Naxçıvanın inkişafı Azərbaycanın geoiqtisadi çəkisinin artması deməkdir- ÖZƏL
11:14 Siyasət"Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə yanaşı, Azərbaycanın yeni regional və geoiqtisadi strategiyasının mahiyyətini nümayiş etdirən mühüm siyasi hadisədir. Səfər zamanı verilən mesajlar göstərir ki, Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz bir hissəsi və xüsusi coğrafi mövqeyə malik bölgə kimi deyil, Cənubi Qafqazın yeni nəqliyyat, enerji və iqtisadi arxitekturasının əsas dayaqlarından biri kimi nəzərdən keçirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib:
"Naxçıvanın strateji əhəmiyyətini müəyyən edən başlıca amillərdən biri təbii olaraq onun coğrafi mövqeyidir. Azərbaycanı Türkiyə və daha geniş mənada Avropa ilə birləşdirən, eyni zamanda Mərkəzi Asiya-Cənubi Qafqaz-Türkiyə xəttində yerləşən Naxçıvan Şərq-Qərb nəqliyyat sistemində mühüm həlqəyə çevrilmək potensialına malikdir. Zəngəzur dəhlizinin və TRIPP marşrutunun reallaşması bu potensialı tamamilə yeni səviyyəyə qaldıracaq. Dəmir yolu və avtomobil yolları ilə yanaşı, elektrik ötürücü xətlərin, fiber-optik infrastrukturların və gələcəkdə digər enerji kommunikasiya xətlərinin yaradılması Naxçıvanı sadəcə tranzit ərazidən çoxfunksiyalı regional bağlantı mərkəzinə çevirə bilər.
Bu baxımdan dövlət başçısının Naxçıvanda dəmir yolu infrastrukturunun yenidən qurulması, yükdaşıma imkanlarının dəfələrlə artırılması və beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiyası ilə bağlı açıqlamaları xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, yeni infrastruktur Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqəni təmin etməklə yanaşı, Mərkəzi Asiyadan Türkiyə və Avropa istiqamətinə uzanan Orta Dəhlizin əlavə və daha dayanıqlı marşrutunu formalaşdıracaqdır.
Naxçıvanın yeni rolunun digər mühüm istiqaməti energetikadır. Günəş enerjisi potensialı, yeni generasiya gücləri və enerji saxlanc sistemlərinin yaradılması muxtar respublikanın enerji balansını əsaslı şəkildə dəyişəcəkdir. Perspektivdə Naxçıvanın enerji istehlakçısından yaşıl enerji istehsal və ixrac edən regiona çevrilməsi həm Azərbaycanın enerji strategiyasına, həm də Türkiyə və Avropanın enerji təhlükəsizliyi gündəliyinə əlavə töhfə verə bilər.
Cənab Prezidentin irəli sürdüyü Naxçıvan-Şərqi Zəngəzur-Qarabağ vahid inkişaf məkanı yanaşması xüsusi strateji məna daşıyır. Bu konsepsiya ayrı-ayrı regionların inkişafından daha geniş bir modeldir. Söhbət nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, turizm və şəhərsalmanın vahid iqtisadi məkan daxilində əlaqələndirilməsindən gedir. Belə yanaşma Azərbaycanın qərb bölgələrindən Naxçıvana qədər uzanan yeni iqtisadi inkişaf oxunun formalaşmasına şərait yaradaraq Azərbaycanın qərb hissəsində güclü iqtisadi inkişaf mərkəzin yaranmasına gətirib çıxaracaqdır.
Regional baxımdan Naxçıvanın kommunikasiya qovşağına çevrilməsi Cənubi Qafqazda uzunmüddətli sülhün iqtisadi əsaslarını da gücləndirə bilər. Azərbaycan-Ermənistan arasında nəqliyyat yollarının açılması və qarşılıqlı iqtisadi əməkdaşlığın artması region ölkələrinin əməkdaşlıqdan əldə etdikləri dividendləri yüksəldir. Bu isə münaqişə məntiqinin tədricən əməkdaşlıq və iqtisadi qarşılıqlı maraqlar məntiqi ilə əvəz olunması üçün mühüm zəmin yaradır.
Qlobal miqyasda isə Naxçıvanın əhəmiyyəti Avrasiya boyunca alternativ və şaxələndirilmiş nəqliyyat marşrutlarına artan tələbat fonunda daha da yüksəlir. Dünyada təchizat zəncirlərinin yenidən qurulduğu, təhlükəsiz və etibarlı logistika marşrutlarının strateji əhəmiyyət qazandığı bir dövrdə Azərbaycan və onun Naxçıvan regionu Çin və Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən sistemin vacib elementinə çevrilir.
Beləliklə, Prezident İlham Əliyevin Naxçıvan səfəri təkcə regionda həyata keçirilən layihələrin təqdimatı deyil. Bu səfər Naxçıvanın Azərbaycanın iqtisadi və siyasi xəritəsində yeni mərhələyə keçdiyini, onun regional nəqliyyat, enerji və iqtisadi inteqrasiyanın əsas mərkəzlərindən birinə çevrilməkdə olduğunu nümayiş etdirir. Naxçıvanın inkişafı artıq lokal məsələ deyil, bu proses Azərbaycanın geoiqtisadi çəkisinin artması, Cənubi Qafqazda yeni əməkdaşlıq modelinin qurulması və Avrasiya bağlantılarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır".