Azərbaycanı hədəfə alan Rusiya mediası: təsadüf, yoxsa məqsədli kampaniya?- ÖZƏL
10:13 SiyasətSon dövrlərdə Rusiyanın media və informasiya məkanında Azərbaycan dövlətinə, xalqına və ölkə rəhbərliyinə qarşı təhqir, təhdid və açıq təxribat xarakterli çıxışların yenidən baş qaldırması, həmçinin ardıcıl şəkildə təkrarlanması ciddi suallar doğurur. Eyni məzmunlu fikirlərin müxtəlif platformalarda, müxtəlif tarixlərdə və fərqli şəxslər tərəfindən ardıcıl şəkildə səsləndirilməsi artıq bunu ayrı-ayrı jurnalistlərin və ya "ekspertlərin" məsuliyyətsiz çıxışları kimi təqdim etməyə imkan vermir.
Bir dəfə baş verən təxribat təsadüfi hal sayıla bilər. Eyni ritorikanın müxtəlif platformalarda sistemli şəkildə təkrarlanması isə artıq diqqətlə araşdırılmalı tendensiyadır.
13 avqust 2026-cı ildə "Çastota ponimaniya" layihəsi çərçivəsində yayımlanan verilişdə Azərbaycan dövlətinə, xalqına və ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirilib. Bundan əvvəl, avqustun 7-də "Sputnik" radiosunda Azərbaycan rəhbərliyinin guya "Rusiyanın terrorçu və ekstremistlər siyahısına" daxil edilə biləcəyi barədə səsləndirilən iddialar, avqustun 9-da "YouTube" platformasında və avqustun 16-da "Spas" telekanalında Azərbaycan rəhbərliyinə qarşı təhqir və təhdid məzmunlu fikirlər yayılıb.
Bütün bunlar ən azı belə bir sualı ortaya qoyur: söhbət həqiqətən ayrı-ayrı şəxslərin məsuliyyətsiz çıxışlarından gedir, yoxsa Azərbaycan əleyhinə ardıcıl informasiya təzyiqi formalaşdırılır? Əsas suallardan biri də budur: niyə məhz Azərbaycan?
Bu suala cavab axtararkən tarixi Zəfər qazanmış Azərbaycanın həyata keçirdiyi müstəqil və milli maraqlara əsaslanan xarici siyasətini nəzərdən qaçırmaq olmaz. Azərbaycan heç bir güc mərkəzinin siyasi iradəsinə uyğun hərəkət edən ölkə deyil. Bakı öz qərarlarını özü verir, milli maraqlarını özü müəyyənləşdirir və xarici siyasətini başqa paytaxtların gözləntilərinə uyğunlaşdırmır. Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərini qarşılıqlı maraq, bərabərlik və suverenlik prinsipləri əsasında qurması onun siyasi kursunun əsas xüsusiyyətlərindəndir. Məhz bu müstəqil mövqe bəzi dairələrdə keçməyən qarınağrısına səbəb olur...
Görünür, qalib Azərbaycanın regionda artan siyasi çəkisi, bölgədə sülhün əsas təminatçılarından birinə çevrilməsi, milli maraqlarını daha prinsipial şəkildə müdafiə etməsi və müxtəlif güc mərkəzləri ilə münasibətlərdə öz maraqlarını ön plana çıxarması müəyyən çevrələrə heç cür rahatlıq vermir. Azərbaycanın "kiminsə yanında olmaq" deyil, ilk növbədə öz dövlət maraqlarının yanında olmaq siyasəti bəziləri üçün arzuolunmazdır.
