Səfəvi dövrünə aid Qırmızı körpü dağıdılır-“Bu, mədəni vandalizmdir” “Bu, mədəni vandalizmdir”-ÖZƏL
11:28 SiyasətXəbər verildiyi kimi Güney Azərbaycanın Ərdəbil əyalətində yerləşən tarixi Qırmızı körpünün bəzi hissələri dağıdılıb və bu günə kimi bərpa edilməyib. Yerli mədəni fəalların yaydığı məlumata görə, dağıntıya səbəb tarixi əşya qaçaqmalçılarının qanunsuz qazıntıları olub. Qəribədir ki, olayhla bağlı əyalətin mədəni İrs və başqa əlaqədar qurumları heç bir tədbir görməyib.
Qeyd edək ki, Qırmızı körpü Ərdəbil-Nəmin yolunun 7 kilometrliyində Balıqlı çay üzərində Səfəvi dövründə tikilib.

Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli Olaylar.az-a açıqlamasında hadisənin təsadüfi olmadığını bildirib:
"Güney Azərbaycanın tarixi və mədəni irsi uzun illərdir ki, məqsədli etnosid və assimilyasiya siyasətinin hədəfindədir. Ərdəbil əyalətində yerləşən Səfəvi dövrünə ait tarixi Qırmızı körpünün dağıdılması da bu siyasətin növbəti bariz nümunəsidir. Tarixi əşya qaçaqmalçılarının qanunsuz qazıntıları nəticəsində ciddi xəsarət alan bu memarlıq abidəsi göz görə-görə talan edilir. Regional Mədəni İrs İdarəsi və digər aidiyyəti dövlət qurumları abidənin bərpası üçün heç bir əməli tədbir görmür və baş verənlərə seyrçi qalır. Yerli mədəni fəalların həyəcan təbilinə və xəbərdarlıqlarına baxmayaraq, dövlət səviyyəsində göstərilən bu soyuqqanlılıq təsadüfi xarakter daşımır. Pəhləvi rejimi dövründən bəri davam edən fars şovinizmi Güney Azərbaycandakı türk kimliyini və tarixi izləri yox etməyi ana xətt kimi götürüb. Qırmızı körpü Səfəvi imperiyasının və türklüyün parlaq memarlıq irsidir. Şovinist dairələrin əsas məqsədi regionun tarixi keçmişini silməklə bölgəni addım-addım türksüzləşdirməkdir. Mədəni abidələri qorumamaq, onları aşınmaya və məhvə məhkum etmək hiyləgər farslaşdırma strategiyasının görünməyən tərəfidir. Tarixi abidələri saxtalaşdırmaq və ya dağılmasına göz yummaqla Türk millətinin öz kökləri ilə olan mənəvi bağlarını qarmaq istəyirlər".
Elman Cəfərli deyib ki, Güney Azərbaycanda əvvəllər də oxşar hadisələr baş verib: "Oxşar taleyi bundan əvvəl Urmiya gölü, Təbriz Ərk qalası və digər onlarca tarixi-mədəni sərvətimiz də yaşayıb. İran hakimiyyəti Türk-Səfəvi irsini sistemli şəkildə unutdurmağa və gələcək nəsillərə çatdırılmasının qarşısını almağa çalışır. Lakin unutmaq olmaz ki, bir xalqın daşlara həkk olunmuş tarixi sistemli laqeydliklə tamamilə silinə bilməz. Günaz.tv kimi müstəqil media resurslarının və fəalların bu vandalizmi işıqlandırması milli şüurun qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Qırmızı körpünün taleyi yalnız bir memarlıq nümunəsinin deyil, bütöv bir xalqın mədəni varlıq mübarizəsinin təzahürüdür. Güney Azərbaycan xalqı öz soykökünə, dilinə və tarixi irsinə sahib çıxaraq bu assimilyasiya siyasətinə qarşı direnişini davam etdirəcəkdir".