Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan strateji müttəfiqliyə doğru-Özəl

Azərbaycan xalqı ilə özbək xalqı arasında tarixən dil və din yaxınlığı  onları ümumi düşmənə qarşı mübarizədə birləşdirdi, heç bir təzyiq və qorxu bu iki xalq arasında ədavət toxumu səpə bilmədi. Bu xalqlar bəzən bir imperiyanın, bəzən də ayrı -ayrı imperiyaların tərkibində yaşasalar da türk- müsəlman mədəniyyətinin  formalaşmasında böyük uğur qazandılar.
   Azərbaycan və Özbəkistan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələrin yaranmasında  ümummilli lider Heydər Əliyevin və mərhum İlham Kərimovun müstəsna xidməti olmuşdur. Son  illərdə bu münasibətlər  Prezident İlham Əliyevin və Prezident Şavkat  Mirziyoyevin böyük cəsarəti sayəsində uğurla inkişaf edir.
     Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər son illərdə dinamik inkişaf edən dövlətlərarası əlaqələrin ən uğurlu nümunələrindən birinə çevrilib. Bu münasibətlərin gücü yalnız siyasi maraqların və iqtisadi hesablamaların uyğunluğundan irəli gəlmir. Onların təməlində ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və əsrlər boyu xalqlarımız arasında formalaşmış qarşılıqlı rəğbət dayanır.
      Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə də məhz bu çoxşaxəli münasibətlərin mahiyyətini, əldə olunmuş nəticələri və qarşıdakı perspektivləri geniş şəkildə ortaya qoyur. Müsahibədən aydın görünür ki, Azərbaycan-Özbəkistan əlaqələri artıq ənənəvi dostluq və qardaşlıq münasibətləri ilə məhdudlaşmır. Son illərdə bu əlaqələr strateji tərəfdaşlıq mərhələsindən keçərək müttəfiqlik səviyyəsinə yüksəlib.
    Siyasi etimad müttəfiqliyin əsas dayağıdır
    İki ölkə arasındakı münasibətlərin sürətli inkişafında dövlət başçılarının siyasi iradəsi və şəxsi münasibətləri mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə münasibətlərini səmimi dostluq, qarşılıqlı hörmət və etimad üzərində qurulan əlaqələr kimi səciyyələndirir.
      Bu amil təsadüfi deyil.Dövlətlərarası münasibətlərdə siyasi etimad nə qədər möhkəm olarsa, əməkdaşlığın digər istiqamətlərində də uzunmüddətli və konkret nəticələr əldə etmək bir o qədər asan olur. Azərbaycan və Özbəkistan nümunəsində bunun nəticəsini siyasi dialoqdan tutmuş iqtisadi, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahələrinə qədər geniş spektrdə müşahidə etmək mümkündür.
     Son beş ildə yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi də siyasi əlaqələrin intensivliyini göstərən mühüm göstəricidir. Prezident İlham Əliyevin Özbəkistana səfərlərinin və Prezident Şavkat Mirziyoyevin Azərbaycana səfərlərinin yaratdığı siyasi dinamika iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçməsinə imkan verib.
      2024-cü ildə Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanan sənədlər bu siyasi iradəni konkret hüquqi çərçivəyə salıb. Xüsusilə "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki ölkə arasında münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirən mühüm sənədlərdir.
     2023-cü ilin avqustunda yaradılmış Ali Dövlətlərarası Şura isə bu münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib. Şuranın fəaliyyəti uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsinə, yeni təşəbbüslərin irəli sürülməsinə və müxtəlif sahələrdə birgə fəaliyyətin əlaqələndirilməsinə xidmət edir. Daşkənddə və Bakıda keçirilmiş iki iclas artıq bu mexanizmin real siyasi əhəmiyyətini nümayiş etdirib.
     İqtisadi əməkdaşlıq yeni mərhələdə
    Siyasi münasibətlərin yüksək səviyyəsi təbii olaraq iqtisadi əlaqələrə də öz təsirini göstərir. Son illərdə Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığının əsas xüsusiyyəti yalnız ticarət dövriyyəsinin artması deyil, əməkdaşlığın strukturunun və istiqamətlərinin genişlənməsidir.
