İran və Misir “Məkkə müqaviləsi”nə qoşularsa, regionda nə dəyişəcək?- ÖZƏL
11:43 SiyasətPakistan İran və Misirin "Məkkə müqaviləsi"nə qoşulmasına etiraz etmir. Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən avqustun 7-də imzalanan müqaviləyə əsasən, üzvlərdən birinə hücum bütün ittifaqa hücum sayılır. Tehran sazişi İrana qarşı addım kimi qiymətləndirib, imzaçı ölkələr isə onun müdafiə xarakterli olduğunu bildiriblər. Pakistan müdafiə naziri Xavaca Asif isə ittifaqın İsrail-Hindistan blokunu neytrallaşdırmalı olduğunu açıqlayıb.
İran və Misirin bu ittifaqa qoşulması Yaxın Şərqdə qüvvələr balansına necə təsir göstərə bilər? Pakistanın "Məkkə müqaviləsi"nin İsrail-Hindistan blokuna qarşı yönələ biləcəyi ilə bağlı açıqlaması sazişin regional təhlükəsizlik baxımından mahiyyətini dəyişirmi?
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
"Əlbəttə, əgər İran və Misir Məkkə İttifaqına qoşulacaqlarsa, bu, regional müstəvidə ciddi dəyişiklik demək olacaq. Ona görə ki, əgər biz bu günə qədər Türkiyənin Səudiyyə ilə, İranla və yaxud da Misirlə müəyyən problemlər və anlaşmazlıqlar içində olduğu bir siyasi reallıqdan danışırdıqsa, əgər İran və Misir də qoşularsa, artıq bu anlaşmazlıqların kənara atılıb müttəfiq tərəfdaş statusuna keçildiyi bir geosiyasi reallıq ortaya çıxacaq. Hərçənd biz nəzərə almalıyıq ki, artıq belə bir reallıq formalaşıb. Yəni, İran və Misir Məkkə sazişində olmasa da, Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan üçlüsünün belə bir sazişlə ittifaq formalaşdırması artıq ən azından Səudiyyə və İran arasında səmimi dialoq və müttəfiqlik, ən azından strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu deməyə əsas verir ki, bu özü də artıq Yaxın Şərq üçün yeni reallıqdır, yeni çağırışdır və bu, əlbəttə ki, regional problemlərin həllində, anlaşmazlıqların sülh və qarşılıqlı anlaşma yolu ilə həllində effektiv nəticə verəcək. İran və Misir qoşularsa, artıq onda Yaxın Şərqin siyasi mənzərəsi demək olar ki, tamamilə dəyişəcək. Çünki burada artıq siyasi reallıqlardan ziyadə dini və ideoloji fərqliliklər baxımından da mövcud olan anlaşmazlıqlar, bəzən bu anlaşmazlıqların qarşıdurmaya çevrildiyi mənfi tendensiyalar da aradan qalxa bilər ki, bu da Yaxın Şərqdə ümumiyyətlə tarix boyu yaşanan problemlərin bir çoxunun əsas səbəbi olan dini faktorları, dini qarşıdurma kimi acı reallıqları ortadan qaldıra bilər. Həmçinin regionda yeni iqtisadi reallıq yaranacaq, yeni siyasi müttəfiqlik münasibətləri ortaya çıxacaq və təhlükəsizlik arxitekturasını yenidən və daha sağlam inşa etmək mümkün olacaq. Nəyə görə? Çünki bu gün Yaxın Şərqdə terror şəbəkələrinin daha geniş yayılmasının və daha rahat fəaliyyət göstərməsinin əsas səbəblərindən biri odur ki, region ölkələrinin özlərinin arasında müəyyən anlaşmazlıqlar olur, müəyyən çəkişmələr olur, ortaq mövqedən çıxış edə bilmirlər, pərakəndəlik yaranır. Bax, bu kimi sazişlər və gələcəkdə əgər İran və Misir bu sazişə qoşularsa, bu artıq problemlərin həllində effektiv rol modeli ola bilər. O ki qaldı Pakistan tərəfindən gələn açıqlamaya ki, Məkkə müqaviləsi İsrail-Hindistan cəbhəsinə qarşı yönəlib. Mən deməzdim ki, ya Türkiyə, ya Səudiyyə, ya Pakistan bu dəqiqə öz xarici siyasətləri üçün yeni problem axtarışındadırlar. Əksinə, onlar problemlərin sayını azaltmaq üçün belə bir birliyin yaranmasına zərurət görüblər.
