Suriyada İsrail Trükiyə savaşının regional təhlükəsizlik və geosiyasi tərəfləri- ÖZƏL

İsrail niyə Ankaranı əsas rəqib kimi görür və hadisələr necə inkişaf edə bilər ?

Hazırda İsrail-Türkiyə strateji rəqabət və qarşıdurmasının mərkəzi Suriyadır.  Suriyada  8 dekabr 2024-cü ildə Bəşər Əsəd hökuməti  Təhrir əl-Şamın başçılıq etdiyi Suriya müxalifətinin irimiqyaslı hücumları nəticəsində süqut etdikdən sonra Ankaranın əsas rəqibinin Təl-Əviv olacağı şübhə doğurmurdu.  Suriyanın Türkiyə ilə müttəfiqlik mövqeyindən çıxış edən Heyət Təhrir əş-Şam (HTŞ) rəhbərlik etdiyi müxalifət koalisiyasının nəzarətinə keçməsi, ABŞ-ın bu keçidi himayə etməsi İsraildə son illərin ən böyük çağırışı və əsas regional təhdid kimi dəyərləndirilir. Bu İsrailin Türkiyəni, ərəb hərakatlarını, İranın nəzarətində olan qrupları  təzyiq altında saxlamaq, regiona təsir emtək üçün son onillikdə formalaşdırdığı strategiyanı, alətləri tamamilə sıradan çıxarır. Belə ki, İsrail əsasən Türkiyəyə, Əsəd diktaturasına, ərəb milliyətçiliyinə və İrana  qarşı vuruşan, kürd qruplaşmalarını təşkil etmək, silahlandırmaq, mərkəzi hökumətlərin nəzarətindən kənar boz zonalar yaratmaqla öz təsirini saxlayırdı. ABŞ isə fərqli maraqlardan, xüsusən Rusiya, İran və Çinin təsirinə qarşı bu strategiyanı dəstəkləyirdi. Rusiyanın zəifləməsi ilə tarazlıq əmsalları dəyişdi, ABŞ yanaşmasını dəyişdi. Vaşinqton əvvəlki məqsədllərini saxlamaqla Türkiyənin üzərindən yeni  tarazlaşdırma sistemi yaratmağa qərar verdi, artıq kürdlər  hamıya qarşı vuruşan döyüşçülər kimi deyil, yeni konstruksiyanın əsas sütunu olaraq, hamı ilə barışan, əməkdşalıq edən amil kimi əhəmiyyət qazandılar. 

İsrail öz maraqlarını qorumaq üçün nə edir?

Bu yeni düzəndə İsrail öz maraqlarını qorumaq, Türkiyə üçün starteji məhdudiyyətlər və öhdəliklər yaratmaq üçün bütün mümkün vasitələrə əl atır. Hazırda Suriya bütün yaxın Şərq, Aralıq dənizi, Afrikanın Şimal-Qərbi, MDB məkanı daxil olmaqla İsrail-Türkiyə rəqabət və qarşıdurmasının mərkəzinə çevirilib. İsrail ABŞ-ın Türkiyə üçün strateji məhdudiyyətlər müəyyən etməsini, Ankaranın isə ambisiyalarını azaltmasına çalışır. Təzyiq aləti kimi kürd amili artıq işləmir, druzlara əməkdaşlıq kürlərlə əməkdaşlıq kimi effektiv deyil, məhz buna görə Təl-Əviv regiona böyük müharibə  təhdidi ilə Ankaraya təzyiq etməyə cəhd göstərir. 