     2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsinin daha 33 faiz artaraq 144 milyon dollara yüksəlməsi iqtisadi münasibətlərdə müsbət dinamikanın davam etdiyini göstərir.
    Bu göstəricilər qarşılıqlı iqtisadi imkanların hələ tam istifadə olunmadığını da düşünməyə əsas verir. Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının bir-birini tamamlayan xüsusiyyətləri yeni əməkdaşlıq istiqamətləri üçün geniş imkanlar açır. Birgə istehsal müəssisələrinin yaradılması, investisiya layihələrinin genişləndirilməsi və özəl sektorun qarşılıqlı bazarlarda daha fəal iştirakı gələcək əməkdaşlığın əsas istiqamətlərindən ola bilər.
     Bu baxımdan 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Şirkət hər iki ölkədə iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə imkan yaradan mühüm platformadır.
     İqtisadi əlaqələrin institusional mexanizmləri də formalaşıb. Hökumətlərarası Komissiyanın indiyədək 15 iclasının keçirilməsi əməkdaşlığın sistemli xarakter aldığını göstərir. Komissiya vasitəsilə iqtisadi-ticari və investisiya münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunur.
     Enerji əməkdaşlığı: ənənəvi sahədən yaşıl gələcəyə
    Azərbaycan və Özbəkistanın əməkdaşlığında energetika da xüsusi yer tutur. Neft-qaz sektorunda artıq uzun illərdir birgə fəaliyyət mövcuddur. 2016-cı ildən fəaliyyət göstərən "Neftegaztexnologiya" birgə müəssisəsi bu əməkdaşlığın konkret nümunələrindən biridir. 2024-cü ildə yaradılmış "Turan Energy AFEZCO" isə SOCAR və "Özbəknefteqaz" arasında yeni əməkdaşlıq imkanlarının formalaşdığını göstərir. Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, enerji əməkdaşlığı artıq yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "Yaşıl Dəhliz Birliyi"nin yaradılması bərpaolunan enerji sahəsində üçtərəfli əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
     Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizinin yaradılması, bərpaolunan enerjinin ixracı və onun Xəzər dənizinin dibi ilə nəqli perspektivi Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında enerji əməkdaşlığının mühüm həlqələrindən birinə çevirə biləcək strateji təşəbbüslərdəndir.
   Nəqliyyat və Orta Dəhliz perspektivi
      Azərbaycan-Özbəkistan münasibətlərinin strateji xarakterini müəyyən edən digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir.
      Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi iki ölkəni Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının təbii tərəfdaşlarına çevirir. Bu baxımdan Orta Dəhlizin inkişafı hər iki ölkənin iqtisadi və geosiyasi maraqlarına cavab verir.
    Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası isə regionda yeni tranzit imkanları yarada bilər. Bu layihələrin reallaşması yalnız yükdaşımaların artması demək deyil. Eyni zamanda Mərkəzi Asiyanın dünya bazarlarına çıxış imkanlarının genişlənməsi, Azərbaycanın tranzit potensialının artması və Şərq-Qərb iqtisadi əlaqələrinin daha da möhkəmlənməsi deməkdir. Artıq iki ölkə arasında tranzit daşımalarında da artım müşahidə edilir. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin yanvar-iyun aylarında isə daha 12,2 faiz artım qeydə alınıb.
     Qarabağ və Füzuli - qardaşlığın real nümunəsi
     Azərbaycan-Özbəkistan münasibətlərinin mənəvi tərəfini nümayiş etdirən ən mühüm nümunələrdən biri Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa prosesinə verdiyi dəstəkdir.
     Füzuli rayonunda salınan 100 hektarlıq "Dostluq bağı", avtomobil istehsalı sahəsində əməkdaşlıq və Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəbin fəaliyyət göstərməsi bu münasibətlərin yalnız siyasi bəyanatlardan ibarət olmadığını göstərir.
