Özbək deputat: Azərbaycanın C5 formatına qoşulması son illərin ən mühüm regional proseslərindən biridir

Özbəkistanla Azərbaycan arasında münasibətlər siyasi dialoqun genişləndirilməsi mərhələsindən qəbul edilmiş qərarların ardıcıl və səmərəli icrası mərhələsinə keçib. 2024-cü ildə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə dövlətlərarası əlaqələrin ən yüksək səviyyəsini müəyyənləşdirib. Ali Dövlətlərarası Şuranın yaradılması isə bu münasibətlərin davamlı koordinasiyası üçün mühüm institusional mexanizm formalaşdırıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının deputatı Azamat Pardayev deyib.

O bildirib ki, parlamentlər baxımından bu proses xüsusi əhəmiyyət daşıyır. Çünki müttəfiqlik münasibətlərinin real nəticələri siyasi razılaşmaların hüquqi mexanizmlərlə təmin olunmasından və qəbul edilmiş qərarların dövlət institutları tərəfindən ardıcıl icrasından asılıdır. Bu baxımdan çərçivə xarakterli Müqavilənin konkret öhdəliklər sistemi ilə tamamlanması mühüm addımdır. 2025-ci ildə onun 2025-2029-cu illər üzrə icrasına dair "Yol xəritəsi" təsdiqlənib. Eyni zamanda, sənaye kooperasiyası, elm və təhsil, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, sosial müdafiə, ekologiya, gəmiçilik və gəmiqayırma sahələrində bir sıra proqram və sazişlər qəbul edilib. Beləliklə, müttəfiqlik münasibətləri artıq iqtisadi və siyasi əməkdaşlıqla məhdudlaşmır, milli qanunvericiliklə birbaşa tənzimlənən sahələri də əhatə edir. Bu isə parlamentlərin qarşısında hüquqi maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi və əməkdaşlıq üçün əlverişli şəraitin yaradılması kimi mühüm vəzifələr qoyur.

Azamat Pardayevin sözlərinə görə, bu prosesdə parlament diplomatiyasının rolu da artır. 2025-ci ilin iyulunda Xivədə keçirilmiş Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu çərçivəsində Xivə Bəyannaməsi, 2025-2026-cı illər üzrə əməkdaşlıq "Yol xəritəsi" və Parlamentlərarası Komissiyanın Reqlamenti qəbul edilib. Bu sənədlər parlamentlərarası əlaqələrin institusional əsaslarını daha da möhkəmləndirir.

"İqtisadi göstəricilər də ikitərəfli əməkdaşlığın sürətlə inkişaf etdiyini göstərir. 2026-cı ilin yanvar-may aylarında iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi təxminən 40 faiz artıb. Qarşıya qoyulan strateji hədəf isə ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasıdır. Cari ilin iyulunda Daşkənddə Hökumətlərarası Komissiyanın 15-ci iclasının keçirilməsi də iqtisadi əməkdaşlığın genişlənməsinə olan qarşılıqlı marağı göstərir. İclasda sənaye, geoloji kəşfiyyat, faydalı qazıntıların hasilatı, əczaçılıq, elektrotexnika, ərzaq sənayesi və tikinti materialları sahələrində birgə layihələr müzakirə olunub. Əməkdaşlığın belə miqyasında həlledici amil artıq yalnız kapitalın mövcudluğu deyil, həm də hüquqi tənzimləmənin keyfiyyətidir - investisiyaların qorunması, prosedurların şəffaflığı, standartların uyğunluğu və sahibkarlar üçün qaydaların proqnozlaşdırıla bilməsidir", - deyə parlamentari bildirib.

Müttəfiqliyin yalnız ticarət həcmi ilə məhdudlaşmadığını deyən A.Pardayev qeyd edib ki, ikitərəfli sənədlər paketində əmək fəaliyyəti və vətəndaşların hüquqlarının müdafiəsi, təhsil və elm, sosial müdafiə, turizm və regionlararası əlaqələrə dair məsələlər də yer alıb. Məhz burada parlament yanaşması xüsusilə prinsipial əhəmiyyət daşıyır.

"Müttəfiqlik yalnız dövlət institutları səviyyəsində deyil, cəmiyyət səviyyəsində də onun üstünlükləri hiss olunduğu zaman davamlı xarakter alır. Burada daha geniş strateji aspekt də var. Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına (C5) tamhüquqlu iştirakçı kimi qoşulması son illərin ən mühüm regional proseslərindən biridir. Bu addım nəqliyyat marşrutlarının, energetikanın, ticarətin və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi bağlılığın əlaqələndirilmiş inkişafı üçün imkanları genişləndirir. Parlamentlər üçün bu, ikitərəfli əməkdaşlığa daha geniş prizmadan baxmaq zərurəti də yaradır: söhbət yalnız iki dövlət arasındakı münasibətlərdən deyil, yeni hüquqi və institusional qərarlar tələb edəcək formalaşmaqda olan regional qarşılıqlı fəaliyyət arxitekturasının bir hissəsi olan əməkdaşlıqdan gedir", - deyə o əlavə edib.

Deputat sonda vurğulayıb ki, Özbəkistanın dövlət müstəqilliyinin 35 illiyi ərəfəsində bu proses xüsusi məna kəsb edir. Müstəqillik illərində ölkəmiz ən mühüm nailiyyətə - milli maraqları müstəqil şəkildə müəyyənləşdirmək və xarici siyasəti suveren seçim əsasında qurmaq imkanına sahib olub. Bu gün həmin siyasətin yetkinliyi digər dövlətlərdən uzaqlaşmaqda deyil, əksinə, Özbəkistanın bərabərhüquqlu əsasda möhkəm ittifaqlar qurmaq, etimad məkanı yaratmaq və xalqın uzunmüddətli maraqlarına cavab verən qərarları irəli aparmaq bacarığında özünü göstərir. Azərbaycanla müttəfiqlik münasibətləri siyasi müstəqilliyin beynəlxalq nüfuza, davamlı tərəfdaşlığa və yeni inkişaf imkanlarına necə çevrildiyini nümayiş etdirən parlaq nümunələrdən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31