Paşinyan müxalifətlə anlaşmaya gedir? Ermənistanda yeni siyasi model- ÖZƏL
15:47 SiyasətErmənistan parlamentində keçirilən gizli səsvermədə müxalif "Güclü Ermənistan" blokunun deputatı Aram Vardevanyan vitse-spiker seçilib. Onun namizədliyini müxalifətlə yanaşı, hakim "Mülki Müqavilə" partiyasından olan bəzi deputatlar da dəstəkləyib.
Parlamentdə daimi komissiya rəhbərlikləri siyasi qüvvələr arasında bölüşdürülüb. Nəticədə 8 komissiyaya hakim partiya, 3 komissiyaya "Güclü Ermənistan", 1 komissiyaya isə "Ermənistan" bloku rəhbərlik edəcək. Müxalifət maliyyə-kredit, ərazi idarəetməsi və infrastruktur, avrointeqrasiya, eləcə də insan hüquqları üzrə komissiyalara sədrlik edəcək. Bu addım Paşinyanın Rusiya ilə ticarət məhdudiyyətlərini müzakirə etməsindən sonra atılıb.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:
" Burada əsas məqam təkcə Aram Vardevanyanın vitse-spiker seçilməsi deyil. Bu qərarı Ermənistan daxilində gedən daha geniş siyasi manevrlərin bir hissəsi kimi oxumaq lazımdır. Paşinyanın "Mülki Müqavilə" partiyasının bəzi deputatlarının müxalif namizədə səs verməsinə şərait yaratması göstərir ki, hakimiyyət parlamentdə bütün siyasi kanalları tam bağlamaq əvəzinə, müəyyən məsələlər üzrə kontrollu əməkdaşlıq modelinə üstünlük verir.
"Güclü Ermənistan"ın parlament rəhbərliyində və komissiyalarda daha geniş təmsil olunması ilk növbədə daxili siyasi balansın tənzimlənməsi cəhdi təsiri bağışlayır. Xüsusilə qarşıdakı dövrdə konstitusiya dəyişiklikləri, referendum və Ermənistanın xarici siyasət kursu ilə bağlı ciddi siyasi müzakirələrin aparılacağı nəzərə alınarsa, Paşinyan üçün müxalifətin müəyyən hissəsi ilə dialoq kanallarının açıq saxlanılması taktiki baxımdan məntiqlidir. Burada söhbət müxalifətlə barışıqdan çox, siyasi manevr imkanlarının genişləndirilməsindən gedir.
Digər tərəfdən, bunu avtomatik olaraq "Paşinyan Kremlin adamlarını hakimiyyətə gətirir" kimi təqdim etmək də sadəlövhlük olardı. Ermənistan siyasətində Rusiya ilə münasibətlərə daha yumşaq yanaşan qüvvələrin parlament strukturlarında təmsil olunması Moskva ilə yaranmış gərginliyin müəyyən qədər idarə olunmasına hesablanmış mesaj da ola bilər. Xüsusilə Rusiya ilə ticarət məhdudiyyətləri və ixrac problemləri fonunda İrəvan iqtisadi təzyiqin siyasi nəticələrə çevrilməsinin qarşısını almağa çalışa bilər.
Amma burada daha maraqlı məqam başqadır: Paşinyan eyni anda həm Qərbə inteqrasiya kursunu qorumağa, həm də Moskva ilə açıq qarşıdurmanın iqtisadi və siyasi qiymətini azaltmağa çalışır. "Güclü Ermənistan"ın avrointeqrasiya və maliyyə-kredit kimi strateji komissiyalara rəhbərlik etməsi də bu balans siyasətinin yalnız Rusiya istiqamətində olmadığını göstərir.
Əslində bu mənzərə Ermənistanın siyasi sistemində yeni bir reallığı ortaya qoyur. Dünən bir-birini "xəyanətdə" ittiham edən qüvvələr bu gün parlament mexanizmləri daxilində bir-birinə səs verirlər. Deməli, söhbət ideoloji yaxınlıqdan yox, siyasi maraqların kəsişməsindən gedir.
Revanşist dairələrin isə bütün bunları "milli birlik" və ya "Qarabağ siyasətinin geri qaytarılması" kimi təqdim etməsi Ermənistan cəmiyyətinə artıq köhnəlmiş siyasi resept satmaq cəhdidir. Ermənistanın qarşısında duran real məsələ keçmişin revanşist xəyallarını dirçəltmək deyil, iqtisadi təhlükəsizliyi, regional sabitliyi və qonşularla münasibətləri normallaşdırmaqdır. Paşinyanın hazırkı manevrləri də məhz bu reallığın siyasi nəticəsidir: Ermənistan artıq romantik revanş ritorikasından çox, soyuq siyasi hesablamalara ehtiyac duyur".
Zeynəb Mustafazadə