Ancaq bu açıqlamanın başqa bir reallığı var ki, Hindistan tərəfi hazırda həm Türkiyə, həm Pakistan siyasətində, xüsusən Pakistan siyasətində bir növ aqressor kimi çıxış eləyir. Biz bir neçə ay əvvəl Pakistan-Hindistan sərhədində yaşanan münaqişə fonunda bunu əyani olaraq da görmüşdük. Ona görə də, bəli, Pakistan tərəfinin belə bir açıqlama verməsi bu cəhətdən real qarşılanmalıdır.
Çünki hər an Hindistan yeni pozucu əməllərlə öz niyyətlərinə, öz üstünlük siyasətinə davam etmək istəyə bilər ki, bu da Pakistanın öz maraqlarını müdafiə etməsi üçün istər Türkiyə, istər Səudiyyə simasında etibarlı tərəfdaşlarının olması reallığını ortaya qoyur. Ancaq bayaq da dediyim kimi, ya Türkiyənin, ya Pakistanın, ya da ki Səudiyyə Ərəbistanının istər Hindistana, istər başqa bir ölkəyə qarşı hansısa formada təxribat xarakterli addımlar atacağını gözləmək lazım deyil. Bu, sadəcə təxribatlar olarsa, onlara qarşı bir müdafiə mexanizminin formalaşdırılması deməkdir. Əgər İran və Misirin sazişə qoşulması ehtimallarından danışırıqsa və bu bir versiya kimi düşünülürsə, onda Məkkə sazişi tərəfləri yaxşı başa düşürlər ki, İranın Hindistanla münasibətləri inkişaf edib, xeyli yaxşıdır, bəzi məsələlərdə əməkdaşlıq edirlər və bu, ciddi əməkdaşlıq formatına çevrilib. Ona görə də əgər İranın və yaxud da Misirin müqaviləyə, yaxud onlardan başqa hansısa ölkələrin müqaviləyə qoşulması məsələsini aktuallaşdırmaq, reallaşdırmaq kimi bir məqsəd varsa, bu halda Məkkə müqaviləsi bir müdafiə mexanizmi səviyyəsində qalmalıdır və maksimum düşmən tərəflərin, qarşı tərəflərin sayını azaltmalıdır ki, ona qoşulmaq istəyənlərin də təbii narahatlıqları öz həllini, öz cavabını tapmış olsun. Əslində burada bir sual ortaya çıxır ki, ya İran, ya Misir Məkkə sazişinə qoşulmağa maraqlı olacaqlarmı? Mənə elə gəlir ki, hazırda İranın bu sazişə qoşulması üçün hər halda ilkin şərtləri olacaq. Təbii, Türkiyə və Pakistanla İran arasında elə bir ciddi narahatlıq yoxdur. Hətta İrana edilən hücumlar fonunda həm Türkiyə, həm Pakistan bacardığı qədər diplomatik dəstək verdilər İrana. Hətta İran tərəfi bir çox məsələlərdə Türkiyədən kəşfiyyat məlumatlarının faydalı olduğunu da bildirmişdir. Ancaq Səudiyyə məsələsində bir az çətinlik ortaya çıxır. Yəqin ki, İran bu sazişə qoşulması üçün Səudiyyə Ərəbistanının Amerika ilə münasibətlərinə yenidən baxmasını istəyəcək və Səudiyyə Ərəbistanı ərazilərinin İrana qarşı hücumlarda istifadə olunmaması şərtini irəli sürəcək ki, yalnız bu şərtlər daxilində İran müqaviləyə qoşula bilər. Yox, bu şərtləri Səudiyyə Ərəbistanı qəbul etməyəcəksə və öz xarici siyasətində hər hansı tənzimləmələr həyata keçirilməyəcəksə, o halda İran, o ehtimal ki, belə bir reallıqda sazişə qoşulmayacaq".
Zeynəb Mustafazadə