Kürmük məbədi mübahisəsi: Bakı və Tiflis arasında etimadsızlıq yaratmaq cəhdi? – ÖZƏL

Gürcüstan Patriarxlığının Qaxdakı Kürmük məbədi ilə bağlı bəyanatı Bakı və Tiflis arasında müzakirələrə səbəb olub. Patriarxlığın məbəddəki bərpa işləri ilə bağlı narahatlığına cavab olaraq Azərbaycan XİN bunu qəbuledilməz sayıb və bəyanatda ərazi iddialarının yer aldığını bildirib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə tərəflər arasında gərginliyin olmadığını və məsələlərin dostluq mühitində həll edildiyini vurğulayıb. Eyni zamanda, Gürcüstanda ekspertlər (məsələn, Zaza Bibilaşvili) Patriarxlığın mövqeyini tənqid edərək, bu gərginlikdə İki ölkə münasibətlərini pozmaq istəyən "Rusiya izi"nin ola biləcəyini istisna etmirlər.

"Kürmük məbədi ətrafında yaranmış mübahisəyə emosional deyil, siyasi və hüquqi reallıqlar prizmasından yanaşmaq lazımdır. Əvvəla, söhbət Azərbaycanın Qax rayonunda yerləşən tarixi abidədən gedir. Azərbaycan Xarici İşlər Nazirliyinin də vurğuladığı kimi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü müzakirə predmeti ola bilməz. Eyni zamanda Gürcüstan Baş naziri İrakli Kobaxidzenin açıqlaması da mühüm mesajdır. O bildirir ki, Azərbaycanla Gürcüstan arasında hər hansı gərginlik yoxdur və məsələlər dostluq mühitində müzakirə edilir. Məncə, məhz bu yanaşma qorunmalıdır".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki,  Azərbaycan-Gürcüstan münasibətləri adi qonşuluq münasibətləri deyil. Bu iki ölkə enerji, nəqliyyat, kommunikasiya və Orta Dəhliz kimi strateji layihələrdə bir-birinə bağlı tərəfdaşlardır. Bu münasibətlərin pozulması yalnız Bakı və Tbilisinin deyil, bütövlükdə regionun maraqlarına zərər verə bilər. Burada "Rusiya izi" barədə səsləndirilən fikirlərə də diqqət yetirmək lazımdır. Əgər hansısa xarici qüvvə belə həssas dini və tarixi mövzudan istifadə etməyə çalışırsa, məqsəd iki ölkə arasında etimadsızlıq yaratmaq və mövcud əməkdaşlıq formatlarını zəiflətmək ola bilər. Amma konkret sübut olmadan bunu təsdiqlənmiş fakt kimi təqdim etmək düzgün deyil...

"Məncə əsas məsələ budur ki, tarixi və dini irslə bağlı bütün məsələlər qarşılıqlı hörmət və dialoq yolu ilə həll edilə bilər. Lakin heç bir halda bu mövzular Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan siyasi iddialara çevrilməməlidir. Azərbaycan və Gürcüstanın strateji maraqları ayrı-ayrı mübahisələrdən daha böyükdür. Ona görə də bu məsələni gərginlik mənbəyinə deyil, diplomatik dialoq vasitəsilə həll ediləcək bir məsələ kimi görmək lazımdır", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31