Moskva-Bakı münasibətlərində təzyiq mərhələsi: Rusiya geri addım atacaqmı?- ÖZƏL
14:30 SiyasətRusiya-Azərbaycan münasibətlərində informasiya qarşıdurması sərtləşir. "Svobodnaya Pressa" nəşrində yayılan materialda Moskvanın Bakı ilə bağlı siyasətini dəyişməsi və daha sərt mövqe tutması təklif olunur.
Politoloqlar Vadim Truxaçev və Leonid Krutakov Azərbaycanın Ukrayna siyasətini, Rusiyaya qarşı ritorikasını və enerji siyasətini tənqid ediblər. Krutakov xüsusilə iqtisadi və enerji əməkdaşlığının siyasi alət kimi nəzərdən keçirilməsini təklif edir.
Rusiyada Azərbaycana qarşı daha sərt siyasət çağırışlarının artmasını Moskva-Bakı münasibətlərində mümkün yeni mərhələnin göstəricisi hesab etmək olarmı?
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" İndiki məqamda inanmıram ki, ekspertlərin dili ilə Azərbaycana qarşı söylənən bu fikirlər Rusiya siyasətində, yəni hakimiyyət tərəfindən dövlət siyasəti səviyyəsində qaldırılsın və Rusiyada anti-Azərbaycan kampaniyaları ön plana çıxsın. Ona görə ki, Rusiya çox yaxşı bilir ki, Azərbaycan bu günə qədər Rusiyaya qarşı hər hansı bir atılan addımda yer almayıbsa, bundan sonra da almayacaq və Cənubi Qafqaz istiqamətindən, xüsusilə Azərbaycandan Rusiyanın dövlət təhlükəsizliyi ilə bağlı heç bir təhdid olmayıb və olmayacaq. Bu, ona görə deyil ki, Azərbaycan tərəfi və hər hansı bir ölkə Rusiyadan qorxub çəkinir. Azərbaycan tərəfi dəfələrlə elan edib ki, biz xarici siyasətimizi bütün tərəflərlə qarşılıqlı, bərabərhüquqlu və etimada əsaslanan siyasət üzərində qurmuşuq. Bu gün də belədir və sabah da belə davam etdirəcəyik. Əgər kimsə bizə qarşı hər hansı bir təxribat və ya təcavüzkar siyasət yürütməzsə. Ona görə də ən azından, məsələn, Moskvanın Ukrayna siyasəti ilə Azərbaycan siyasətini eyniləşdirmək barədə fikirləri eşidəndə buna gülüb keçmək lazımdır.
Ona görə ki, Rusiya da yaxşı başa düşür ki, Ukraynada hərbi təcavüzə başladıqları bəhanələr, səbəb kimi göstərdikləri arqumentlər Azərbaycan üçün keçərli deyil. Çünki Ukraynada həqiqətən də tərəf seçilən bir dövlət siyasəti var idi. Yəni, Ukrayna dövləti birmənalı şəkildə inteqrasiya edirdi, NATO və Avropa İttifaqı kimi hərbi və iqtisadi bloklara yönəlirdi və bunu da Rusiya bəhanə edərək müdaxilə etmək üçün bir səbəb kimi göstərirdi. Amma Azərbaycan buna bənzər hansı addım atır? Biz heç bir bloka qoşulmuruq, heç bir tərəfi tutmuruq, bizim xarici siyasətimiz öz dövlət maraqlarımıza uyğun olaraq aparılır. Bütün tərəflərlə dinc münasibətləri inkişaf etdirmək, dinc olmayan münasibətlərdə də tərəfsiz qalmaq. Və burada nə Moskva, nə Qərb, nə Şərq, nə də hər hansı başqa bir tərəf üçün tərəf olacaq bir şey yoxdur. Ona görə də Ukrayna-Azərbaycan eyniləşdirilməsi aparılırsa, bu rusiyalı ekspertlərin sadəcə gülünc bir məqamıdır. Digər bir tərəfdən, Rusiyanın indiki məqamda düşmənə yox, dosta ehtiyacı var və Azərbaycan da heç vaxt Rusiyaya qarşı düşmən mövqedə olmayan, əksinə, dostluq münasibətlərinə dəyər verən bir ölkədir. Rusiya üçün əslində bir tərəfdaşdır, bir nəfəslikdir. Ona görə ki, Azərbaycan-Rusiya ticarət, siyasi əlaqələri davam edir. Rusiya Qərblə kollektiv qarşıdurmadan sonra Avropa bazarlarını itirdiyi anda Azərbaycan ona üz çevirmədi. İkitərəfli və çoxtərəfli əlaqələrimiz indi də davam edir. Belə bir halda Rusiya niyə özünə Azərbaycan kimi dost bir ölkəni, səmimi tərəfdaş bir ölkəni düşmən etsin? İndi hansısa ekspertlərin əli ilə, daha doğrusu, sözləri ilə ola bilsin ki, hansısa mesajlar çatdırılmaq istənilsin. Mənə elə gəlir ki, Moskvanın Azərbaycana qarşı növbəti təzyiq kampaniyasıdır, amma bu sadəcə təzyiq kampaniyasıdır və bunun radikal bir formaya keçməsi gözlənilmir.
