AQEM məkanında yeni mərhələ: Media vasitəsilə diplomatik əlaqələrin gücləndirilməsi – ÖZƏL

"AQEM çərçivəsində media sahəsində əməkdaşlıq, sözsüz ki, üzv dövlətlərlə siyasi və digər əlaqələrdə mühüm rol oynayır. Media Forumuna ölkə başçısı cənab İlham Əliyev müraciət ünvanlayıb və dövlət başçısının müraciətində Azərbaycanın AQEM-ə sədrlik etdiyi dövrdə gördüyü işlər, o cümlədən Azərbaycan tərəfindən sədrliyi dövründə ilk Media Forumunun keçirilməsi məsələsi də qeyd olunub. Bu, Zirvə görüşü ərəfəsində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mühüm tədbirdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib: "Prezident İlham Əliyev çıxışında qeyd edib ki, dünyada hazırda mürəkkəb proseslər baş verir və bu mürəkkəb proseslər çərçivəsində yeni texnoloji imkanlardan, sosial şəbəkələrdən istifadə edilməklə media artıq yalnız informasiya almaq və yaymaq vasitəsi deyil, həm də ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm alətidir. Sözsüz ki, məhz belədir. Media həm ictimai diplomatiyanı, həm qarşılıqlı anlaşmanı yarada bilər, yaxud əksinə, bu anlaşma yox, konfliktə çevirə bilər. Biz bunu son dövrlər dünyanın müxtəlif yerlərində gedən müharibələrdə görmüşük. Dezinformasiyaların nəyə gətirib çıxara bildiyinin şahidi olmuşuq. Belə məlumatlar sülhə yox, eskalasiyanın daha da güclənməsinə gətirib çıxara bilər. Yaxud əksinə, mediadan normal və düzgün istifadə olunanda bu imkanlar yeni dünyada qarşıdurmaya yox, diplomatik əlaqələrin gücləndirilməsinə və qarşılıqlı anlaşmanın inkişafına xidmət edə bilər. Məhz buna görə də bu forumun keçirilməsi bu baxımdan çox mühüm məsələdir. İstər ənənəvi media, istərsə də müasir media - mən burada sosial şəbəkə istifadəçilərini, bloqerləri və s. nəzərdə tuturam - üzv dövlətlər arasında, yəni 28 üzv dövlətdən ibarət olan AQEM məkanında etimadı daha da gücləndirə bilər. Bu dövlətlər haqqında real informasiyaların yayılması, real münasibətlərin qurulması sözsüz ki, siyasi və diplomatik əlaqələrə də öz töhfəsini verir.

Ekspert bildirib ki, AQEM məkanında qarşılıqlı etimadın və ticarət-kommunikasiya imkanlarının gücləndirilməsində informasiya mübadiləsi çox mühüm rol oynaya bilər. Sevindirici haldır ki, ilk Media Forumu Azərbaycanda, Azərbaycanın təşəbbüsü ilə keçirilir. Bunu forum iştirakçılarından Prezidentin nümayəndəsi Xələf Xələfov da qeyd edib. Yəni bütün dünyada media vasitəsilə etimadın qurulması, adından göründüyü kimi, bu etimadın formalaşmasında kommunikasiya imkanlarının çox mühüm rol oynadığını göstərir. Xələf Xələfov da qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə AQEM-də media sahəsi Azərbaycanın gündəliyində prioritet məsələlərdən biri olub və bu, qarşılıqlı münasibətlərin, kommunikasiya imkanlarının gücləndirilməsində mühüm rol oynaya bilər. Media, informasiya mübadiləsi, ölkələrin bir-biri haqqında dəqiq informasiya alması, ölkələrin və xalqların bir-birini daha yaxşı tanıması təbii ki, kommunikasiya imkanlarının gücləndirilməsinə xidmət edir. Bu da indiki vaxtda bütün dünyanın əsas diqqətinin AQEM-ə yönəldiyi bir şəraitdə çox mühüm amildir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31