Lakin siyasi fikir ayrılığı ilə təhqir və təhdid arasında ciddi fərq var. Daha təhlükəli məqam da məhz budur. Məsələ artıq yalnız Azərbaycanın xarici siyasətinin hər hansı istiqamətinin tənqidindən ibarət deyil. Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirəyə çıxarılması, ölkə rəhbərliyinə qarşı çağırışların səsləndirilməsi siyasi polemikanın və məsuliyyətli jurnalistikanın qəbul edilən sərhədlərindən kənara çıxır. Heç bir xarici media platforması Azərbaycan xalqının siyasi iradəsini müəyyən edə bilməz. Azərbaycanın daxili siyasi prosesləri Moskvanın televiziya studiyalarında, radio efirlərində və ya sosial media platformalarında formalaşdırılmır. Bu iradəni Azərbaycan xalqının özü müəyyən edir və bu reallıq hər kəs tərəfindən qəbul olunmalıdır.
Azərbaycan-Rusiya münasibətlərinə zərər vuran bu cür ritorika ilə bağlı Azərbaycan tərəfinin müxtəlif səviyyələrdə narahatlığını ifadə etməsinə baxmayaraq, oxşar çıxışların yenidən və daha sərt formada səsləndirilməsi məsuliyyət məsələsini də gündəmə gətirir.
Burada başqa mühüm məqam da var: Azərbaycan bu prosesə yalnız özünə qarşı səsləndirilən ittihamlara cavab verməklə kifayətlənməyə bilər. Dövlətlərarası münasibətlərdə qarşılıqlılıq prinsipi mühüm əhəmiyyət daşıyır. Əgər Rusiya media məkanında Azərbaycanın daxili və xarici siyasəti, dövlət rəhbərliyi və milli maraqları haqqında sərt, təhqiramiz və təhdidkar müzakirələr aparılırsa, Azərbaycanın da Rusiyanın siyasi, iqtisadi və sosial gündəmindəki məsələlərə münasibət bildirmək hüququ var. Problemlər içində olan Rusiya Federasiyası ilə bağlı müzakirəyə çıxarılası o qədər mövzu var ki...
Lakin Azərbaycan indiyədək dövlətlərarası münasibətlərə məsuliyyətlə yanaşaraq Rusiyanın daxili problemlərini siyasi təzyiq alətinə çevirməyib. Bakı iki ölkə arasındakı münasibətlərdə gərginliyi artırmaqdan deyil, qarşılıqlı hörmət, suverenliyə müdaxilə etməmək və bərabərhüquqlu dialoq prinsiplərindən çıxış edib. Ancaq bu yanaşma Azərbaycanın özünə qarşı sistemli təxribatlara səssiz qalacağı anlamına gəlmir. Azərbaycan da öz milli maraqlarını, dövlətçiliyini və siyasi iradəsini müdafiə etmək hüququna malikdir. Ölkənin daxili işlərinə müdaxilə cəhdləri hansı platformadan və hansı şəxslər tərəfindən səsləndirilməsindən asılı olmayaraq qəbuledilməzdir. Bu baxımdan məsələ artıq yalnız ayrı-ayrı şəxslərin məsuliyyətsiz açıqlamalarından ibarət deyil. Əgər bu cür təxribat xarakterli çıxışlar ardıcıl şəkildə davam edirsə, Rusiya tərəfi də bununla bağlı mövqeyini ortaya qoymalı və müvafiq tədbirlər görməlidir. Media azadlığı heç bir halda başqa dövlətə qarşı təhqir, təhdid və daxili işlərə müdaxilə üçün bəhanə ola bilməz.
Azərbaycan-Rusiya münasibətlərinin sağlam gələcəyi qarşılıqlı hörmətə, suverenliyə və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipinə əsaslanmalıdır. Bu münasibətlərin qorunması yalnız Azərbaycanın deyil, Rusiyanın da məsuliyyətidir. İndi söz və məsuliyyət Rusiya tərəfinindir. Azərbaycanı hədəfə alan bu cür təxribatlara son qoyulması, onları təşkil edən və ya yayan şəxslərin hərəkətlərinə münasibət bildirilməsi və iki ölkə arasında münasibətlərə xələl gətirən bu ritorikanın qarşısının alınması vacibdir. Əks halda, ayrı-ayrı media çıxışları kimi təqdim olunan bu hadisələr dövlətlərarası münasibətlərə təsir edən daha ciddi problemə yol aça bilər...
Elman Babayev
Əməkdar jurnalist