Ən azından bu, Rusiyanın özü üçün ağılsız bir addım olardı, çünki burada ticarət əlaqələrindən danışmırıq, axı bu, həyatın bir məsələsində rol oynaya bilər və Rusiya özünün tərəfdaş ölkələrindən, vacib tərəfdaşlarından birini itirə bilər.
Üçüncüsü iqtisadi münasibətlərdən Azərbaycana qarşı siyasi təzyiq kimi istifadə etmək məsələsi. Burada da bir nüans çox önəmlidir. Belə olan halda Azərbaycan iqtisadiyyatı da yaralar alacaq, deyək ki, Moskva iqtisadi metodlarla Azərbaycana qarşı hər hansı addımlar atdı, bəli, bizim iqtisadiyyatımız da yaralar alacaq. Amma Rusiyanın özü də iqtisadi cəhətdən tərəfdaşlarının sayını artırmaq istəyir. Yəni, bizim alacağımız yaralardan daha çoxunu Rusiya özü alacaq, yeni bir itki, tərəfdaş itkisi yaşayacaq. Və əgər Rusiya bunu bu qədər gözə alırsa və bu qədər ağılsız qərar verəcəksə, əlbəttə ki, bunun nəticələri ilə özü də hesablaşmalı olacaq. Azərbaycan üçün ilk illərdə ağırlaşan bir proses ola bilər, amma sonrakı dönəmlərdə bizim çoxtərəfli münasibətlərimiz qurulub: Şərqlə, Qərblə, Türkiyə ilə, Afrika ölkələri ilə, Yaxın Şərq ölkələri ilə, ərəb dövlətləri ilə və s. Bax, həmin o münasibətlərin sayəsində biz təbii ki, alternativləri daha rahat tapacağıq. Amma Rusiya bu gün Azərbaycanla münasibətlərə özü alternativ kimi yanaşmalı və o alternativi də dağıtmaq istəyirsə, onda əlbəttə ki, ən böyük səhvlərdən biri də ona aid olacaq və yeni bir alternativ axtarışında uğursuzluq Moskva üçün daha böyük gözləntidir, nəinki Bakı üçün. Ona görə də düşünürəm ki, indi bu sadəcə Kremlin ekspertlərin, hansısa jurnalistlərin, siyasətçilərin dili ilə Azərbaycana qarşı təzyiq kampaniyasıdır. Təbii ki, əvvəlki zamanlarda olduğu kimi, rəsmi Bakı yenə də bu təzyiqlərə boyun əyməyəcək, öz maraqlarından, əlbəttə ki, imtina etməyəcək. Təzyiqə təzyiq cavabı ilə qarşı tərəfin oyunlarına getməyəcək və öz maraqlarını üstün tutacaq. Rusiyada, əlbəttə ki, münasibətləri tamamilə korlamaq məsələsində indi həvəsli görünməyəcək. Ən azı düşünmürəm ki, Putin belə bir situasiyada öz ölkəsini daha çətin vəziyyətə salacaq. Tək Azərbaycan deyil, Azərbaycanla bərabər digər ölkələrə qarşı da aqressiv ritorikanı, aqressiv siyasətlə əvəzləməyəcək, əksinə müəyyən bir zaman sonra dialoq yolu ilə bu məsələlərdə, digər təzyiq edilən məsələlər kimi, öz həllini tapacaq".
Zeynəb Mustafazadə