Dövlətlərin borc artımı sürətlənəcək-Özəl

Ümumiyyətlə ciddi təhlillərin oxunmadığı,q düşünmək istəmədiyimiz, kadr məsələlərindəki mövcud vəziyyətin ciddi ümidsizlik formalaşdırdığı bu dövrdə təhlillərə ehtiyac olmadığını və qiymətinin də 0-a yaxın olduğunu nəzərə alaraq, bir neçə mövzuda məsələlərə niyə münasibət bildirməməyim haqqında gələn mesajlar və suallar əsasında formalaşdırdığım tezislər və qısa təhlillər şəklində münasibətimi bildirməklə kifayətlənəcəm.

- Öncə dünya gündəmini zəbt edən mövzu ilə başlayaq. ABŞ-nin dövlət borcu 40 trilyon dolları (adambaşına borc 117.339 dollar) keçdi. Niyə hazırda bu məsələ dünyanın bir nömrəli gündəminə çevrilib? Çünki, bədəlini bütün dünyaya ödədirlər və daha ağır ödətməkdə davam edəcəklər. Təəssüf ki, sırada hələ bir çox münaqişələrin izi görünür. ABŞ-nin dövlət borcu 21.12.2016-cı il tarixdə 19.97 trilyon dollar idi. Yəni, son 10 ildə borc 2 dəfə artıb. Təkcə 2025-ci ildə ABŞ dövlət büdcəsindən borclara xidmət (faiz) ödənişləri 1.22 trilyon dollar olmuşdur ki, bu da hər dəqiqədə 2.3 milyon dollar faiz ödənişi deməkdir. Borc artımının qarşısını nəinki almaq mümkün deyil, hətta bu artım sürətlənəcək. Əlavə olaraq, ABŞ artıq dövlət istiqrazları bazarına müdaxilə etməyə başlayıb. Borcun 7.78 trilyon dolları xarici dövlətlərə olan borcdur (dövlətlərarası). Burada da ən böyük borc verən ölkə Yaponiyadır (1.12 trilyon dollar). Çin və bir çox ölkələr istiqraz alışlarını, yəni ABŞ-yə borc verməyi azaldır. Hazırda ABŞ üçün ən böyük problemlərdən biri artan inflyasiya fonunda faizlərin aşağı salınmaması səbəbindən borcun artmasına görə artan faiz ödənişləridirsə, digəri də yeni investorların cəlbinin çətinləşməsidir. Yeni Düzəndə bu problemi həll etməyə ümid edən ABŞ əslində daha dərin bataqlığa düşdü; 

- Yaranan ən böyük risk və problem odur ki, Yeni Düzəndə hər bir dövlətin rolu və nüfuz dairələri ilə bağlı ciddi fikir ayrılıqları var. Məsələn, İsrail Baş Naziri B.Netanyahu Böyük Britaniyanı "Britaniya İslam Respublikası". Şərhçilər məsələyə səthi yanaşaraq bunun səbəbini Londonda çoxlu müsəlman miqrantın yaşaması ilə əlaqələndirirlər. Lakin, unutmayaq ki, o bu fikri "Məkkə Müdafiə Sazişi"nin Britaniya tərəfindən dəstəklənməsi səbəbindən deyib. Sonra Trump da açıq şəkildə bu Sazişi dəstəklədi. Yeri gəlmişkən, böyük dövlətlərin fikir ayrılıqları ən çox kiçik və orta dövlətlərə təsir göstərir! Böyük dövlətlər müharibədə xərclədiklərinin bədəlini ödətməyə kiçik ölkələr axtarırlar!

- Suriyada hakimiyyət dəyişdikdən sonra Türkiyə və İsrailin Suriyada toqquşma ehtimalının yüksək olması haqqında keçən il də, bu ilin əvvəlində də, son 2 ay ərzində də yazmışdım. Amma heç də düşünməyək ki, bu Türkiyəyə qarşı tələdir. Bu həm də müəyyən məsələlərdə sərbəst siyasət yürüdən və Yeni Düzəndə təkbaşına maksimum mənfəət əldə etmək istəyən İsrailin kifayət qədər zəiflədilməsi daxil olmaqla hətta ciddi dəyişikliklərlə nəticələnər. Bir daşla iki quş vurma siyasəti hər iki ölkə üçün ciddi fəsadlar yaradar. İndiki dünyada kimin ov, kimin ovçu olması bəlli deyil. Burada Rusiya-Ukrayna, ABŞ-İran misalları kifayətdir. Problem odur ki, sonunda ov da, ovçu da qurbana çevrilir!

