“İranın Məkkə Paktına qoşulması Yaxın Şərqdəki bütün balansları köklü şəkildə dəyişə bilər” – ŞƏRH – ÖZƏL

"Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında avqustun 7-də imzalanmış Məkkə Birgə Müdafiə Sazişinə İran və Misirin mümkün qoşulması artıq sadəcə hərbi məsələ deyil, bütövlükdə İslam dünyasının yeni geosiyasi təhlükəsizlik arxitekturasının formalaşması məsələsidir. Əvvəla, qeyd etmək lazımdır ki, bu sazişin yaranması təsadüfi proses deyil. Yaxın Şərqdə təhlükəsizlik mühitinin kəskin dəyişməsi, İsrail faktorunun yaratdığı gərginlik, İranla bağlı təhlükəsizlik narahatlıqları, Hindistan-Pakistan qarşıdurmasının yaratdığı yeni reallıqlar müsəlman ölkələrini kollektiv müdafiə mexanizmləri barədə daha ciddi düşünməyə vadar edir. Sazişdə bir üzvə qarşı silahlı hücumun bütün üzvlərə qarşı hücum hesab olunması prinsipi də məhz bu baxımdan diqqət çəkir".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, Pakistanın Moskvadakı səfiri Tirmizi Faysal Niyazın İran və Misirin mümkün iştirakına etiraz edilmədiyini bildirməsi isə mühüm diplomatik mesajdır. Bu, İslamabadın yeni təhlükəsizlik platformasını yalnız üç ölkənin qapalı hərbi ittifaqı kimi görmədiyini göstərir. Misirin bu struktura qoşulması daha real görünür. Misir həm ərəb dünyasında, həm də Afrika və Yaxın Şərq təhlükəsizlik sistemində xüsusi çəkisi olan dövlətdir. Türkiyənin də Qahirəni "təbii tərəfdaş" kimi təqdim etməsi təsadüfi deyil. Misirin iştirakı sazişə yalnız əlavə hərbi imkanlar deyil, həm də ciddi siyasi legitimlik qazandıra bilər. İran məsələsinə gəlincə, burada vəziyyət daha mürəkkəbdir. Tehranın ilkin reaksiyası göstərir ki, İran bu təşəbbüsə ehtiyatla yanaşır. Çünki bir tərəfdən İran İslam dünyasında kollektiv təhlükəsizlik ideyasını rədd etməkdə maraqlı deyil, digər tərəfdən isə Səudiyyə Ərəbistanı ilə eyni müdafiə mexanizminə daxil olmaq ciddi strateji suallar doğurur. Üstəlik, sazişin yaranması İranın regiondakı hərbi imkanlarının yaratdığı narahatlıqlar fonunda baş verdiyi üçün Tehran bu ittifaqın özünə qarşı yönəlmədiyinə dair daha konkret təminatlar tələb edə bilər. Lakin paradoksal məqam da məhz budur ki, əgər İran bu platformaya qoşulsa, sazişin mahiyyəti tamamilə dəyişə bilər. O zaman söhbət "Səudiyyə-Türkiyə-Pakistan" formatından deyil, sünni və şiə dünyasının əsas regional güclərini bir təhlükəsizlik çətiri altında birləşdirən daha geniş İslam təhlükəsizlik mexanizmindən gedər. Bu isə Yaxın Şərqdə geosiyasi balansı köklü şəkildə dəyişə bilər. Misirin və xüsusilə İranın iştirakı "Müsəlman NATO-su" adlandırılan strukturun çəkisini həm hərbi, həm siyasi, həm də diplomatik baxımdan artırar. Pakistanın nüvə potensialı, Türkiyənin hərbi sənayesi və NATO təcrübəsi, Səudiyyə Ərəbistanının maliyyə və enerji imkanları, Misirin böyük ordusu və İranın raket, pilotsuz uçuş aparatları və regional hərbi imkanları bir araya gəldikdə, ortaya kifayət qədər ciddi güc mərkəzi çıxar.

"Amma burada bir mühüm məqamı da unutmaq olmaz ki, belə bir ittifaqın yaradılması hələ onun NATO səviyyəsində institusional gücə malik olması demək deyil. Bunun üçün vahid komanda strukturu, ortaq hərbi doktrina, kəşfiyyat mübadiləsi, birgə təlimlər, müdafiə sənayesi əməkdaşlığı və ən əsası, üzv ölkələrin böhran zamanı bir-birinin müdafiəsinə real siyasi iradəsi lazımdır. Hazırkı saziş də məhz bu istiqamətdə siyasi və hərbi koordinasiya mexanizmlərinin yaradılmasını nəzərdə tutur.
Digər tərəfdən, Pakistan müdafiə nazirinin bu ittifaqın İsrail-Hindistan blokuna qarşı balans yaradacağı barədə açıqlamaları göstərir ki, İslamabad sazişi yalnız regional müdafiə mexanizmi kimi deyil, daha geniş geosiyasi balans aləti kimi də görür. Pakistanın "İslam NATO-su" ideyasını açıq şəkildə gündəmə gətirməsi bu baxımdan xüsusilə diqqətçəkəndir. Mənim qənaətimcə, yaxın perspektivdə Misirin qoşulması İranın qoşulmasından daha realdır. İranın iştirakı isə daha çox diplomatik prosesdən, Səudiyyə Ərəbistanı ilə münasibətlərin inkişafından və sazişin hansı istiqamətdə institusionallaşacağından asılı olacaq. Əgər bu proses uğurla davam edərsə, Məkkə sazişi Yaxın Şərqdə yeni bir təhlükəsizlik qütbünün başlanğıcına çevrilə bilər. Əgər İran və Misir də bu mexanizmə daxil olarsa, artıq söhbət sadəcə "Müsəlman NATO-su"ndan yox, İslam dünyasının müxtəlif siyasi və məzhəbi mərkəzlərini bir araya gətirməyə çalışan yeni kollektiv təhlükəsizlik modelindən gedəcək. Bu isə ABŞ, Rusiya, Çin, İsrail və Hindistanın da regiona münasibətinə təsirsiz ötüşməyəcək. Çünki İslam dünyasının əsas hərbi və iqtisadi güclərinin vahid təhlükəsizlik mexanizmində birləşməsi Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə biləcək yeni geosiyasi reallıq deməkdir", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31