Türk balası qurd olar, ayaq basdığı torpaq yurd olar - Cavid İSMAYIL yazır

Cavid  Ismayıl

Əfəndilər!
Bu gün Türk dünyasının qarşısında yeni və mürəkkəb bir mənzərə var. Türk dövlətlərinin və xalqlarının yaşadığı coğrafiyalara müxtəlif maraqların yönəldiyi, Türk torpaqlarına dair fərqli hesabların aparıldığı bir dövrdəyik. Bu məqsədlərə çatmaq üçün bəzən siyasi, bəzən iqtisadi, bəzən də hərbi və informasiya vasitələrindən istifadə olunur. İraqın şimalından Suriyaya, Güney Azərbaycandan Anadoluya, Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan geniş coğrafiyada baş verənlər bizə bunu göstərir. Azərbaycan, Türkiyə, Qazaxıstan və digər Türk dövlətlərinin ətrafında cərəyan edən hadisələr də bu mənzərədən ayrı deyil.
Bütün bunlar bizə bir həqiqəti yenidən xatırladır - Türkün torpağı, tarixi və yaddaşı heç vaxt yalnız xəritədəki sərhədlərdən ibarət olmayıb və olmayacaq da.
Bəlkə də elə buna görə tez-tez qarşıma bir ifadə çıxır - "Türk balası qurd olar, ayaq basdığı torpaq yurd olar!" Bu sözlər üzərində düşündükcə anladım ki, burada sadəcə gözəl səslənən bir misra deyil, bütöv və qədim bir xalqın xarakteri, iradəsi, mübarizə ruhu, dədə kökə-milli kimliyə bağlılığı və yurd anlayışı yaşayır.
Əfəndilər!
Türk üçün torpaq yalnız üstündə gəzdiyi yer deyil. Torpaq yaddaşdır, tarixdir, ata-baba əmanətidir. Bir ovuc torpağın altında neçə-neçə nəslin izi, neçə-neçə igidin qanı, neçə-neçə ananın duası var. Ona görə də türk balası ayağını haraya basırsa, oranı özünə yurd bilməyi bacarır. Çünki yurd yalnız xəritədə çəkilmiş sərhəd deyil. Yurd insanın ürəyində daşıdığı mənəvi ünvandır.
Türkün tarixində yurd anlayışı həmişə dövlət anlayışı ilə yanaşı dayanıb. Dövlətlər qurulub, imperiyalar yaranıb, sərhədlər dəyişib, zamanın özü dəyişib. Bəzən Türk torpaqları parçalanıb, bəzən yad hakimiyyətlərin idarəsinə keçib. Ancaq torpağın yaddaşı itməyib. Çünki torpağı itirmək başqa şeydir, onu yaddaşdan silmək tamam başqa.
Qurd isə Türk yaddaşında azadlığın, cəsarətin və dözümün simvoludur. Qurd yalnız gücü ilə deyil, yolunu itirməməsi ilə seçilir. Çətinlik qarşısında geri çəkilmir, səhrada da, dağda da öz yolunu tapır. Türk balasına da əsrlər boyu bu ruh miras qalıb - sınmamaq, əyilməmək, dar gündə bir-birinin yanında olmaq.
Və qoy bunu Türk dünyasına qarşı hesablar quran hər kəs yaxşı bilsin - Türk öz torpağını da, tarixini də, milli kimliyini də unutmur. Onu parçalamaq, yaddaşından ayırmaq, dilindən uzaqlaşdırmaq və öz kökündən qoparmaq istəyən hər cəhd qarşısında dədə kökə bağlı Türkün milli yaddaşı dayanır.
Əfəndilər!
Amma bunun üçün ilk növbədə biz özümüz kim olduğumuzu bilməliyik. Milli kimliyinə bağlı olmayan toplumun torpağını qorumaq da, tarixini yaşatmaq da çətinləşir. Dilini qoruyan, tarixini bilən, mədəniyyətinə sahib çıxan, dövlətinə və yurduna bağlı olan insan yalnız özünü deyil, gələcək nəsilləri də qoruyur.
Bizim gücümüz yalnız sayımızda deyil. Gücümüz milli kimliyimizdə, yaddaşımızda, birliyimizdə və iradəmizdədir.
Türk dünyasının müxtəlif dövlətlərə, müxtəlif coğrafiyalara, müxtəlif siyasi sistemlərə və müxtəlif dini inanclara bölünməsi onun ortaq tarixini, mədəni bağlarını və mənəvi yaxınlığını yox edə bilməz.
Türkün hansı inanca sahib olmasından asılı olmayaraq - istər müsəlman, istər xristian, istər Tanrıya inanan, istərsə də hər hansı dini inancı qəbul etməyən olsun - onun türk kimliyi dəyişmir. Çünki türk olmaq yalnız bir dinə, bir dövlətə və ya bir siyasi sistemə bağlılıq deyil. Bu, tarixdən gələn bir kimlik, yaddaş və mənsubiyyət hissidir.
Əfəndilər!
Bu gün bizə düşən vəzifə bir-birimizdən uzaqlaşmaq deyil, bir-birimizi daha yaxşı tanımaq, milli kimliyimizi qorumaq, dövlətlərimizi gücləndirmək və ortaq gələcəyə daha inamla baxmaqdır.
