“Tarixi şəxsiyyətləri qaralamaq təhlükəli cəhddir” – Elman Cəfərli- ÖZƏL
09:15 Siyasət"Tarixi şəxsiyyətləri qaralamaq, tariximizi boş qoymaq təhlükəli cəhddir. Bu tipli kampaniyalara qoşulanların çoxu küyə gedir və əslində zərərli bir işlə məşğul olduqlarının fərqinə varmırlar". Bu sözləri Olaylar.az-a açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib. Onun sözlərinə görə, dövlətçilik tariximizi "vitrinsiz qoymaq" cəhdləri ziyanlıdır: "Rusiya Ukraynaya hücum edəndə Kreml ideoloqlarının əsas tezislərindən biri bilirsiz nə idi? Onlar tutuquşu kimi əzbərləyirdilər: "Ukrayna dövləti mövcud olmayıb", "Ukrayna xalqının dövlətçilik ənənəsi yoxdur, onlar həmişə Rusiyanın bir parçası olublar". Maraqlıdır ki, bu gün də Kreml quzğunları həmin ideoloji kursu davam etdirirlər. Rusiya ordusu Ukrayna bataqlığına saplanmasaydı, planladıqları kimi ildırım sürətli müharibə ilə Kiyevi tutsaydılar, Ukrayna dövlətini bölməyi bacarsaydılar, bu gün keçmiş sovet düşərgəsində vəziyyət başqa cür ola bilərdi. Kreml əksər dövlətlərə ərazi iddiası irəli sürər, "siz bir zamanlar Rusiyanın bir parçası olmusunuz, dövlətçiliyiniz yoxdur" deyərək işğalçılıq siyasəti aparardılar. Bu nöqteyi -nəzərdən tarixi şəxsiyyətlərimizə, xüsusilə dövlət qurmuş simalara qarşı həssas yanaşma olmalıdır. Bütün səhvlərinə və yanlışlarına rəğmən, tarixi şəxsiyyətlərimizi, xüsusən dövlət qurmuş parlaq simalarımızı gözdən salmaq olmaz. Bir şeyi nəzərə alaq ki, orta əsrlərdə qansız-qadasız dövlət qurmaq olmazdı. Zorakı üsullar olmadan islahatlar aparmaq mümkün deyildi. Mərkəzləşmiş dövlət qurmaq olduqca çətin idi və bunun üçün qılınca əl atmaq, lazım gəlsə qırğınlara getmək, bütövlükdə obaları sürgün etmək təbii qarşılanırdı. Həmin dövrün siyasi reallıqları və dövlətçilik anlayışı tamam başqa idi. O dövrü bu günün meyarları ilə mühakimə etmək doğru deyil.Şah İsmayıl haqqında da danışarkən bunları nəzərə almalıyıq".
Elman Cəfərli bildirib ki, xüsusən iki tarixi şəxsiyyət Quzey və Güney Azərbaycanda sevilir: "Bunlar ərəb xilafətinə qarşı üsyanın rəhbəri Babək Xürrəmi və Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətaidir. Hər ikisi birlik simvolu olaraq Güney Azərbaycanda sevilirlər. Hər il minlərlə insan Babək qalasına üz tutaraq mədəni kütləvi tədbirlər keçirirlər. Şah İsmayıl isə Azərbaycanı birləşdirmiş tarixi şəxsiyyət kimi ayrıca sevilir. Xətai bizim danışdığımız dildə şeirlər yazıb, fərmanlar verib, ana dilimizi saraya daşıyıb, dövlət qurub və sərhədlərimizi genişləndirib. Ona ehtiram göstərmək, onu sevmək üçün bunlar yetərli deyilmi? Bu gün dünyada minlərlə xalq var, onun cəmi 200-nün dövləti var. Orta əsrlərdə dövlət, özü də Səfəvilər boyda dövlət qurmaq asan idimi? Xətaiyə, onun irsinə, tarixi xidmətlərinə bölücü məzhəbçi zehniyyəti ilə yanaşmaq düzgün deyil.Tarixi şəxsiyyətləri ideallaşdırmayaq, amma onları gözdən salmaq, tariximizi boş qoymaq da yolverilməzdir. Bu, bizi əzməyə fürsət axtaran iri dövlətlərin əlinə fürsət verə bilər".
E.Cəfərli deyib ki, kimin nə deməsindən asılı olmayaraq Güney Azərbaycanla bağlı ideoloji işlərə son vermək olmaz: "Unutmaq lazım deyil ki, Güney Azərbaycanda bizim 40 milyon soydaşımız yaşayır. Onlar bizimlə eyni dildə danışır, eyni əqidəyə qulluq edir, eyni adət-ənənəni bölüşür. Bizim heç bir dövlətə ərazi iddiamız yoxdur, amma 40 milyonluq toplumun gözümüzün önündə farsların içində əriməsinə də dözə bilmərik. Güneydə ana dilimizi yaşatmaq üçün bütün addımları atmalıyıq. Güney Azərbaycanda bizim minlərlə ana dili təbliğatçısı-aşıq var. Onları Quzeydə tanıtmalı, Arazın bu tayına dəvət etməli, konsertlərini təşkil etməli, mahnılarından ibarət albomlarını buraxmalıyıq. Qoy, özlərini yalnız hiss etməsinlər. Görsünlər ki, 10 milyon Azərbaycan vətəndaşı onların arxasındadır".