Suriyanın strateji önəmi

Suriyanın strateji coğrafi yerləşməsi, onun qlobal güclərin toqquşma nöqtəsi, mühüm ticarət qovşağı və geosiyasi mübarizə meydanı olmasını şərtləndirən ən mühüm amildir. Ölkə Asiya, Avropa və Afrikanın kəsişməsində yerləşərək bütöv bir regionun təhlükəsizlik və ticarətinə nəzarət etmək imkanı verir.  Suriya üç qitənin qovşağında yerləşməklə qədim dövrlərdən bəri Şərqlə Qərbi birləşdirən İpək Yolunun ən kritik keçid məntəqəsi olmuşdur. Bu gün də Körfəz ölkələrini və İraqı Türkiyə vasitəsilə Avropaya bağlayan əsas quru nəqliyyat dəhlizləri məhz bu torpaqlardan keçə bilər. Aralıq dənizi Suriyaya qlobal dəniz ticarətində birbaşa iştirak imkanı verir. Buradakı Latakiya və Tartus limanları strateji əhəmiyyət daşıyır. 
Suriya  Yaxın Şərqin enerji resurslarının Avropa bazarlarına çatdırılması üçün ən qısa tranzit marşrutudur. Körfəz və İraq qazını Aralıq dənizinə və Türkiyəyə daşıyacaq boru xətti layihələri bu ölkəni qlobal enerji təhlükəsizliyinin əsas düyün nöqtəsinə çevirir. Yaxın Şərqin ən mühüm su arteriyalarından olan Fərat çayının Suriya ərazisindən keçməsi ölkəyə ciddi ekoloji və siyasi rıçaqlar qazandırır. 

Ankaranın sabitləşdirmə strategiyası 

Ankara, paytaxt Şamda prezident Əhməd əş-Şəranın rəhbərlik etdiyi yeni hökuməti dəstəkləyir və onun legitimliyini qorumağa çalışır. Türkiyə üçün əsas hədəf sabit, güclü və mərkəzləşdirilmiş bir Suriya dövlətinin qurulmasıdır. Güclü mərkəzi hökumət Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin edə, qaçqınların geri qayıtmasına şərait yarada və radikal qrupların boşluqlardan istifadə etməsinin qarşısını ala bilər. İsrail isə Şamda Türkiyənin təsiri altında olan və islamçı köklərə malik yeni bir hərbi-siyasi nizamın güclənməsinə şübhə ilə yanaşır. İsrailin strateji yanaşması  Suriyanın tam mərkəzləşməsini əngəlləmək, onu zəif və fraqmentasiyaya uğramış vəziyyətdə saxlamaqdır. İsrail rəhbərliyi, Suriya ordusunun Türkiyənin dəstəyi ilə yenidən güclü hərbi potensial qazanmasını gələcəkdə öz təhlükəsizliyinə qarşı "İran təhdidindən daha təhlükəli" bir cəbhə kimi qiymətləndirir. 

İsrail- Türkiyə rəqabətinin sərhədləri

İsrail, Colan təpələrinin şimalında birtərəfli qaydada təhlükəsizlik zonası qurub və öz sərhədlərini qorumaq üçün Suriya hava məkanında mütləq sərbəstlik tələb edir. İsrail iddi edir ki, Türkiyənin Suriya ordusunu təlimləndirməklə yanaşı hərbi bazalarını, Əbu əd-Duhur hərbi aerodromunu  cənuba doğru genişləndirməyə cəhd edir.  Bu isə İsrail tərəfindən birbaşa "qırmızı xətt" kimi qəbul olunur və İsrail ordusu bu hərbi obyektləri aviazərbələrlə hədəf alır. 
Rəcəb Tayyib Ərdoğan və Türkiyə Xarici İşlər Nazirliyi İsrailin bu hücumlarını Suriyanın ərazi bütövlüyünü pozmaq və sabitliyi baltalamaq cəhdi kimi pisləyir. Türkiyə, İsrailin hərbi təzyiqlərinin Şamın idarəetmə qabiliyyətini zəiflətdiyini və İŞİD kimi ekstremist qruplara yenidən meydan açdığını bəyan edir. 
Suriyadakı münaqişə həm də Şərqi Aralıq dənizindəki geosiyasi rəqabətin bir parçasıdır. Türkiyə Suriya sahillərində və Aralıq dənizində öz dəniz doktrinasını ("Mavi vətən") möhkəmləndirməyə çalışarkən, İsrailin Kipr və Yunanıstanla birgə formalaşdırdığı enerji və təhlükəsizlik oxuna ("EastMed" layihəsi və s.) qarşı müqavimət göstərir. Suriyada üstünlük qazanmaq hər iki tərəfə Aralıq dənizinin şərq sularına nəzarət etmək üçün böyük rıçaqlar verir. 
Türkiyənin İraqda və Liviyada güclənən mövqeyi də İsrail üçün geosiyasi rəqabətdə çağırış kimi qəbul edilir. İsrail bunu şərqdən və qərbdən "geosiyasi mühasirəyə alma" strategiyası kimi qəbul edir.
Türkiyə, İraq və Körfəz ölkələrinin birgə icra etdiyi "İnkişaf Yolu" layihəsi (Bəsrə körfəzindən Türkiyə vasitəsilə Avropaya uzanan quru və dəmir yolu), ABŞ və İsrailin dəstəklədiyi Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinə (IMEC) ən böyük rəqibdir. IMEC layihəsi İsrailin Hayfa limanını mərkəzi qovşaq etməyi hədəflədiyi halda, Türkiyənin İraq üzərindən qurduğu xətt İsraili bu böyük qlobal ticarət zəncirindən kənarda qoyur.
İsrail tarixən İraqın şimalındakı regional kürd idarəçiliyi (Bərzani hökuməti) ilə yaxın əlaqələrə malik olub və bu bölgədən İrana və regiona qarşı kəşfiyyat bazası kimi istifadə etməyə çalışıb. Türkiyənin İraqın şimalında PKK-ya qarşı keçirdiyi hərbi əməliyyatlar və Bağdad mərkəzi hökuməti ilə bağladığı təhlükəsizlik sazişləri İsrailin bu bölgədəki gizli təsir imkanlarını daraldır. Türkiyə, həmçinin ölkə daxilində kürd partiyaları və liderləri ilə dialoq, əməkdaşlıq təşəbbüsləri ilə birbaşa regional təhlükəsizliyini gücləndirir. 

