AQEM çərçivəsində media əməkdaşlığı ölkələr arasında əlaqələri gücləndirə bilər- ÖZƏL
13:10 SiyasətAzərbaycan AQEM çərçivəsində media və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə və informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Bunu Prezident İlham Əliyev Bakıda keçirilən AQEM Media Forumunun iştirakçılarına müraciətində deyib. Dövlət başçısı müxtəlif media qurumları arasında tərəfdaşlıq əlaqələrinin və AQEM üzv dövlətlərinin media nümayəndələrinin Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə iştirakının praktiki əməkdaşlıq üçün imkan yaratdığını bildirib.
AQEM çərçivəsində media sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın üzv dövlətlərlə siyasi və diplomatik əlaqələrinə hansı imkanları yarada bilər? İnformasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsi AQEM məkanında qarşılıqlı etimadın və ölkələr arasında kommunikasiya imkanlarının gücləndirilməsinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Hesab edirəm ki, bütün bu əməkdaşlıq məsələləri, qarşılıqlı çalışmalar, münasibətlərin, əlaqələrin genişlənməsinə təsir edən bir amildir. Xüsusən, informasiya mübadiləsinin genişlənməsinə təsir edən bir amildir.
İndiki müasir dünyada biz görürük ki, yanlış informasiyaların yayılması ilə, zərərli informasiyaların yayılması ilə hansı problemlər ortaya çıxır. Bu mövzuda da beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi, media qurumlarının, jurnalistlərin kommunikasiya imkanlarının gücləndirilməsində rolunun artması- bütün bunlar hamısı müsbət məqamlardır. Və ölkələr arasında qarşılıqlı etimad da sağlam, sivil, normal informasiya mübadiləsinin, informasiyanın alınmasının və ötürülməsinin formalaşdırdığı bir məsələdir. Yəni, ölkələr arasında, xalqlar arasında yaşanan gərginliklərə, yanlış informasiyaların yayılmasına təbii ki, çox böyük təsir edir. Qarşılıqlı etimadın formalaşmasında medianın, informasiyanın çox böyük rolu vardır.
Düşünürəm ki, AQEM məkanında da bu toplantının keçirilməsi, bundan sonrakı toplantıların, çalışmaların həyata keçirilməsi proseslərə çox ciddi şəkildə təsir edəcək. Əsasən, düzgün informasiyanın yayılması, doğru informasiyanın yayılması qarşılıqlı etimad mühitinin formalaşmasında öz mühüm rolunu oynamış olacaq".
Zeynəb Mustafazadə