya, Böyük Britaniya, Çin, Rusiya, İtaliya və digər ölkələr sərgidə geniş təmsil olunur. Sərgi çərçivəsində müdafiə sənayesindəki yeniliklərin nümayişi ilə yanaşı, dövlətlərarası və hərbi-texniki əməkdaşlıq imkanlarının müzakirəsi və yeni tərəfdaşlıqların qurulması nəzərdə tutulub.
Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Olaylar.az-a açıqlama verib:
" Dünyada bir çox ölkələr belə sərgilər təşkil edə bilmir və onların müdafiə sənayesi potensialı yoxdur. Böyük dövlətlərdən silah idxal edirlər. Azərbaycan, sevindirici haldır ki, qısa bir müddət ərzində Müdafiə Sənayesi Nazirliyini yaratdı və dünyanın ən böyük silah sərgiləri Azərbaycanda təşkil edilir. Getdikcə dövlətlərin sayı, şirkətlərin sayı artır.
Dünyanın ən nüfuzlu şirkətləri, ən böyük dövlətləri, ABŞ başda olmaqla, Türkiyə, Avropa ölkələri bu sərgiyə marağını göstərir. Azərbaycanın həm siyasi baxımdan, həm hərbi baxımdan çox böyük nüfuzu var. 44 günlük müharibədən sonra, bir günlük antiterror tədbirlərindən sonra Azərbaycan ordusunun, həmçinin hərbi aləmdə nüfuzu həddindən artıq yüksəlib və Azərbaycan dövləti öz nüfuzunu həddindən artıq yüksəldib.
Həm siyasi, həm iqtisadi, həm hərbi baxımdan qüdrətli dövlətdir. Güclü tərəfdaşdır, öz üzərinə götürdüyü öhdəliklərin hamısını yerinə yetirir və Azərbaycan etibarlı tərəfdaşdır. Dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli yaxşı əməkdaşlıqları var. Əməkdaşlıqlar hərbi sahədə də davam edir və bu proses onu göstərir ki, Azərbaycan dövlətinin həm müdafiə potensialı, dünyada yeni silahların istehsal edilməsi , Azərbaycan bu proseslərdən kənarda qalmır. Hətta bunlar onu deməyə əsas verir ki, yaxın illərdə dövlətimizin gücü və yeni istehsalı dünyada öz nüfuzunu daha da artıracaq, öncül sıralardan birini tutacaqdır".
Zeynəb Mustafazadə