Blokadadan böyük bağlantıya: Naxçıvanın yeni yüksəliş dövrü - ÖZƏL

Elnarə Akimova, 
Milli Məclisin deputatı, 
YAP İdarə Heyətinin üzvü, 
Filologiya elmləri doktoru

Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri adi işgüzar səfər çərçivəsinə sığmayan, həm Naxçıvanın gələcək inkişaf modelini, həm də Azərbaycanın regional geosiyasi və iqtisadi strategiyasını aydın şəkildə nümayiş etdirən mühüm hadisə oldu. Səfər boyu təqdim edilən layihələr, verilən mesajlar, hərbi hissələrə Döyüş bayraqlarının təqdim edilməsi və günün sonunda Azərbaycan Televiziyasına verilən geniş müsahibə əslində vahid bir konsepsiyanın müxtəlif istiqamətlərini tamamlayırdı: Naxçıvanın təhlükəsiz, müasir, iqtisadi cəhətdən güclü və Azərbaycanı Türk dünyası ilə daha sıx birləşdirən strateji mərkəzə çevrilməsi.
Səfərin başlanğıcında Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsinin ziyarət olunması da təsadüfi deyildi. Naxçıvan Heydər Əliyevin siyasi məktəbinin formalaşdığı, Azərbaycanın ən ağır dövrlərindən birində dövlətçilik iradəsinin sınaqdan keçdiyi məkandır. Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvanda atdığı hər bir addım həm keçmişə ehtiram, həm də həmin siyasi irsin müasir mərhələdə davam etdirilməsi kimi qiymətləndirilməlidir. 
Səfərin ən mühüm istiqamətlərindən biri iqtisadi inkişaf və sənayeləşmə ilə bağlı idi. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikanın iqtisadi həyatında yeni mərhələnin başlanğıcı sayıla bilər. Çünki Naxçıvanın gələcəyi yalnız büdcə və sosial layihələrlə deyil, istehsal, investisiya, ixrac, yeni texnologiyalar və dayanıqlı məşğulluqla təmin olunmalıdır. Sənaye Parkı məhz bu məqsədə xidmət edən mühüm platformadır. 
Digər tərəfdən, Prezidentin Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxması və dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olması regionun inkişafında nəqliyyat və ekoloji yanaşmanın ön plana çəkildiyini göstərir. Bu, sadəcə şəhər nəqliyyatının yenilənməsi deyil. Elektrik nəqliyyatının tətbiqi, dəmir yolunun modernləşdirilməsi və gələcək logistika imkanlarının genişləndirilməsi Naxçıvanın yeni iqtisadi modelinin əsas elementləridir. 
Naxçıvanda "Şəms-1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyalarında görülən işlərlə tanışlıq da səfərin mühüm məqamlarından biri idi. Bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərlə yanaşı, Naxçıvanda da yaşıl enerji potensialını sistemli şəkildə inkişaf etdirdiyini göstərir. Enerji təhlükəsizliyi artıq yalnız elektrik enerjisinin istehsalı məsələsi deyil, iqtisadi müstəqilliyin, rəqabət qabiliyyətinin və yeni investisiya imkanlarının əsas dayaqlarından biridir. 
Səfərin sosial məzmunu da xüsusi diqqət çəkir. Naxçıvan Regional DOST Mərkəzinin açılışı dövlət xidmətlərinin və sosial siyasətin müasir standartlar əsasında təşkilinin daha bir nümunəsidir. Sosial evlər kompleksinin təməlinin qoyulması isə dövlətin inkişaf siyasətində insan amilinin mərkəzdə dayandığını göstərir. Dövlət quruculuğunun əsas məqsədi yalnız yeni yollar, binalar və istehsal müəssisələri yaratmaq deyil, insanların daha rahat, təhlükəsiz və layiqli həyatını təmin etməkdir. 
Prezidentin Naxçıvan şəhərinin "2044-cü ilədək inkişafına dair Baş Plan"la tanış olması isə məsələyə daha geniş perspektivdən baxıldığını nümayiş etdirir. Bu, bir neçə illik deyil, onilliklərə hesablanmış şəhərsalma strategiyasıdır. Naxçıvanın müasir şəhər kimi inkişafı, turizm imkanlarının artırılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi, yaşayış və sosial infrastrukturun genişləndirilməsi qədim şəhərin tarixi simasının qorunması ilə müasirliyin vəhdətinə əsaslanmalıdır. 