İrəvandan Türküstana, Qafqazdan Anadoluya, Yavru Vətən Kıprısdan Batı Trakyaya və Macarıstanadək, Balkanlardan Krıma, Tatarıstan, Başqırdıstan və Çuvaşıstandan Moldovadakı Qaqauz yurduna, Kərkükdən Mosul və Tələfərə, Hələbdən Bayır-Bucaq və Suriyanın digər türkmən yurdlarınadək, Güney Azərbaycanın Təbriz, Ərdəbil, Urmiya, Xoy, Salmas, Maku, Marağa, Zəncan, Qəzvin, Əhər, Qaradağ və Muğan torpaqlarından Qaşqay ellərinə, Xorasan və Gülüstan türklərindən Türkmən yurdlarınadək, Əfşar, Şahsevən, Xələc və digər türk ellərinin yaşadığı geniş coğrafiyadan Əfqanıstanın şimalına, Pakistanın tarixi türk izlərinə, Sibirdən Monqolustana və Sincan bölgəsinədək Türkün izi yalnız daşlarda və abidələrdə deyil, insanların yaddaşında, dilində və mədəniyyətində də yaşayır.
Hər birimizə məlumdur ki, bu gün də Türk dövlətlərinin və xalqlarının yaşadığı ərazilərə göz dikən məkirli qüvvələr - türk düşmənləri var. Tarix dəyişsə də, torpaqlarımıza uzanan tamah dəyişmir. Amma bir həqiqəti heç kim unutmamalıdır - Türk torpağı sahibsiz deyil!
Bu torpaqların yaddaşında Mete Xandan Atillaya, Bumın Kağandan Bilgə Kağana, Kül Tigin və Tonyukukdan İstəmi Yabğuya, Toğrul bəydən Alp Arslana və Məlikşaha, Şəmsəddin Eldənizdən Məhəmməd Cahan Pəhləvana və Qızıl Arslana, Əmir Teymurdan Uluğ Bəyə və Babura, Uzun Həsəndən Yaqub bəyə, Şah İsmayıl Xətaidən Nadir şah Əfşara, Osman Qazidən Orxan Qaziyə, I Murad, II Murad və Fateh Sultan Mehmeddən II Bəyazid, Yavuz Sultan Səlim, Qanuni Sultan Süleyman və IV Murada qədər uzanan böyük bir dövlətçilik irsi yaşayır.
Bu adlar sadəcə tarix kitablarında qalmış hökmdarların adları deyil. Onların hər biri Türk dünyasının müxtəlif coğrafiyalarında formalaşmış dövlətçilik, mübarizə, quruculuq və yurd yaddaşının bir parçasıdır. Bu gün həmin torpaqlarda yaşayan insanlar da yalnız bir torpağın deyil, əsrlər boyu qorunub gələn böyük bir tarixi yaddaşın varisləridir. Bu varislər dədə-babalarının adına, dilinə, tarixinə, ruhuna və yurduna bağlıdırlar. Bu milli kimliyə sadiq qaldıqca, yaddaş yaşadıqca, Türkün yurdu da sahibsiz qalmayacaq.
Türk düşmənləri öz tarixlərindən anlamalıdırlar ki, Türk torpağına göz dikmək yalnız bir torpağa göz dikmək deyil. Bu, həmin torpağın tarixini, yaddaşını və əsrlər boyu formalaşmış milli kimliyini hədəfə almaqdır. Türkün səbrini zəiflik hesab etmək isə öz məhvinə imza atmaqdır.
Türk torpağına uzanan əl, Türkə uzadılan dil və Türkün yurduna göz dikən hər kəs bilməlidir ki, bu torpaqların hər qarışının arxasında Türk iradəsi, yaddaşı, tarixi, qanı, fədakarlığı və andı dayanır.
Türk savaş axtaran millət deyil. Amma öz yurdunu qorumağın nə demək olduğunu da tarix boyu dəfələrlə göstərib. Tarix boyu Türk xalqları çox sınaqlardan keçib. Dövlətlər qurulub, dövlətlər dağılıb, sərhədlər dəyişib, zaman dəyişib. Amma bir şey dəyişməyib - torpağa və yurda bağlılıq. Çünki milləti yaşadan yalnız dövlət deyil. Onu yaşadan həm də yaddaşı, dili, mədəniyyəti, mənəvi dəyərləri və gələcəyə olan inamıdır.
Bu gün bizə, biz Türklərə düşən vəzifə həmin ruhu qorumaqdır. Vətən sevgisini yalnız sözlə ifadə etmək yox, onu əməldə göstərməkdir. Öz dilinə sahib çıxmaq, tarixini bilmək, mədəniyyətini yaşatmaq, torpağını qorumaq və gələcək nəsillərə daha güclü bir ölkə buraxmaq - əsl vətənpərvərlik budur.
Türk balası qurd olar - çünki onun ruhunda azadlıq eşqi var, ayaq basdığı torpaq yurd olar - çünki o torpağa yalnız ayağı ilə deyil, ürəyi ilə bağlanar. Yurd varsa, ümid var, yaddaş varsa, millət var, millət varsa, gələcək var.
Qoy Türk torpağına göz dikənlər bunu da bilsinlər - Türk bölünə bilər, amma milli kimliyi və dədə kökə bağlılığı onun yaddaşından silinə bilməz. Türk dövlətləri ayrı ola bilər, amma Türk dünyasının ortaq ruhunu heç bir xəritə sərhədi yox edə bilməz.
Bu gün də dədələrimizdən miras qalan bu müqəddəs ruhu itirməmişik və itirməyəcəyik də. Biz Türklər müqəddəs qanımızı torpağa qataraq onu Vətənə çevirmişik. Lazım gələrsə, müqəddəs torpaqlarımızın hər qarışı üçün də can verəcəyik!
Türk düşmənlərinə isə son sözüm budur - Türkdən torpaq ala bilərsiniz, almağına da, sadəcə bir qarış. O da yalnız leşlərinizin gömülməsi üçün!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31