Naxçıvanın yeni iqtisadi modeli: nəqliyyat, logistika, sənaye və ixrac- ÖZƏL
15:02 Siyasət" Azərbaycan Prezidentinin Naxçıvana səfəri bölgənin strateji və iqtisadi əhəmiyyətini bir daha gündəmə gətirdi. Naxçıvanda həyata keçirilən nəqliyyat, infrastruktur və investisiya layihələri regionun gələcək iqtisadi inkişafı üçün ciddi imkanlar yaradır. Lakin burada əsas məsələ yalnız yeni yolların, obyektlərin və infrastrukturun tikilməsi deyil. Məncə əsas məsələ bu investisiyaların nə qədər əlavə iqtisadi dəyər, yeni iş yeri, istehsal və ixrac yaratmasıdır. Naxçıvanın əsas iqtisadi üstünlüyü onun coğrafi mövqeyidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib. Ekspert bildirib ki, Türkiyə və İranla sərhəddə yerləşməsi, Ermənistanla sərhəd imkanları və Azərbaycanla nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi regiona çoxşaxəli logistika və ticarət imkanları verir. Bu üstünlük düzgün istifadə olunarsa, Naxçıvan yalnız tranzit ərazi deyil, Türkiyə, İran, Azərbaycan və daha geniş regional bazarlar arasında yük axınlarının formalaşdığı logistika mərkəzinə çevrilə bilər:
" Amma mən hesab edirəm ki, Naxçıvanın gələcək iqtisadi modelini yalnız tranzit üzərində qurmaq olmaz. Yükün sadəcə Naxçıvandan keçməsi məhdud əlavə dəyər yaradır. Əsas iqtisadi effekt o zaman yaranır ki, yük burada saxlanılır, çeşidlənir, qablaşdırılır, emal edilir və daha sonra başqa bazarlara göndərilir. Buna görə Naxçıvanda logistika terminalları, anbar kompleksləri, gömrük-logistika mərkəzləri və distribusiya infrastrukturu ilə yanaşı, həmin logistikanı istifadə edən sənaye müəssisələri də yaradılmalıdır.Nəqliyyat əlaqələrinin genişlənməsi Naxçıvana investisiya baxımından da ciddi üstünlük verə bilər. Çünki investor üçün məhsulun istehsal edilməsi qədər onun bazara çatdırılma xərci də vacibdir. Logistika xərcləri aşağı düşdükcə Naxçıvanda istehsalın rəqabət qabiliyyəti artır. Bu isə regionda aqroemal, qida sənayesi, tikinti materialları, yüngül sənaye, anbar və logistika xidmətləri kimi sahələrə yeni investisiyaların gəlməsinə şərait yarada bilər.Burada dövlətin rolu da düzgün müəyyənləşdirilməlidir. Dövlət bütün biznes layihələrini özü həyata keçirməməlidir. Dövlət əsas infrastrukturu və investisiya mühitini yaratmalı, özəl sektor isə kapitalı, texnologiyanı və idarəetməni gətirməlidir. Bunun üçün sənaye zonalarında hazır infrastruktur, enerji təminatı, torpaq əlçatanlığı, vergi və gömrük təşviqləri, güzəştli maliyyələşmə və investisiyaların qorunması mexanizmləri tətbiq edilə bilər.Xüsusilə xarici investorun Naxçıvana gəlməsi üçün yalnız "strateji mövqe" arqumenti kifayət etməyəcək. İnvestor konkret olaraq "mən burada nə qədər qazanacağam, məhsulumu hansı bazara və hansı xərclə çıxaracağam və investisiyamın hüquqi təhlükəsizliyi necə təmin olunacaq?" suallarına cavab axtaracaq. Ona görə Naxçıvanda investisiya siyasəti real biznes göstəriciləri üzərində qurulmalıdır.Naxçıvanın inkişafında ən böyük iqtisadi risk isə ondan ibarətdir ki, infrastruktur yaradılsın, amma həmin infrastrukturu istifadə edən iqtisadi fəaliyyət formalaşmasın. Yeni yol və dəmir yolu özü-özlüyündə iqtisadi inkişaf deyil. Əgər onların üzərindən yük həcmi artmırsa, yeni müəssisələr yaranmırsa, ixrac genişlənmirsə və məşğulluq yüksəlmirsə, investisiyanın iqtisadi multiplikatoru aşağı düşür. Buna görə hər bir iri layihənin nəticəsi konkret KPI-larla ölçülməlidir.Məncə, Naxçıvan üçün nəqliyyat-logistika-sənaye-ixrac" vahid iqtisadi modeli qurulmalıdır. Məsələn, yeni nəqliyyat infrastrukturu yük axını yaradır, logistika mərkəzi həmin yükü qəbul edir, sənaye müəssisələri xammalı emal edir, hazır məhsul isə Türkiyə, İran və digər regional bazarlara ixrac olunur. Bu zəncir qurulduğu halda bir infrastruktur layihəsi eyni zamanda nəqliyyat gəliri, sənaye istehsalı, əməkhaqqı, vergi və ixrac gəliri yarada bilər.Naxçıvanın yeni dövrünün uğuru tikilən obyektlərin sayı ilə deyil, yaradılan iqtisadi dəyərlə ölçülməlidir. Qarşıdakı illərdə əsas göstəricilər yeni investisiyaların həcmi, tranzit yük axınları, qeyri-neft ixracı, sənaye istehsalı, yaradılan iş yerləri, logistika xərclərinin azalması və əhalinin gəlirlərinin artımı olmalıdır. Əgər coğrafi üstünlük düzgün idarə olunarsa, Naxçıvan Azərbaycanın Türkiyə və İran istiqamətində strateji logistika və sənaye qapısına, daha geniş mənada isə regional iqtisadi əməkdaşlığın mühüm platformasına çevrilə bilər".
Zeynəb Mustafazadə