Azərbaycanın vasitəçiliyinə niyə zərurət yaranıb?  Tərəfləri kim masaya əyləşdirəcək? 

Hazırda bütün diqqətlərin Suriyaya yönəlməsi orada lokal, qəfil  hərbi toqquşmaların riskinin son vaxtlar artması ilə əlaqədardlır. 18 avqustda İsrail qırıcıları Türkiyə hərbçilərinin Suriya ordusuna təlim keçmək və infrastrukturu bərpa etmək üçün istifadə etdiyi İdlibdəki Abu al-Duhur hərbi aerodromuna 8 aviazərbə endirməsi bu riskləri bir daha gündəliyə gətirdi. Ən böyük risk,  hər iki tərəfin Suriyada hərbi mövcudluğunu artırması fonunda hadisələrin nəzarətdən çıxaraq lokal hərbi toqquşmaya çevrilməsidir. Ona görə, məhz növbəti dəfə Azərbaycanın vasitəçiliyinə ehtiyac yaranıb. Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə qurduğu yüksək səviyyəli strateji və etibarlı tərəfdaşlıq münasibətləri, Bakını Ankara və Təl-Əviv arasında gərginliyi azalda biləcək ən effektiv vasitəçiyə çevirir.  Azərbaycanın bu istiqamətdə müsbət təcrübəsi var. 2015-ci ildə  Rusiya qırıcısının vurulmasından sonra Ankara və Moskva arasında yaranan dərin böhranın aradan qaldırılmasında və liderlərin yenidən dialoqa başlamasında Azərbaycan Prezidenti İlham Əliyevin pərdəarxası vasitəçiliyi həlledici rol oynamışdı. 2020-2022-ci illərdə İsrail və Türkiyə asında münasibətlərin əvvəlki normallaşma prosesində də Bakı diplomatik körpü rolunu oynamış, kəşfiyyat və xarici işlər nazirlikləri səviyyəsində gizli təmaslara ev sahibliyi etmişdi.
Ehtimal etmək olar ki, bu vasitəçilik və təmaslar Vaşinqton tərəfindən fəal dəstəklənəcək. Tramp administrasiyasının bu ilin sonuna qədər Yaxın Şərqdə böyük partlayışların qarşısını almaq üçün status-kvonu qorumağa çalışacağı, 2027-ci ilin əvvəlindən etibarən isə regionda yeni tarazlaşdırma mexanizmlərini işə salacağı gözlənilir.
Trampın daxili siyasi təqvimə bağlılığı, ilin sonuna qədər Yaxın Şərqdə gərginliyi idarəolunan səviyyədə saxlamaq üçün Azərbaycan kimi regional vasitəçilərin pərdəarxası missiyalarına olan ehtiyacı daha da artırır. Real və fəal ABŞ müdaxiləsi yalnız daxili seçki dalğası geridə qaldıqdan sonra mümkün olacaq. 

Zaur İbrahimli
Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31