Mədəni irslə bağlı addımlar da səfərin ayrıca mənəvi xəttini təşkil etdi. Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanışlıq və Əcəmi Naxçıvaninin abidəsinin açılışı Naxçıvanın yalnız iqtisadi və strateji əhəmiyyətini deyil, Azərbaycan dövlətçilik və mədəniyyət tarixindəki misilsiz yerini önə çıxardı. Əcəmi Naxçıvani kimi dahi memarın irsinin yaşadılması, Möminə xatun türbəsinin qorunması Azərbaycan tarixinin daş yaddaşının gələcək nəsillərə ötürülməsi deməkdir. 
Səfərin hərbi istiqaməti isə tamam başqa, lakin eyni dərəcədə mühüm mesaj daşıyırdı. Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının təqdim olunması Naxçıvanın Azərbaycanın təhlükəsizlik sistemindəki xüsusi rolunu bir daha təsdiqlədi. Naxçıvan Azərbaycanın əsas ərazisindən coğrafi baxımdan ayrı olsa da, milli təhlükəsizlik baxımından heç vaxt ayrıca düşünülə bilməz. Əksinə, bugünkü Naxçıvan güclü ordunun, müasir hərbi imkanların və yüksək döyüş hazırlığının təminat verdiyi strateji qaladır. 
Bütün bu hadisələrin fonunda Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi səfərin siyasi-strateji mahiyyətini daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının müsahibədə Naxçıvanın gələcəyi, enerji, nəqliyyat, regional bağlantılar, Zəngəzur dəhlizi, Ermənistanla münasibətlər və Azərbaycanın qarşısında açılan yeni imkanlarla bağlı fikirləri göstərdi ki, Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz hissəsi kimi deyil, yeni regional geosiyasi və iqtisadi düzənin mühüm qovşaqlarından biri kimi nəzərdən keçirilir. Prezidentin mövqeyinə görə, Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantı yaradacaq və bu bağlantı daha geniş beynəlxalq nəqliyyat şəbəkəsinin mühüm hissəsinə çevriləcək. 
Burada Azərbaycanın uzun illərdir həyata keçirdiyi nəqliyyat strategiyasının məntiqi nəticəsini görmək mümkündür. Azərbaycan artıq yalnız tranzit ölkə olmaq istəmir; ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən çoxşaxəli logistika platformasına çevrilir. Prezidentin daha əvvəl vurğuladığı kimi, Zəngəzur bağlantısı reallaşdıqda Naxçıvandan yolların bir istiqaməti Türkiyə və Avropaya, digər istiqaməti isə İran, Fars körfəzi və Yaxın Şərqə çıxacaq. Beləliklə, Naxçıvan coğrafi təcrid məkanından regional bağlantı mərkəzinə çevriləcək. 
Bu mənada Azərbaycan dövlətinin İran ərazisindən keçən alternativ bağlantıya da paralel şəkildə sərmayə qoyması xüsusi strateji uzaqgörənlikdir. Ağbənddə Araz üzərində inşa edilən körpü və İran ərazisindən Naxçıvana bağlantının yaradılması Azərbaycanın bir marşrutdan asılılığını aradan qaldırır. Prezidentin ifadəsi ilə desək, Azərbaycanın həmin bölgədən "Qərb istiqamətinə və Cənub istiqamətinə" iki yolu olacaq: biri Ermənistan üzərindən Zəngəzur bağlantısı, digəri İran üzərindən Araz bağlantısı. 
Bu, Azərbaycan diplomatiyasının ən mühüm xüsusiyyətlərindən birini də göstərir: ölkəmiz qarşısına məqsəd qoyduğu layihələrin reallaşmasını gözləməklə kifayətlənmir, mümkün alternativləri də əvvəlcədən formalaşdırır. Başqa sözlə, Azərbaycanın regional siyasəti risklərin idarə edilməsinə, nəqliyyat və iqtisadi imkanların şaxələndirilməsinə əsaslanır.
Naxçıvanın bu prosesdə əhəmiyyəti xüsusilə böyükdür. Zəngəzur dəhlizi ilə Naxçıvanın Azərbaycanla birbaşa bağlantısının təmin edilməsi yalnız daxili nəqliyyat məsələsi deyil. Bu, eyni zamanda Türk dünyasının coğrafi əlaqələrinin gücləndirilməsi, Orta Dəhlizin yeni seqmentlərinin formalaşması və Azərbaycan-Türkiyə əlaqələrinin daha möhkəm logistik təməl qazanması deməkdir. Avropa İttifaqı da Azərbaycanla əməkdaşlıq çərçivəsində Naxçıvanda dəmir yolunun modernləşdirilməsinə və TRIPP-in həyata keçirilməsi üzrə səylərə dəstəyini ifadə edib. 
