Yaxın Şərqdə yeni güc balansı formalaşır
12:56 SiyasətKeçən ay yazılarımdan birində İsrailə qarşı Türkiyəni gücləndirərək Yaxın Şərqdə balans yaratmağa çalışırlar yazmışdım. Güclü müdafiə sənayesi və ordusu olan NATO üzvü Türkiyə, nüvə silahına malik Pakistan və Yaxın Şərqin enerji və maliyyə mərkəzlərindən biri olan Səudiyyə Ərəbistanı arasında bağlanan Məkkə Birgə Müdafiə Razılaşması adlandırılan təhlükəsizlik və müdafiə paktı əslində bir neçə istiqamətdə güc balansı və təhlükəsizlik rolu oynayacaq.
Aydın məsələdir ki, razılaşmanın pərdəarxası memarlarından biri Britaniyadır. Çünki, məhz Britaniyanın razılığı olmasa Səudiyyə Ərəbistanı (elə Pakistan və Türkiyə də) bu razılaşmaya getməzdi. Pakistan və Türkiyənin də hazırda Britaniya ilə münasibətləri çox istidir.
Bu razılaşma ilə ilk baxışda güclü İsrailə qarşı güc balansı formalaşır. Lakin, məsələ təkcə bu deyil. Bu görünən tərəfdir. İran vasitəsilə ABŞ/İsrail planlarının Yaxın Şərqdə pozulmasından sonra Hörmüz Boğazına İran-Oman-ABŞ arasında birgə nəzarətlə bağlı danışıqları bütün enerji bazarının və strateji boğazların, limanların ABŞ-nin əlində cəmləşməsi riski daha da artır. Bundan sonra isə artan iştaha neft və qaz idxalından ciddi şəkildə asılı olan Avropanın və Britaniyanın ABŞ-dən tam olaraq enerji asılılığına düşməsi ilə nəticələnər. Yəni, Britaniya və Avropa üçün enerji təhlükəsizliyinin diversifikasiyası üçün alternativ variantlar tükənir. Bu Saziş Yaxın Şərqdə güc balansının yenidən formalaşması deməkdir.
Digər risk amili İrandır. İran Çin və Rusiyanın vasitəsilə ABŞ/İsrail birliyinə qarşı dayanıqlı hala gətirildi. İqtisadiyyatı çöksə də, ölkə ciddi zərər görsə də, rəhbərlik məhv edilsə də, nəticə etibarilə ABŞ/İsrail planları baş tutmadı, təxirə düşdü, gecikmə yarandı. Bu isə Trumpın aralıq seçkilərində mövqelərini zəiflətdi, İsrailin Yaxın Şərq planlarını zəiflətdi. Lakin, İran öz itkilərini kompensasiya etmək üçün daha fərqli hərəkətlər edə, Səudiyyə Ərəbistanı başda olmaqla körfəz dövlətlərinə hücum edərək ABŞ/İsrail başda olmaqla dünyanı şantaj edə bilər. Nəzərə alınır ki, son 3-4 ay ərzində İranın əlində böyük raket arsenalı cəmləşib. Digər tərəfdən isə İran husilər vasitəsilə Bab-al-Mandab Boğazını bağlamaq və ya burada keçid üçün riskləri artırmaqla enerji bazarlarını gərginlikdə saxlamaq istəyəcək. Əslində bu Saziş İranın və ya husilərin Səudiyyə Ərəbistanına genişmiqyaslı hücumlarını istisna edir. Türkiyə-Körfəz dövlətləri, Səudiyyə Ərəbistanı-Körfəz dövlətləri əlaqələrini nəzərə alsaq İranın bu dövlətlərə də hücumları zəifləyəcək və ya dayanacaq. İran faktiki olaraq bu anlaşmaya qarşı çox aqressiv münasibət sərgilədi.
Mövcud vəziyyətdə əsas hədəflərdən biri də yıxılmağa qoymadıqları İrana nəzarət altından da çıxmağa da imkan verməməkdir. Çünki, enerji, neft-qaz-neft məhsulları, gübrə istehsalı mərkəzlərindən biri olan Yaxın Şərqdə dünya iqtisadiyyatı üçün risklərin nəzarətdən çıxmaması əsas hədəfdir. Lakin, İranın da yıxılması indiki halda ABŞ/İsrailin Yaxın Şərqdə yeganə güc sahiblərinə çevrilməsi demək olar.
Bu Sazişlə Suriyada İsrail-Türkiyə toqquşması riski minimuma endi. Növbədə Suriyadan istifadə etməklə Livanda Hizbullahın zəiflədilməsi, məhv edilməsi planları var. Suriya üçün hər hansı ciddi risk formalaşsa bu Sazişə gələcəkdə qoşulma balansı qoruyacaq əsas variantlardan biri olar. Amma ümid edək ki, buna ehtiyac qalmayacaq. Lakin, bu anlaşmanın digər ölkələri də əhatə edəcəyi ehtimalı yüksəkdir.
Burada bir çox istiqamətlər var. Məsələn, İran kimi Hindistan da bu anlaşmaya qarşıdır və anlaşmanı "İslami NATO" adlandırıb. Məsələlər çoxdur, mürəkkəbdir. Yaxın Şərqin özü kimi..
Həqiqətən də Yaxın Şərq hazırda Sirat Körpüsündən keçir.
Diqqətçəkən digər bir məqam da anlaşmanın Məkkədə (İslam dininin mərkəzində) bağlanması və adının da Məkkə Müdafiə Anlaşması olmasıdır.
Yaxın Şərqdə baş verən iqtisadi trend və dəyişikliklərdən ayrıca danışmaq olar. Lakin, bir cümlə ilə qeyd edək ki, növbəti mərhələdə Türkiyənin əsas hədəflərindən biri minimallaşan Rusiya nefti/qazının idxalı fonunda enerji təhlükəsizliyini gücləndirməkdir. Artıq konkret addımlar atılmağa başlayıb.
Sonda qeyd edək ki, çox gizli bir şəkildə hazırlanmış bu anlaşma dünya siyasətində bomba effekti yaratdı və Yaxın Şərqdə başgicəlləndirici yeni güc balansı formalaşdırılması gözlənilir.
Elman Sadiqov
İqtisadçı ekspert