Hansısa informasiya təhdidi Azərbaycanın siyasi iradəsini dəyişmək gücündə deyil
10:10 SiyasətAzərbaycan prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı verdiyi mesajlar dünya dövlətləri tərəfindən təhlil edilməkdərir. Ölkə başçısının qarşıya qoyduğu hədəflər, irəli sürdüyü təşəbbüslər hansı dövlətin maraqlarına uyğundursa həmin ölkələr Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər. Azərbaycanın hədəflərindən xoflanan yaxın-uzaq qonşularımız isə hədə-qorxu, təzyiq yolu seçiblər. Cənub qonşumuz İranın Xəzər dənizi ilə bağlı ortaya atdığı fikir, şimal qonşumuz Rusiyanın ölkə mətbuatında ölkəmizin konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı səsləndirilən ittihamlar buna bariz nümunədir.
Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Belə ki, Rusiya Federasiyası vətəndaşları - "Moskva 24" telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 14 iyul 2026-cı il tarixdə "YouTube" platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, həmin şəxslər 13 avqust 2026-cı il tarixdə qeyd olunan kanalda yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Rusiyanın rəsmi orqanlarının birbaşa nəzarətində olan bu kimi mətbuat subyektlərinin Azərbaycana qarşı ən müxtəlif istiqamətdə əsassız ittihamlar irəli sürməsi birinci hal deyil. Rusiya mətbuatı tərəfindən hər dəfə ölkəmizlə bağlı münasibətdə belə iyrənc üsullara əl atması adi hal alıb. Hər dəfə də Rusiya rəsmiləri bunun dövlətin mövqeyi olmadığıni deyərək "sudan quru çıxmaq" yolu çeçiblər. Elə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın "həmin şəxslərin bəyanatları heç bir halda Moskvanın Azərbaycan ilə münasibətlərə yanaşmasını əks etdirmir" açıqlaması illərin ssenarisinin hələ də dəyişmədiyini təsdiqləyir. Əslində isə Rusiya-Azərbaycan münasibətləri qüvvədə olan ikitərəfli müqavilə, konkret olaraq 2022-ci il fevralın 22-də Moskvada iki ölkə liderləri tərəfindən imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə əsasında inkişaf etdirilməlidir. Görünür qarşı tərəf sözdə bir, əməldə isə başqa hərəkət edərək dövlət adından imzalanmış rəsmi müqaviləyə belə hörmət eləmir.
Heç şübhəsiz ki, istər Rusiya dövləti, istərsə də mətbuat orqanları Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən qanunsuz əməllərə qarşı milli qanunvericiliyin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq qətiyyətli hüquqi tədbirlərin görülməsi hüququnun olmasından xəbərsiz deyillər. Belə halda, əgər bilərəkdən ölkəmizə qarşı hədə-qorxu yolu seçirlərsə, onun cavab reaksiyasını da nəzərdən qaçırmamalıdırlar. Nəzərə alınmalıdır ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə rəsmi səviyyədə dostluq xətti qorunsa da, bəzi Rusiya KİV-lərində və ekspert dairələrində müşahidə olunan sərt ritorika, informasiya təzyiqləri və diaspor xəttində yaşanan gərginliklər ictimaiyyətdə narahatlıq doğurur. Moskvanın bu cür davranışları Azərbaycanın müstəqil xarici siyasəti və artan regional mövqeyi fonunda təzyiq vasitəsi kimi qiymətləndirilir. Ekspertlər hesab edir ki, bu cür informasiya hücumları birbaşa siyasi təzyiqdən əvvəl cəmiyyətdə psixoloji ab-havanı və mövqeləri zəiflətmək məqsədi daşıyan taktiki gedişdir.
Nəhayət Rusiya dərk etməlidir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə nəinki regionda, eləcə də dünyada yeni reallıqlar yaratmış oldu. Xüsusən Cənubu Qafqazda formalaşmış yeni siyasi, iqtisadi əməkdaşlıq, yeni münasibətlər diktə edir. Başqa sözlə, ölkənin nəqliyyat, enerji və diplomatik imkanlarının genişlənməsi, Türk dövlətləri ilə əlaqələrin dərinləşməsi, Avropa ilə strateji tərəfdaşlığın inkişafı və regional kommunikasiya layihələrində Azərbaycanın əsas təşəbbüskar mövqeyə yüksəlməsi ölkəmizin geosiyasi çəkisini daha da artırır. Belə bir şəraitdə Azərbaycandan nəsə qoparmaq yox, mehriban qonşuluq, səmərəli əməkdaşlıq, müştərək layihələrin icrasına üstünlük verilməlidir. Hazırda Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm bağlantı məkanlarından biridir. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Orta Dəhliz, Zəngəzur istiqamətində formalaşan yeni nəqliyyat perspektivləri Azərbaycanın yalnız regionda deyil, beynəlxalq aləmdə nüfuzunu artırmış olur. Artıq dünyanın aparıcı dövlətləri enerji, nəqliyyat, eləcə də siyasi dialoq baxımından ölkəmizlə hesablaşmaq zorunda qalıblar. Bu baxımdan Azərbaycanın müstəqil siyasət yürütməsi, iqtisadi əməkdaşlığı genişləndirməsi hansısa dairələri narahat etməməlidir. Çünki, Azərbaycan iqtisadi və hərbi baxımdan kifayət qədər inkişaf edib, hegemon dövlətlərin isə əvvəlki təsir mexanizmləri tükənib. Belə halda qətiyyətlə demək olar ki, hansısa informasiya təhdidi Azərbaycanın siyasi iradəsini dəyişmək gücündə deyil. Əksinə, təhdid dili və təhqiramiz ritorika cəmiyyətin daha da səfərbər olmasına təkan verir.
Alim Hüseynli