7,5 milyard yuanlıq fond Azərbaycanın iqtisadi imkanlarını necə dəyişə bilər?- İqtisadçıdan açıqlama - ÖZƏL

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Çinin "Silk Road Fund" (İpək Yolu Fondu) arasında Birgə İnvestisiya Fondunun yaradılması elan olunub. Ümumi kapitalı 7,5 milyard Çin yuanı (təxminən 1 milyard ABŞ dolları) olan fond Azərbaycanda və "Bir Kəmər, Bir Yol" təşəbbüsünə daxil olan digər ölkələrdə sənaye, enerji və maliyyə kimi prioritet sahələrə uzunmüddətli kapital cəlb edəcək. Bu təşəbbüs tərəflər arasında 2025-ci ilin aprelində imzalanmış Çərçivə Sazişinə və qarşılıqlı iqtisadi əməkdaşlığın dərinləşdirilməsi planlarına dayanır.
Bu fond Azərbaycan iqtisadiyyatına hansı əsas dividentləri gətirəcək? Layihə Azərbaycanın "Bir Kəmər, Bir Yol" təşəbbüsündəki mövqeyini necə dəyişəcək?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı  Akif Nəsirli Olaylar.az-a açıqlama verib:

" Bu fondun əsas üstünlüyü yalnız Azərbaycana əlavə 1 milyard dollar kapital gətirməsi deyil. Daha mühüm məsələ odur ki, Azərbaycan Çin kapitalının cəlb olunması üçün ayrıca və daha institusional mexanizm əldə edir. Fond  Azərbaycanda və digər "Bir Kəmər, Bir Yol" ölkələrində infrastruktur, enerji və resurslar, sənaye və maliyyə sahələrində layihələri maliyyələşdirə biləcək. Bu istiqamətlər 2025-ci ildə imzalanmış Çərçivə Sazişində də müəyyənləşdirilmişdi.
Azərbaycan iqtisadiyyatı üçün ilk dividend uzunmüddətli kapitala çıxışın genişlənməsi ola bilər. Fondun vəsaiti yalnız dövlət büdcəsindən maliyyələşən layihələrə alternativ mənbə yarada bilər. Xüsusilə sənaye, enerji, logistika, nəqliyyat infrastrukturu və maliyyə sektoruna yönələn layihələr real iqtisadi aktivlərin və istehsal imkanlarının genişlənməsinə xidmət edə bilər. Bununla yanaşı, fondun yaradılması avtomatik olaraq 1 milyard dolların Azərbaycana daxil olması demək deyil. Bu vəsait layihələr seçildikcə və investisiya qərarları qəbul edildikcə mərhələli şəkildə istifadə olunacaq. AİH də bildirir ki, fond investisiya imkanlarının birgə qiymətləndirilməsi və perspektiv layihələrin maliyyələşdirilməsi üçün çərçivə yaradacaq.
İkinci mühüm dividend Azərbaycanın qeyri-neft sektoruna xarici kapitalın cəlb edilməsi imkanlarının artmasıdır. Hazırda Azərbaycanın ixracında neft-qaz sektorunun payı hələ də çox yüksəkdir, baxmayaraq ki, qeyri-neft sektorunun ÜDM-də payı 70 faizdən artıqdır. Buna görə yeni investisiyaların sənaye, emal, logistika, enerji və digər qeyri-neft sahələrinə yönəldilməsi iqtisadiyyatın şaxələndirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycanın "Bir Kəmər, Bir Yol" təşəbbüsündə mövqeyinə gəlincə, burada söhbət sadəcə tranzit ölkə statusundan daha geniş rol əldə etməkdən gedə bilər. Azərbaycan artıq Çinlə Avropa arasında Orta Dəhlizin əsas marşrutlarından birinin üzərində yerləşir. Birgə fond isə bu marşrut boyunca yalnız yük daşınmasına deyil, istehsal, logistika, enerji və maliyyə layihələrinə də Çin kapitalının yönəldilməsi üçün əlavə imkan yaradır.
Xüsusilə fondun Azərbaycanın hüdudlarından kənarda, digər "Bir Kəmər, Bir Yol" ölkələrində də layihələrə investisiya edə bilməsi maraqlı məqamdır. Bu, Azərbaycanı yalnız Çin investisiyasını qəbul edən ölkə deyil, müəyyən layihələrdə Çin kapitalı ilə birlikdə üçüncü ölkələrə sərmayə yönəldən tərəf kimi də çıxış etmək imkanına yaxınlaşdıra bilər.
Burada Azərbaycanın əsas üstünlüyü coğrafi mövqeyini maliyyə aləti ilə birləşdirməkdir. Əgər Orta Dəhliz üzrə yeni logistika mərkəzləri, sənaye parkları, enerji layihələri, rəqəmsal infrastruktur və emal müəssisələri məhz bu fond vasitəsilə maliyyələşdirilərsə, Azərbaycan tranzit məntəqəsindən əlavə regional investisiya və istehsal platformasına çevrilmək imkanını gücləndirə bilər.
Amma fondun real iqtisadi nəticəsi ayrılacaq vəsaitdən çox, seçiləcək layihələrin keyfiyyətindən asılı olacaq. Əgər kapital əsasən gəlir gətirən, ixrac potensialı yaradan və əlavə özəl investisiyanı ölkəyə gətirən layihələrə yönəldilərsə, təsir daha böyük olacaq. Əksinə, vəsaitin yalnız mövcud dövlət layihələrinin maliyyələşdirilməsinə yönəlməsi fondun iqtisadi əlavə dəyərini məhdudlaşdıra bilər.
Bu baxımdan 7,5 milyard yuanlıq fond Azərbaycan-Çin iqtisadi münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər: əsas məsələ 1 milyard dollarlıq kapitalın elan olunması deyil, həmin kapitalın Azərbaycanın istehsal, ixrac və tranzit imkanlarını nə qədər artıracağıdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31