Prezident İlham Əliyevin Naxçıvana səfəri dövlətin regionların sosial-iqtisadi inkişafına növbəti təzahürüdür- ÖZƏL

"Prezident İlham Əliyevin Naxçıvana səfəri regionların sosial-iqtisadi inkişafına və dövlətin bölgələrə münasibətinin növbəti təzahürüdür. Ölkədə həyata keçirilən regional siyasətin əsas xüsusiyyətlərindən biri dövlət başçısının regionlara mütəmadi səfərləri və bu inkişafa şəxsən diqqət ayırmasıdır". "Olaylar" xəbər verir ki, bunu "Cumhuriyyət" qəzetinin baş redaktoru Rafail Becanov deyib: "Bu səfərlər zamanı böyük layihələr icra olunur, mövcud infrastrukturlar yenilənir. Ona görə də bu səfərlər sosial-iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir.  

Prezidentin regional siyasətə və iqtisadi ikişafa xüsusi diqqətinin əsas məqsədlərindən biri də bu inkişafın insanların həyatına təsiridir. Yeni infrastruktur iqtisadi fəallıq üçün imkan yaratdığı, sahibkarlığın inkişafına təkan verdiyi kimi insanların sosial xidmətlərə çıxışını da asanlaşdırır. Yaradılan "ASAN xidmət" və "DOST"mərkəzləri bunun əyani göstəricisidir. Bunun nəticəsində regionlarda yaşayış mühiti dəyişir və əhalinin yaşamında yeni bir dinamika yaranır. Dövlət siyasətinin cəmiyyət üçün əhəmiyyəti də məhz budur. Vətəndaş həyata keçirilən siyasətin nəticəsini hiss etdikcə, dövlətinə və onun rəhbərinə inamı daha da artır.

Prezidentin regionlara səfərlərinin mühüm tərəflərindən biri də insanlarla birbaşa ünsiyyətdə olmasıdır. Dövlət başçısının sakinlərlə görüşü, onlarla həmsöhbət olması dövlət-vətəndaş münasibətlərinə yeni bir stimul gətirir. 

Birinci vitse-prezident Mehriban Əliyevanın bu səfərlərdə iştirakı, onun sosial və humanitar məsələlərə, insanların gündəlik qayğılarına xüsusi həssaslıqla yanaşması   dövlət siyasətində sosial məsələlərin prioritet olduğunu göstərir. İnsanlarla birbaşa ünsiyyət dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın güclənməsinə xidmət edir.

Prezident İlham Əliyev və Mehriban Əliyevanın Naxçıvana səfəri də məhz bu strateji yanaşmanı göstərən addımlardan biridir. Naxçıvanın coğrafi mövqeyi və Azərbaycanın regional əlaqələr sistemindəki potensial rolu bu bölgənin inkişafını xüsusilə əhəmiyyətli edir. Müasir infrastrukturun formalaşdırılması, iqtisadi fəallığın artırılması, investisiya imkanlarının genişləndirilməsi və nəqliyyat-logistika potensialının gücləndirilməsi Naxçıvanın gələcək inkişafında mühüm rol oynayacaq amillərdəndir.

Prezident AzTV-yə müsahibəsində inkişafın əsas prioritet istiqamətlərinə toxunaraq qeyd edi ki, bir neçə ay bundan əvvəl qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında da Naxçıvanın xüsusi yeri var, payı var, lazımi vəsait nəzərdə tutulub. Muxtar respublikanın inkişafı daha sürətli və hərtərəfli olacaq.
Dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilən regionların social-iqtisadi inkişafı insanların gələcəyə inamını formalaşdırır. Vətəndaşlar gündəlik həyatlarında dövlətin fəaliyyətini hiss etdikcə dövlət institutlarına etimadları artır. Bu baxımdan da insanara xidmət üçün yaradılan yeni infrastrukturlara bir layihə kimi yox, dövlətin vətəndaşın həyatındakı konkret ifadəsi kimi baxılmalıdır. İnkişaf olduqca, gələcək üçün təminat yarandıqca dövlətə olan inam artır.
İnkişaf görünürsə, ümid çoxalır. 
Ümid çoxalırsa, inam, etimad artırsa, dövlətlə cəmiyyət arasındakı bağlar daha da möhkəmlənir. Bu baxımdan Naxçıvanın inkişafı da Azərbaycanın inkişafının, dövlət-vətəndaş münasibətlərinin və gələcəyə hesablanmış dövlət strategiyasının mühüm istiqamətlərindən biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31