      Xüsusilə Mirzə Uluqbəy adına məktəb iki xalqın gələcəyinə yönəlmiş simvolik və praktik layihədir. Özbəkistanın bu təşəbbüsü, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpasına göstərdiyi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Digər tərəfdən, Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının fəaliyyət göstərməsi iqtisadi münasibətlərin qarşılıqlı xarakter daşıdığını göstərir. Eyni zamanda Azərbaycanın Özbəkistanda həyata keçirdiyi "The Ritz-Carlton" və "Sea Breeze Uzbekistan" kimi layihələr Azərbaycan kapitalının qardaş ölkənin iqtisadi və turizm potensialının inkişafına verdiyi töhfəni nümayiş etdirir.
     Mədəniyyət və humanitar əlaqələr - qardaşlığın mənəvi dayağı
      İki ölkə arasında münasibətlərin ən möhkəm dayaqlarından biri də mədəni-humanitar əlaqələrdir. Azərbaycan və Özbəkistanı birləşdirən ortaq tarix və mədəni irs dövlətlərarası münasibətlərin cəmiyyətlər səviyyəsində də möhkəmlənməsinə imkan verir.
     Mədəniyyət günlərinin keçirilməsi, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları xalqların bir-birini daha yaxından tanımasına xidmət edir. 2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə isə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib. Xivədə keçirilən "Şuşa Günləri" isə iki ölkənin mədəni əməkdaşlığının xüsusi nümunələrindən biridir.
     Nizami Gəncəvinin adını daşıyan Özbəkistan Milli Pedaqoji Universitetinin mövcudluğu da iki xalqın ortaq mənəvi bağlarının ifadəsidir. Bakının mərkəzində təməli qoyulan "Özbəkistan" parkı isə bu qardaşlığın şəhər məkanında rəmzi ifadəsinə çevriləcək.
    Təhsil sahəsində də qarşılıqlı əlaqələr genişlənir. 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil alması bu sahədə əlaqələrin real göstəricilərindən biridir.
     İnsanları yaxınlaşdıran münasibətlər
     Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında turizm, media, QHT-lər və regionlararası əlaqələr də mühüm rol oynayır.
     Özbəkistandan Azərbaycana turist səfərlərinin artması diqqətəlayiqdir. 2024-cü ildə Azərbaycana 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı səfər edib. Bu rəqəmlər qarşılıqlı səfərlərin yalnız siyasi və işgüzar dairələrlə məhdudlaşmadığını göstərir.
      Regionlararası əməkdaşlıq da xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd və digər şəhərlər arasında qardaşlaşma və tərəfdaşlıq münasibətlərinin qurulması iki ölkə arasında əlaqələrin cəmiyyət səviyyəsində dərinləşməsinin göstəricisidir.
     Azərbaycan-Mərkəzi Asiya əlaqələrində yeni mərhələ
       Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakına dair qərarın qəbul edilməsi ölkəmizin regionla münasibətlərinə verilən strateji əhəmiyyətin mühüm göstəricisidir. Azərbaycanın bu prosesə qoşulması ilə əvvəlki "C5" formatının faktiki olaraq "C6" formatına çevrilməsi regional əməkdaşlığın coğrafiyasını və məzmununu genişləndirib. Bu prosesdə Özbəkistanın dəstəyi xüsusi qeyd olunmalıdır. Çünki Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin güclənməsi həm regionlararası iqtisadi əməkdaşlıq, həm nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi, həm də Türk dünyasının daha sıx inteqrasiyası baxımından mühüm nəticələr vəd edir.
     Beləliklə, Prezident İlham Əliyevin müsahibəsində təqdim olunan faktlar göstərir ki, Azərbaycan və Özbəkistan arasında münasibətlərin bugünkü səviyyəsi təsadüfi nəticə deyil. Bu, ardıcıl siyasi iradənin, qarşılıqlı etimadın, iqtisadi maraqların uzlaşdırılmasının və xalqlar arasında möhkəm mənəvi bağların nəticəsidir.

Anar İsgəndərov
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31