“Artsax TV”nin fəaliyyətini dayandırması nəyi göstərir?- Politoloqdan açıqlama ÖZƏL
13:00 SiyasətMəhv olmuş keçmiş qondarma rejimin "Artsax TV" adlı "televiziya kanalı" fəaliyyətini dayandırıb.
Bu barədə kanalın "direktoru" Hrayr Avetisyan sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, kanal hazırkı heyətlə fəaliyyətini yekunlaşdırır və platformadan istifadə hüququ başqa bir QHT-yə verilib.
Qeyd edək ki, "Artsax TV" Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş ləğv olunmuş qanunsuz qurumun təbliğat ruporu kimi çıxış edib.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:
" "Artsax TV"ni adi media qurumu kimi qiymətləndirmək doğru deyil. Bu platforma Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş separatçı və qanunsuz rejimin təbliğat ruporu, həmin strukturun fəaliyyətini informasiya müstəvisində legitimləşdirməyə çalışan əsas vasitələrdən biri olub. Buna görə də onun fəaliyyətini dayandırması sıradan bir televiziya kanalının bağlanması yox, separatçı ideologiyanın informasiya dayaqlarından birinin sıradan çıxması kimi qiymətləndirilməlidir.
Platformanın başqa QHT-yə verilməsi isə məsələyə diqqətlə yanaşmağı tələb edir. Burada əsas məsələ platformanın texniki olaraq kimə verilməsi deyil, bundan sonra hansı məzmunun yayımlanacağıdır. Əgər yeni istifadəçi əvvəlki separatçı təbliğat xəttini davam etdirməsə, bu resursun informasiya kimliyinin dəyişməsi mümkündür. Əks halda, sadəcə platformanın sahibinin dəyişməsi əvvəlki təbliğat mexanizminin başqa formada qorunması cəhdi ola bilər.
Azərbaycan baxımından daha mühüm məqam ondan ibarətdir ki, Qarabağda separatçı rejimin siyasi və hərbi infrastrukturu ilə yanaşı, onun informasiya infrastrukturu da tədricən öz əvvəlki funksiyasını itirir. Uzun illər ərzində müxtəlif media və informasiya resursları vasitəsilə Qarabağ həqiqətlərinin təhrif edilməsi, separatizmin legitim siyasi proses kimi təqdim olunması və beynəlxalq ictimai rəydə yanlış təsəvvürlərin formalaşdırılması istiqamətində fəaliyyət aparılıb.
İndi isə həmin sistemin əsaslandığı siyasi reallıq artıq mövcud deyil. Bu, Ermənistan cəmiyyətində də Qarabağla bağlı əvvəlki təbliğatın təsir imkanlarını məhdudlaşdıra bilər. Təbii ki, separatçı narrativlər bir gündə yox olmur, onlar sosial şəbəkələr, diaspor və müxtəlif QHT-lər vasitəsilə yaşadıla bilər. Lakin onların əvvəlki kimi vahid və institusional informasiya dayaqlarına malik olmaması mühüm dəyişiklikdir.
Ona görə də "Artsax TV"nin fəaliyyətinin dayandırılmasını yalnız bir kanalın bağlanması kimi deyil, Qarabağdakı separatizmin informasiya sisteminin də tədricən dağılmasının göstəricisi kimi qiymətləndirmək lazımdır".
Zeynəb Mustafazadə