Cənubi Qafqazda yeni status-kvo yaradan Azərbaycan Lideridir

44 günlük müharibədən sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri əldə olunmuş hərbi-siyasi nəticələrin davamlı sülh və regional əməkdaşlıq müstəvisinə keçirilməsi idi. Bakı bu istiqamətdə ilk gündən aydın mövqe ortaya qoydu və Ermənistanla sülh müqaviləsinin hazırlanması üçün beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan beş baza prinsip irəli sürdü.

Bu prinsiplərin mahiyyəti kifayət qədər aydın idi: dövlətlərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi, sərhədlərin toxunulmazlığının tanınması və qarşılıqlı olaraq daxili işlərə müdaxilədən imtina edilməsi. Yəni Azərbaycanın ortaya qoyduğu sülh konsepsiyası hər hansı siyasi ambisiyaya deyil, BMT Nizamnaməsinin fundamental müddəalarına söykənirdi.

Amma Ermənistan uzun müddət bu prosesə adekvat yanaşmadı. Separatizmə verilən dəstək, mina təhlükəsinin davam etməsi, hərbi təxribatlar və digər amillər regionda etimad mühitinin formalaşmasına ciddi maneələr yaradırdı. 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri isə bu baxımdan dönüş nöqtəsi oldu. Azərbaycanın bütün ərazisində suverenliyin tam bərpa edilməsi ilə Cənubi Qafqazda əvvəlki status-kvonun artıq mövcud olmadığı yeni siyasi reallıq formalaşdı.

Bu gün Vaşinqtonda əldə olunan razılaşmaları məhz həmin yeni reallığın siyasi-diplomatik müstəvidə təsdiqi kimi qiymətləndirmək lazımdır. Burada söhbət yalnız Azərbaycan-Ermənistan münasibətlərindən getmir. Əslində, söhbət bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf modelinin dəyişməsindən gedir.

Çünki region artıq əvvəlki kimi yalnız münaqişə, təhlükəsizlik və qarşıdurma prizmasından nəzərdən keçirilmir. Qarşıdakı mərhələdə nəqliyyat, enerji, ticarət və iqtisadi əməkdaşlıq daha mühüm amillərə çevrilə bilər. Başqa sözlə, Cənubi Qafqaz qarşıdurma coğrafiyasından əməkdaşlıq coğrafiyasına çevrilmək imkanını əldə edir.

Vaşinqton görüşünün xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biri də Zəngəzur marşrutunun açılması ilə bağlı əldə olunan razılaşmadır. TRIPP layihəsi bu baxımdan yalnız yeni bir nəqliyyat xəttinin yaradılması kimi qəbul edilməməlidir. Bu, regionun geoiqtisadi xəritəsinə təsir göstərə biləcək strateji layihədir.

Zəngəzur marşrutunun reallaşması Şərqlə Qərb arasında bağlantıların genişlənməsinə, yükdaşımaların sürətlənməsinə və regional ticarətin canlanmasına ciddi təkan verə bilər. Daha vacibi isə odur ki, belə layihələr region ölkələrinin maraqlarını bir-birinə daha sıx bağlayır. İqtisadi maraqların artması isə uzunmüddətli perspektivdə siyasi sabitlik və qarşılıqlı etimad üçün əlavə zəmin yaradır.

Azərbaycanın son dövrdə atdığı addımlar da göstərir ki, Bakı sülh gündəliyinə yalnız siyasi bəyanatlar səviyyəsində yanaşmır. Ermənistan istiqamətində və əks istiqamətdə tranzit yükdaşımalarla bağlı məhdudiyyətlərin aradan qaldırılması Azərbaycanın regional kommunikasiyaların açılmasına real töhfə vermək niyyətini nümayiş etdirir. Bu, eyni zamanda Azərbaycanın əldə olunan razılaşmaların praktik nəticələrə çevrilməsində maraqlı olduğunu göstərir.

Bununla belə, prosesin tam başa çatdığını söyləmək hələ tezdir. Yekun sülh müqaviləsinin imzalanması qarşısında duran əsas məsələlərdən biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Ermənistan bu istiqamətdə konkret hüquqi addımlar atdığı halda, iki ölkə arasında münasibətlərin tam normallaşdırılması üçün artıq daha geniş siyasi imkanlar yaranacaq.

Mən hesab edirəm ki, qarşıdakı mərhələdə əsas məsələ əldə edilmiş razılaşmaların kağız üzərində qalmasına imkan verməmək və onları real regional əməkdaşlıq mexanizmlərinə çevirməkdir. Bunun üçün həm siyasi iradə, həm də praktiki addımlar lazımdır.

Vaşinqton razılaşmalarından sonra keçən müddət bir daha göstərdi ki, Cənubi Qafqazda yeni siyasi mərhələ başlayıb. Əvvəlki dövrün əsas gündəliyini təşkil edən münaqişə və qarşıdurma tədricən öz yerini sülh, kommunikasiya və iqtisadi əməkdaşlıq perspektivlərinə verir.

Azərbaycan baxımından bu proses həm 44 günlük müharibədə əldə edilmiş tarixi Qələbənin diplomatik nəticələrinin möhkəmləndirilməsi, həm də ölkənin regionda yeni geosiyasi və geoiqtisadi reallığın formalaşmasında əsas aktorlardan biri kimi mövqeyinin gücləndirilməsi deməkdir. Ermənistan üçün isə bu mərhələ yeni reallığı qəbul etmək və uzunmüddətli qarşıdurma siyasətindən regional əməkdaşlıq modelinə keçmək imkanıdır.

Əgər tərəflər əldə edilmiş razılaşmaların ruhuna uyğun şəkildə hərəkət etsələr, Cənubi Qafqazda tarixən formalaşmış qarşıdurma məntiqindən tamamilə fərqli yeni bir inkişaf modeli yarana bilər. Bu modelin mərkəzində isə sülh, açıq kommunikasiyalar, iqtisadi qarşılıqlı asılılıq və regional əməkdaşlıq dayanacaq. Məncə, regionun gələcəyi baxımından Vaşinqton razılaşmalarının əsas strateji əhəmiyyəti də məhz bundan ibarətdir. Bu reallıqlarla Cənubi Qafqazda yeni status-kvo yaradan Azərbaycan Lideridir. 

Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31