“Azərbaycan Cümhuriyyəti tarixi” adlı ikicildlik monoqrafiya nəşr edilib- ÖZƏL

Tarix elmləri doktoru, professor, Milli Məclisin sədr müavini Musa Qasımlının "Azərbaycan Cümhuriyyəti tarixi" adlı ikicildlik monoqrafiyası nəşr edilib. "Olaylar" xəbər verir ki, bu barədə müəllif özü məlumat verib: "Əsası Mustafa Kamal Atatürk tərəfindən qoyulmuş Türk Tarix Qurumu iki cildlik "Azərbaycan Cümhuriyyəti tarixi. I cild (1991-2003)  (407 səhifə), II cild (2003-2024) (566 səhifə) monoqrafiyamı nəşr etməklə dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə  Azərbaycan Respublikasının keçdiyi tarixi yolu bilmək istəyən Türkiyənin, türk dünyasının, müxtəlif ölkələrin Azərbaycan tarixi mütəxəssislərinə və tədqiqatçılarına hədiyyə verdi. 1991-2024-cü illərdə siyasi tariximizə həsr olunmuş bu ilk əsəri çap etmək Türk Tarix Qurumunun böyük xidməti olduğundan rəhbərliyinə, sərt qaydalara əsasən elan edilmədiyindən ad və soyadlarını bilmədiyim rəyçilərə, əməyi keçən hər bir şəxsə minnətdaram.
        Dövlət müstəqilliyinin bərpa edildiyi 1991-ci ildən 2024-cü ilədək Azərbaycan xalqı böyük bir yol keçib. Bu yolun dünya tarix elmində qəbul edilmiş tədqiqat metodlarına uyğun olaraq araşdırılıb müxtəlif ölkələrinin elmi ictimaiyyətinə çatdırılması başlıca vəzifələrdən biridir.
        Əsərin 1991-2003-cü illəri əhatə edən birinci cildində Azərbaycanın dövlət müstəqilliyinin qazanılması ərəfəsində daxili və beynəlxalq şərait, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddialarının başlanması və ilk nəticələri, dövlət müstəqilliyinin bərpası yolunda atılan ilk addımlar, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda qəbul edilən qərarlar, dövlət müstəqilliyinin bərpası, Ermənistanın Xocalıda törətdiyi soyqırımı, ərazilərin işğalı, 1991-1993-cü illərdə Azərbaycanda yaranmış ağır şərait, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə xalqın dövlət müstəqilliyini itirmək, ölkənin xaricdən dəstəklənən separatçılıqla parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtarılması, ATƏT-in Minsk qrupunun fəaliyyəti, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri, daxili və xarici siyasətdə həyata keçirilən tədbirlər, Ermənistanla atəşkəsin məqsədləri, "Əsrin müqaviləsi"nin imzalanması və ona qarşı hərəkətlər, sui-qəsd, çevriliş və qiyam cəhdləri, Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbul edilməsi, ölkənin nəqliyyat-kommunikasiya qovşağına çevrilməsindən ötrü yürüdülən fəaliyyətlər, enerji siyasəti və neft ixrac boru kəmərləri məsələsi, demokratik islahatlar, ölüm hökmünün ləğv edilməsi, beynəlxalq terrorçuluğa qarşı mübarizədə Azərbaycanın iştirakı, güclü dövlətin qurulması, dünya azərbaycanlıları ilə əlaqələr və s. məsələlər ən mötəbər mənbələrin əsasında şərh və təhlil edilib.
      Əsərin ikinci cildində  2003-cü il 15 oktyabr tarixində keçirilmiş seçkilərdən sonra Prezident İlham Əliyevin elan etdiyi qarşıda dayanan başlıca məqsəd və vəzifələr, Bakı-Tiflis-Kars dəmir yolunun təməlinin atılması, Azərbaycan dövlətinin "yumşaq güc" siyasətinin rəmzi kimi Heydər Əliyev Fondunun fəaliyyətləri, 2008-ci il Prezident seçkiləri, 2009-cu il konstitusiya referendumu, Azərbaycan Respublikasının birləşdirici güc rolu, Türk Dövlətləri Təşkilatının yaradılması, Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi,  BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi, 2013-cü il Prezident seçkiləri və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi, 2016-cı il aprel döyüşləri və nəticələri, 2016-cı il konstitusiya islahatları, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident seçilməsi, 2018-ci il növbədənkənar Prezident seçkiləri, Günnüt əməliyyatı, Ermənistanın avantüralarına, dövlət sərhədində törətdiyi təxribatlara Azərbaycanın cavabları, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin səbəbləri, xarakteri və gedişi, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclası, Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşanın işğaldan azad edilməsi, hərbi əməliyyatların dayandırılması, Prezident İlham Əliyevin dünyanın müxtəlif ölkələrinin aparıcı media qurumlarına müsahibələri, xalqa müraciətləri, işğalçı ölkənin Ağdam, Kəlbəcər və Laçını boşaltmağa məcbur edilməsi, Vətən müharibəsində qazanılan qələbənin səbəbləri, Azərbaycan, Cənubi Qafqaz, türk dünyası və bütün əzilən xalqlar üçün tarixi əhəmiyyəti, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, xarici siyasətdə qazanılan uğurlar, türk dünyasının birliyi yolundakı fəaliyyətlər, Bakıda Hərbi Qənimətlər Parkının qurulması və işğaldan qurtarılan torpaqlarda tikinti-quruculuq işləri, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsi, iqtisadi regionların yeni bölgüsü, Prezident İlham Əliyevin BMT Baş Məclisinin 76-cı sessiyasında nitqi, 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılığın kökünün tamamilə kəsilməsi, dövlətin suverenliyinin tam bərqərar edilməsi və ölkə həyatında yeni dövrün başlanması, 2024-cü ildə növbədənkənar Prezident seçkiləri, Prezident İlham Əliyevin andiçmə mərasimində dediyi "bizim ailəmiz türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur" və b. məsələlər araşdırılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31