Bəhruz Quliyev: “Moskva hərbi gücünü qorusa da, siyasi cəhətdən məhdudlaşır” – ÖZƏL

"Bu gün dünya siyasətində diqqət çəkən əsas reallıqlardan biri Rusiyanın əvvəlki kimi geniş tərəfdaş çevrəsinə malik olmamasıdır. Moskvanın ən açıq siyasi və hərbi dayaqları sırasında Belarus və Şimali Koreyanı göstərmək mümkündür. Lakin burada bir məqamı da düzgün qiymətləndirmək lazımdır. Çin və Hindistan kimi böyük dövlətləri Rusiyanın klassik mənada müttəfiqi adlandırmaq doğru olmaz. Onlar, ilk növbədə, öz milli maraqlarından çıxış edirlər. Məsələn, Çin Rusiya ilə ticarəti və enerji əməkdaşlığını genişləndirir, amma bu, Pekinin Moskvanın bütün siyasi qərarlarını dəstəkləməsi anlamına gəlmir".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, əslində, Rusiyanın bugünkü vəziyyətinin kökündə 2022-ci ildən sonra Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə və bunun yaratdığı geosiyasi nəticələr dayanır. Avropa İttifaqı artıq 21-ci sanksiya paketini qəbul edib və Rusiyanın enerji, maliyyə, ticarət və hərbi sənaye sektorlarına təzyiqi davam etdirir. Moskva uzun illər enerji resurslarını, hərbi gücünü və coğrafi mövqeyini xarici siyasətinin əsas alətlərinə çevirərək ətrafında özünə bağlı siyasi məkan formalaşdırmağa çalışıb. Lakin indi həmin model ciddi şəkildə sarsılıb. Bir sıra ölkələr Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirir, çünki Moskva ilə həddindən artıq yaxınlığın özləri üçün ikinci dərəcəli sanksiya, reputasiya və təhlükəsizlik riskləri yaratdığını görürlər. Bu baxımdan Çin məsələsi xüsusilə maraqlıdır. Pekin Moskva ilə əməkdaşlığı davam etdirir, lakin Çin bunu Rusiyaya siyasi sədaqət nümayiş etdirmək üçün deyil, öz iqtisadi və strateji maraqları naminə edir. Çin Rusiyanın enerji resurslarından, Rusiya isə Çin bazarından və texnologiyalarından faydalanır. Bu, daha çox qarşılıqlı asılılıq modelidir. Eyni zamanda bu münasibətdə tərəflərin çəkisi bərabər deyil və Rusiya getdikcə Çindən daha çox asılı vəziyyətə düşür.

"Hesab edirəm ki, Şimali Koreya ilə münasibətlər isə tamamilə başqa xarakter daşıyır. Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlıq son illərdə ciddi şəkildə dərinləşib. Rusiya rəsmiləri də iki ölkənin yeni dünya düzəninin formalaşdırılması istiqamətində əməkdaşlığını açıq şəkildə vurğulayırlar. Burada Rusiyanın qarşısında çox ciddi sual dayanır. Yəni, nəhəng dövlət olmaq başqa şeydir, geniş və etibarlı müttəfiqlər sisteminə malik olmaq isə tamam başqa. Rusiya hələ də nüvə silahına, böyük orduya, enerji resurslarına və BMT Təhlükəsizlik Şurasında veto hüququna malik güclü dövlətdir. Ona görə də "Rusiya tamamilə təcrid olunub" demək də düzgün olmaz. Lakin əvvəlki Rusiyadan fərqli olaraq, Moskvanın təsir imkanlarının coğrafiyası daralır və ən böyük problem də məhz budur.

Rusiyanın qarşısında iki yol görünür. Birinci yol qarşıdurmanı daha da dərinləşdirmək, Qərblə münasibətləri tamamilə bloklaşdırmaq və Çin, Şimali Koreya, Belarus kimi tərəfdaşlarla daha sıx əməkdaşlığa getməkdir. İkinci yol isə xarici siyasətdə yeni mərhələyə keçmək, Ukrayna müharibəsinin siyasi həllinə real şəkildə yanaşmaq, Avropa ilə münasibətləri tədricən normallaşdırmaq və itirilmiş etimadı bərpa etməyə çalışmaqdır. Düşünürəm ki, Rusiyanın gələcəyi məhz bu seçimdən asılı olacaq. Çünki heç bir böyük dövlət uzunmüddətli perspektivdə yalnız hərbi güc hesabına beynəlxalq nüfuzunu qoruya bilməz. İqtisadiyyat, texnologiya, diplomatiya, etimad və müttəfiqlər sistemi də ən azı tank və raket qədər vacibdir. Bugünkü proseslər göstərir ki, Rusiyanın ən böyük problemi düşmənlərinin çoxalması deyil, etibarlı tərəfdaşlarının azalmasıdır. Bu tendensiya davam edərsə, Moskva hərbi baxımdan güclü dövlət olaraq qala bilər, amma siyasi və iqtisadi baxımdan getdikcə daha çox məhdudlaşan bir gücə çevrilə bilər. Ona görə də qarşıdakı illər Rusiya üçün sadəcə Ukrayna müharibəsinin taleyi baxımından deyil, ümumilikdə onun dünya siyasətindəki yerinin müəyyənləşməsi baxımından həlledici olacaq", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31