Ulu öndər ölkəni qarşılaşdığı ağır siyasi böhrandan xilas etdi- ÖZƏL
12:13 Siyasət"1993-cü il 3 oktyabr Azərbaycan dövlətçilik tarixinin ən mühüm siyasi hadisələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Həmin gün keçirilmiş prezident seçkilərində xalqın böyük əksəriyyətinin etimadını qazanan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin müstəqillik tarixində yeni mərhələnin başlanğıcı oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Bu tarixi seçim, ilk növbədə, dövlətçiliyin qorunub saxlanılması, ictimai-siyasi sabitliyin təmin edilməsi, müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm dönüş nöqtəsi idi. Müstəqilliyin ilk illəri Azərbaycan üçün son dərəcə mürəkkəb siyasi, iqtisadi və hərbi proseslərlə müşayiət olunurdu. Ölkədə siyasi qeyri-sabitlik hökm sürür, dövlət idarəçiliyində ciddi problemlər yaşanır, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, cəmiyyətin gələcəyə inamı ciddi sınaqlarla üzləşirdi. Belə bir mürəkkəb tarixi şəraitdə Azərbaycan xalqının Heydər Əliyevə olan inamı və onun siyasi təcrübəsinə ehtiyacı daha aydın şəkildə özünü göstərdi. 1993-cü il iyunun 9-da Heydər Əliyevin Bakıya qayıdışı və iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi dövlətçilik tariximizdə mühüm mərhələ oldu.
Ölkənin qarşılaşdığı ağır siyasi böhranın aradan qaldırılması, vətəndaş qarşıdurması təhlükəsinin qarşısının alınması və dövlət idarəçiliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Xalqın iradəsi ilə 3 oktyabr prezident seçkilərində Heydər Əliyevin dövlət başçısı seçilməsi isə bu siyasi prosesin məntiqi nəticəsi kimi Azərbaycan dövlətçiliyinin yeni inkişaf mərhələsinin əsasını qoydu".