Azərbaycan-Ermənistan ticarəti: İstehsalçıya seçim, biznesə bazar, dövlətə əlavə gəlir- ÖZƏL
15:31 SiyasətAzərbaycan-Ermənistan arasında avtomobil və dəmir yolu əlaqələri hələ bərpa edilməsə də, tərəflər gələcək ticarət və tranzit üçün infrastruktur hazırlayır. Azərbaycan Gürcüstan üzərindən Ermənistana yanacaq tədarük edir, mart ayında isə Ermənistan vasitəsilə Azərbaycana ilk təkrar ixrac həyata keçirilib. Gələcəkdə kənd təsərrüfatı, tikinti materialları, xammal və enerji sahələrində qarşılıqlı ticarət imkanları yarana bilər. Bunun üçün gömrük prosedurlarının sadələşdirilməsi, standartların uyğunlaşdırılması və sərhəd təhlükəsizliyinin təmin olunması əsas şərtlərdir.Azərbaycan-Ermənistan arasında ticarətin genişlənməsi hər iki ölkənin iqtisadiyyatına hansı üstünlükləri verə bilər? Sərhəd ticarətinin inkişafı Azərbaycan bazarında qiymətlərə və yerli istehsalçılara necə təsir göstərə bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Olaylar.az-a açıqlama verib:
" Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin son illərdə tədricən genişlənməsi Cənubi Qafqazın iqtisadi xəritəsini önəmli şəkildə dəyişə biləcək proseslərdən biridir. Burada söhbət yalnız iki düşmən ölkə arasında mal mübadiləsinin artmasından getmir. Uzun illər bağlı qalmış nəqliyyat və logistika imkanlarının yenidən iqtisadi dövriyyəyə cəlb edilməsindən gedir. Hazırda, düzdür, ticarətimizin miqyası çox kiçikdir. Dövlət Gömrük Komitəsinin və kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Ermənistana ixrac təqribən 17-18 milyon dollar civarında olub. Eyni dövrdə Ermənistanın Azərbaycana idxalı isə cəmi 460 dollar təşkil edib. Bu rəqəmlər göstərir ki, qarşılıqlı ticarətin formalaşması hələ ilkin mərhələdədir və gələcək potensial mövcud göstəricidən əhəmiyyətli dərəcədə böyükdür.
Hesab edirəm ki, Azərbaycan üçün əsas üstünlük Ermənistan bazarının özündən çox yeni regional logistika və tranzit imkanlarının yaranmasıdır. Azərbaycan məhsullarının Ermənistan bazarına çıxışını genişləndirməklə yanaşı, Ermənistan ərazisindən Naxçıvana, Türkiyəyə və daha geniş regional bazarlara çıxış imkanlarının formalaşması Azərbaycanın tranzit ölkə kimi mövqeyini gücləndirə bilər.
Hazırda Azərbaycanın Ermənistana yanacaq tədarükü bu prosesin praktiki mərhələdə olduğunu göstərir. 2025-ci ilin sonundan 2026-cı ilin mart ayına qədər Azərbaycan Ermənistana Gürcüstan üzərindən dəmir yolu ilə benzin və dizel yanacağı göndərib. Niyə Gürcüstan üzərindən? Müharibə vaxtı bütün həmin yollar, dəmir yolu infrastrukturu məhv edilib. Artıq məcbur oluruq ki, Gürcüstan üzərindən göndərək.
İkinci mühüm məsələ qiymətlər və yerli istehsalçıların vəziyyətidir. Sərhəd ticarətinin genişləndirilməsi bazara əlavə məhsul və alternativ təchizat mənbələri gətirərsə, müəyyən məhsul qruplarında qiymətlərin aşağı düşməsinə və ya qiymət artımının zəifləməsinə səbəb ola bilər. Xüsusilə kənd təsərrüfatı məhsulları, ərzaq, tikinti materialları və bəzi sənaye məhsullarında rəqabətin artması istehsalçı üçün müsbət nəticə verə bilər.
Yəni bilirsiniz ki, Azərbaycanda və Ermənistanda bu sahədə ciddi şəkildə məşğul olan fiziki və hüquqi şəxslər mövcuddur və bu da onların fəaliyyətinə təsir edə bilər. Amma burada yerli istehsalçı üçün ciddi risklər var. Əgər xaricdən daxil olan məhsul yerli məhsuldan daha ucuz olarsa, rəqabət qabiliyyəti zəif olan müəssisələr öz bazar paylarını itirə bilərlər.