Prezidentin müsahibəsində Ermənistanla bağlı səsləndirdiyi fikirlər də yeni regional reallığın mahiyyətini göstərir. Burada əsas xətt qarşıdurmadan əməkdaşlığa keçiddir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra regionda yeni münasibətlər sisteminin qurulmasına çalışır. Bu sistemdə nəqliyyat yolları bir-birinə qarşı qoyulan layihələr deyil, bütün region ölkələrinin iqtisadi inkişafına xidmət edən bağlantılar olmalıdır. Prezidentin əvvəlki çıxışlarında vurğuladığı kimi, bu proses Ermənistan üçün də yeni iqtisadi imkanlar yarada bilər. 
Məhz buna görə Naxçıvanda aparılan quruculuq işlərini yalnız muxtar respublikanın daxili inkişafı çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Burada daha böyük bir xəritənin cizgiləri görünür. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın iqtisadi, nəqliyyat və enerji imkanlarının bir-birinə bağlanması Azərbaycanın yeni regional modelinin mühüm dayağıdır. Prezidentin sözləri ilə desək, məqsəd bu əraziləri "bir bölgə kimi birləşdirməkdir". 
Naxçıvan səfərinin ən mühüm siyasi nəticəsi də məhz budur: "Azərbaycan artıq postmünaqişə dövrünün deyil, postmünaqişə reallıqlarından doğan yeni inkişaf mərhələsinin gündəliyini formalaşdırır." Zəfərdən sonra qarşıda duran məsələ yalnız azad edilmiş torpaqları bərpa etmək deyildi. Qarşıda daha böyük vəzifə vardı - həmin əraziləri Azərbaycanın ümumi iqtisadi sisteminə inteqrasiya etmək, yeni nəqliyyat yolları yaratmaq, enerji imkanlarını genişləndirmək və regionu sülhün, əməkdaşlığın və rifahın məkanına çevirmək.
Prezident İlham Əliyevin Naxçıvana səfəri məhz bu baxımdan böyük siyasi məna daşıyır. Bir tərəfdə sənaye parkı, günəş elektrik stansiyaları, dəmir yolu, yeni avtobuslar, sosial evlər və DOST Mərkəzi; digər tərəfdə Döyüş bayraqları, hərbi hazırlıq, tarixi abidələrin bərpası, 2044-cü ilə hesablanmış Baş Plan və nəhayət, regionun gələcəyini müəyyən edən nəqliyyat bağlantıları. Bunlar ayrı-ayrı layihələr deyil, güclü dövlət, təhlükəsiz cəmiyyət və strateji əhəmiyyətini daha da artıran Naxçıvan modelinin komponentləridir.
Bu səfər bir daha göstərdi ki, Naxçıvan Azərbaycanın dövlətçilik tarixində olduğu kimi, gələcək strategiyasında da xüsusi yer tutur. Əgər ötən əsrin ən ağır illərində bu qədim torpaq Heydər Əliyevin siyasi iradəsi və naxçıvanlıların qəhrəmanlığı ilə qorunmuşdusa, bu gün həmin torpağın qarşısında tamamilə yeni tarixi missiya dayanır. Naxçıvan artıq yalnız qorunan sərhəd məkanı deyil, Azərbaycanı Türk dünyasına, Türkiyəni Mərkəzi Asiyaya, Şərqi Qərbə bağlayan böyük geosiyasi körpünün mühüm dayaqlarından biridir.
Bu mənada Prezident İlham Əliyevin səfərindən dünyaya verilən mesaj son dərəcə aydındır: Azərbaycan öz gələcəyini özü müəyyənləşdirir, öz yollarını özü qurur və regional reallıqların formalaşmasında passiv müşahidəçi deyil, əsas təşəbbüskar dövlətlərdən biridir. Naxçıvanda qoyulan hər bir təməl, açılan hər bir obyekt və verilən hər bir Döyüş bayrağı əslində Azərbaycanın yeni əsrdə qarşısına qoyduğu böyük məqsədlərin ayrı-ayrı ifadələridir. Bu məqsəd isə yalnız inkişaf edən Naxçıvan deyil, güclənən Azərbaycan və dəyişən Cənubi Qafqazın sabahıdır!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31