Məkkə sazişi Türk və İslam dünyasına nə vəd edir?- ÖZƏL

Bu gün Məkkədə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan üçtərəfli birgə müdafiə sazişi Türk və İslam dünyası üçün mühüm hadisədir. Azərbaycan baxışından bu necə görsənir? "Olaylar" xıbır verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili qeyd edib ki, türkiyənin böyük və təcrübəli ordusu və müdafiə sənayesi, Səudiyyə Ərəbistanının maliyyə-iqtisadi imkanları və Pakistanın nüvə silahı və böyük hərbi potensialı vat. Buna görə saziş Yaxın Şərqdən Cənubi Asiyaya qədər uzanan yeni təhlükəsizlik oxunun formalaşmasının başlanğıcı kimi qiymətləndirilə bilər:
"Xüsusilə diqqət edilməli məsələ budur ki, Türkiyə eyni zamanda NATO üzvüdür. Lakin Türkiyənin bu üçtərəfli saziş üzrə öhdəliyi avtomatik şəkildə NATO-nun digər üzvlərinin öhdəliyinə çevrilmir. NATO-nun kollektiv müdafiə sistemi ayrıca hüquqi çərçivədir.
Azərbaycan Məkkə sazişinin tərəfi olmasa da, iki çox yaxın strateji tərəfdaşı (Türkiyə və Pakistan) eyni müdafiə sisteminə daxil olur. Türkiyə Azərbaycanla Şuşa Bəyannaməsi əsasında rəsmi müttəfiqlik münasibətlərindədir. Bəyannamə yalnız siyasi xarakter daşımır, həm də hərbi əməkdaşlığı nəzərdə tutur. Pakistan da Azərbaycanın yaxın strateji tərəfdaşlarından biridir. 
Hesab edirəm ki, bu siyasi arxitekturada Azərbaycanın çəkindirmə imkanları dolayı şəkildə güclənir. Bu, Azərbaycana hücum avtomatik olaraq Pakistan və Səudiyyəyə hücumdur demək deyil. Belə hüquqi nəticə yoxdur. 
Ancaq Azərbaycanın əsas hərbi müttəfiqi olan Türkiyənin strateji arxasında daha geniş təhlükəsizlik şəbəkəsinin yaranması Bakının geosiyasi mövqeyini dolayı şəkildə gücləndirə bilər. Şuşa Bəyannaməsinin özü də Azərbaycan və Türkiyənin müdafiə qabiliyyətlərinin, birgə təlimlərin və hərbi interoperabelliyin artırılmasını nəzərdə tutur. 
Bu sazişlə Cənubi Qafqaz üçün daha maraqlı nəticə yaranır. Azərbaycan-Ermənistan münasibətləri normallaşdıqca Bakının təhlükəsizlik strategiyası tədricən yalnız Ermənistan faktorundan daha geniş - Xəzər, Mərkəzi Asiya, Yaxın Şərq və Türkiyə istiqamətlərini birləşdirən sistemə çevriləcəkdir. Türkiyənin yeni üçtərəfli sazişdə iştirakı Azərbaycanın Cənubi Qafqazdan Yaxın Şərqə uzanan strateji əlaqələrini gücləndirən əlavə faktor ola bilər.
Digər tərəfdən, hesab edirəm ki, bu hadisəni yalnız hərbi saziş kimi deyil, regional güclərin strateji mərkəz yaratma axtarışı kimi görmək daha maraqlıdır.
Bu üçlüyün əməkdaşlığı davamlı institusional xarakter alarsa, Yaxın Şərq-Şərqi Aralıq dənizi-Cənubi Asiya xəttində ABŞ-dan tam ayrılmayan, lakin Vaşinqtondan daha az asılı regional təhlükəsizlik arxitekturasının elementləri yarana bilər.
Azərbaycan üçün isə bunun xüsusi əhəmiyyəti var: Türkiyə vasitəsilə bu sistem Qafqaza, Azərbaycan vasitəsilə isə Xəzər və Mərkəzi Asiyaya bağlana bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31