Buna görə də ticarətin liberallaşması ilə paralel olaraq Azərbaycan istehsalçısının məhsuldarlığının, texnoloji səviyyəsinin və ixrac imkanlarının artırılması olduqca vacibdir. Digər tərəfdən, güclü Azərbaycan istehsalçısı üçün Ermənistan bazarının açılması yeni satış imkanları deməkdir. İstehsalçı daha böyük bazara çıxdıqda istehsal həcmini artırır, miqyas effektindən istifadə edir, vahid məhsula düşən xərcləri azaldır və eyni zamanda daha çox alqı-satqı həyata keçirərək mənfəət əldə etməyə başlayır.
Burada əsas məsələ gömrük və standartlaşdırma prosedurlarıdır. Biz müstəqilliyimizin 30 ili ərzində bir çox ölkələrlə ticarət mübadiləsi aparmışıq. Artıq müəyyən praktika yaranıb. Harada boşluqlarımızın, problemlərimizin olduğunu müəyyən etmişik. Hansı prosedurlarla, hansı standartlarla işlədiyimizi bilirik. Ermənistanla isə qarşılıqlı ticarət prosedurlarımız hələ yeni-yeni formalaşır.
Sərhədin açılması da öz-özlüyündə kifayət deyil. Əgər məhsulların sertifikatlaşdırılması, sertifikatların qarşılıqlı tanınması prosedurları işə düşməsə, laboratoriya analizləri və gömrük rəsmiləşdirilməsi, eləcə də digər proseslər uzun çəksə, logistikanın ucuzlaşmasından əldə edilə biləcək gəlirlər azalacaq. Bunlar işə düşməlidir ki, bu tədarük zənciri uğurla başa gəlsin.
Ona görə də gələcək mərhələdə qarşılıqlı ticarətin inkişafı üçün elektron gömrük prosedurları, risk əsaslı nəzarət, sertifikatların qarşılıqlı tanınması, laboratoriya nəticələrinin hər iki ölkə tərəfindən qəbul edilməsi və texniki standartların uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyacaq. Bir sıra standartlarda çətinlik yaşamayacağıq. Çünki MDB ölkələri çərçivəsində Standartlaşdırma Komitəsində dövlətlərarası standartlar hazırlanıb. Elə standartlar var ki, ümumidir və həm Azərbaycanda, həm Qazaxıstanda, həm Rusiyada, həm də Ermənistanda keçərlidir. Fikrimcə, Azərbaycan-Ermənistan ticarətinin əsas iqtisadi effekti bir neçə on milyon dollarlıq ikitərəfli ticarətdən daha böyük olmalıdır və olacaqdır. Çünki potensial daha böyükdür. Yerüstü, avtomobil və dəmir yolu əlaqələri tam şəkildə bərpa olunarsa, söhbət Cənubi Qafqazda yeni təchizat zəncirlərinin və regional tranzit sisteminin formalaşmasından gedəcək. Azərbaycan üçün bu, ixrac bazarı ilə yanaşı, Naxçıvanın iqtisadi inteqrasiyasının gücləndirilməsi, qərb rayonlarının logistika və xidmət sektorunun inkişafı və ölkənin Şərq-Qərb tranzit marşrutundakı rolunun daha da möhkəmlənməsi deməkdir.
Ermənistan üçün isə Azərbaycan və Naxçıvan istiqamətlərində yeni bazarlara və nəqliyyat marşrutlarına çıxış, blokadadan çıxış, təchizatın diversifikasiyası və tranzit gəlirlərinin artması imkanı yaranacaq. Bu prosesin uzunmüddətli uğuru siyasi razılaşmalardan əlavə, real iqtisadi mexanizmlərin- gömrük, logistika, standartlaşdırma, ödəniş sistemləri və sərhəd təhlükəsizliyinin, nə qədər sürətlə uyğunlaşdırılmasından asılıdır.
Ümumilikdə desək, Azərbaycan-Ermənistan ticarətinin genişlənməsi istehsalçı üçün daha çox seçim, biznes üçün yeni bazarlar, dövlət üçün isə əlavə tranzit və gömrük gəlirləri yarada bilən bir mexanizm ola bilər.
Amma burada əsas hədəf sadəcə ticarət dövriyyəsinin artması olmamalıdır. Düşünürəm ki, məqsəd Cənubi Qafqazı bir-biri ilə əlaqəli regional iqtisadi məkana çevirmək olmalıdır. Uzun müddət müharibə aparmış iki ölkənin xalqları sadəcə qarşılıqlı ticarət etsələr, alsalar, satsalar və qarşılıqlı mənfəət əldə etsələr, onda düşmənçilik ikinci plana keçəcək".
Zeynəb Mustafazadə