- Yeni Düzənin formalaşması istiqamətində baş verənlər Britaniyanı Yaxın Şərqdə görmək istəməmək İsrailə, davamlı olaraq Kanadanı və Avropanı birbaşa, Britaniyanı dolayı yolla (Kanadanı aşağılamaq elə Britaniyaya sataşmaq idi) aşağılayan Prezident Trumpa, öz nüfuz dairəsini daraltmaq istəməyən Rusiyaya baha başa gəlməkdədir;

- 24 avqustda ABŞ maliyyə naziri Bessent tərəfindən İrana qarşı iqtisadi sanksiyalar paketi elan ediləcək. Hazırda İrana qarşı sanksiyaları pozacaq ölkələrin siyahısında (ABŞ üçün riskli ölkələr) İranla sərhəd ölkələrlə yanaşı bir neçə ölkənin də adı çəkilir. İran da bəyan edir ki, həmin ölkələr bizimlə iqtisadi münasibətləri kəsməyəcək. BƏƏ artıq öz addımını ataraq İranla bütün iqtisadi-ticarət əlaqələrini kəsdiyini elan etdi. Trump fikrini dəyişməsə həmin sanksiyaların digər ölkələrə də təsirləri olacaq və ya ABŞ ölkələrə daha çox silah satmaq, investisiya cəlb etmək, təzyiq etmək üçün bəhanə əldə edəcək;

-  Digər tərəfdən Burkino-Faso (2021-ci ildə 19.7 milyard dollar olan ÜDM hazırda 32.5 milyard dollara çatmaqdadır), Botswana (2021-ci ildə 18.7 milyard dollar olan ÜDM hazırda 21.9 milyard dollara çatmaqdadır), Uqanda (2021-ci ildə 40 milyard dollar olan ÜDM hazırda 70 milyard dollara çatmaqdadır), Efiopiya (2021-ci ildə 100 milyard dollar olan ÜDM hazırda 121.5 milyard dollara çatmaqdadır) kimi ölkələr daxil olmaqla bir sıra Afrika ölkələrinin son 5 il ərzində göstərdikləri iqtisadi artım tempi, Çinin bu ölkələrlə iqtisadi əlaqələri, 5-10 il öncəki strateji obyektlər qarşılığında borc siyasətini dəyişməsi və yuanla aşağı faizlə borc verməsi və digər amillər diqqət çəkir. Ümumiyyətlə, bu günki Afrika demoqrafik və iqtisadi artım templəri ilə Cənub Şərqi Asiya ölkələrinin 1960-cı illərdəki vəziyyətini xatırladır və bir çox göstəricilər çox oxşardır. Süni intellekt və texnologiyanın sürətli inkişafını da nəzərə aldıqda bir sıra Afrika ölkələrinin 2050-2060-cı illərdə ciddi iqtisadi inkişafa (böyümə demədim, çünki hazırda bir sıra ölkələrdə son 4, bəzilərində son 6-7 il ərzində iqtisadi böyümə tempi ortalama 6-10% arasında dəyişir və dayanıqlı böyüməyə nail olduqca bunu inkişafa çevirmə planlarının də bəzi ölkələrdə reallaşacağı görünür) və Cənub Şərqi Asiya ölkələrinin bu günki iqtisadi və demoqrafik göstəricilərinə yaxınlaşacağı proqnozlaşdırılır. Qeyd edim ki, hazırda Afrika ölkələrini araşdırıram və çox maraqlı məsələlər, islahatlar,  iqtisadi modellər və reseptlər var;

- Çin bütün bu proseslərdən özünü kənarda saxlamağa çalışaraq nüfuz dairəsini Afrikada gücləndirməyə çalışır və yuxarıda qeyd etdiyim kimi borc məsələlərində 10 il öncəki səhvlərini düzəldərək strateji obyektləri girov kimi tələb etmir və daha ucuz kreditlər verir;

- regionumuzdakı mövcud gedişat ölkəmiz daxil olmaqla Türkiyə və bir sıra region ölkələri üçün ciddi risklər formalaşdırmaqdadır. Məsələn, Trumpa təqdim olunan həll yollarından birinin İranda kiçik həcmli nüvə silahından istifadə olduğu barədə mediada məlumatlar dolaşmaqdadır;

- bir məsələ isə gün kimi aydındır. Mövcud gedişat uzun müddət davam edə bilməz və dünya iqtisadiyyatı bu gedişatı heç 1-2 il də həzm edə bilməz. Ayrı-ayrı dairələrin varlanması başqadır, qlobal iqtisadiyyat başqa;

P.S. Bunlar qlobal iqtisadiyyatda formalaşan çağırış və problemlərin əsas hissələri olsa da, hamısı deyil. Qlobal dünyamızda bu qədər çağırışların və qayğıların formalaşması, ölkə daxilində iqtisadi təhlillərə çox ciddi ehtiyacın olduğu bir vaxtda ölkə gündəminin səthi təhlili məni ciddi narahat edir. Məsələn, yaşadığımız günlərdə baş verənlərin mahiyyətini dərk etməyə çalışmayaraq 500 il öncə yaşamış və hakimiyyətdə olmuş Şah İsmayıl Xətai mövzusu ilk baxışda gündəmi zəbt etmək məqsədilə ortaya atılmış kimi görünə bilər. Amma sonsuz mübahisə mövzusu olan və hazırda nəticənin nə olmasından asılı olmayaraq ölkəmizin taleyində heç bir müsbət rol oynamayan bu mövzu yalnız ölkə vətəndaşları arasında təhtəlşüur, sonra isə faktiki olaraq psixoloji qarşıdurmanın, gərginliyin artmasına xidmət edə bilər ki, xüsusilə hazırki həssas dövrdə bu amil arzu olunmazdır.

Elman Sadıqov

İqtisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31