Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhər kimi tarixə yazıldı- ÖZƏL

"44 günlük Vətən müharibəsindən 6 il keçir. 44 günün hər günü Azərbaycanın tarixinə Zəfər günləri kimi yazıldı. Elə gün olmadı ki, rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  hansısa şəhəri, kənd və qəsəbəni işğaldan azad etməsin. Cəbrayıl azad edilən ilk şəhərimizdir. O, Vətən müharibəsinin 8-ci günündə azadlığına qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 4 oktyabr tarixində xalqa müraciətində Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun 9 kəndinin (Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal) işğaldan azad edilməsi müjdəsini verdi və bu çağırışı etdi ki, biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib: "Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar. Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq.
Beləliklə, Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhər kimi tarixə yazıldı. Dövlət başçısı İlham Əliyev müraciətində bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını, əsgər və zabitləri  təbrik etdi. Qeyd edək ki, Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalı təsis olundu. Rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. 
O zamandan ötən 5 ilin reallıqları göz önündədir. Cəbrayıl şəhəri və kəndlər genişmiqyaslı bərpa-quruculuq işlərinin nəticəsi olaraq yeni həyata başlayıblar. Dövlətimizin başçısı İlham Əliyevin rayona səfərləri zamanı ictimaiyyət nümayəndələri ilə görüşlərinin hər biri gələcəyə yönələn  mühüm çağırışlarla tarixə yazılıb. Ölkə Prezidentinin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə ilk görüşündə ifadə etdiyi əminlik artıq reallıqdır. Bu gün dogma yurd-yuvalarına qayıdan  cəbrayıllılar böyük qürur və sevinc hissi ilə "Xoş gəlmisiniz, cənab Prezident" deyirlər. 4 oktyabr tariximizdə əbədi qalacaq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31