Heydər Əliyevin dövlətçilik irsində xarici siyasət xüsusi əhəmiyyət daşıyırdı- ÖZƏL
13:05 Siyasət"Ulu Öndərin siyasi fəaliyyətində iqtisadi müstəqilliyin möhkəmləndirilməsi başlıca prioritetlərdən sayılırdı. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" xarici sərmayələrin ölkəyə cəlb olunması, enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması və Azərbaycanın uzunmüddətli iqtisadi maraqlarının təmin edilməsi baxımından mühüm önəm kəsb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Bu strategiya sonrakı illərdə ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, yeni ixrac marşrutlarının formalaşmasına və iqtisadi inkişaf üçün əlavə imkanların yaranmasına şərait yaratdı. Ümummilli Lider Heydər Əliyev qeyd etmişdir: "Biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Bizim bu gün gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir".
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin mühüm istiqamətlərindən biri müstəqil dövlətin hüquqi əsaslarının formalaşdırılması idi. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) nəticəsində qəbul edildi. Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərini, insan hüquq və azadlıqlarının təminatını və hakimiyyət bölgüsünü müəyyən edən fundamental hüquqi sənədə çevrildi. Bununla yanaşı, ölkədə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokratik institutların formalaşdırılması və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm addımlar atıldı.
Heydər Əliyevin dövlətçilik irsində xarici siyasət xüsusi əhəmiyyət daşıyırdı. Milli maraqlara əsaslanan və müxtəlif dövlətlərlə, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə xidmət etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkənin ərazi bütövlüyünün müdafiəsi və münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllinə nail olunması diplomatik fəaliyyətin əsas istiqamətlərindən birini təşkil edirdi".