"Azərbaycanın Ukraynaya verdiyi dəstək Rusiyanın maraqlarına uyğun deyil" – ŞƏRH – ÖZƏL
17:10 Siyasət"Ukrayna-Azərbaycan münasibətləri hər zaman yüksək səviyyədə olub. Bu, həm müharibədən əvvəlki dövrə, həm də müharibədən sonrakı və hazırkı mərhələyə aiddir. İki dövlət arasında həm diplomatik, həm də siyasi baxımdan daim normal və konstruktiv münasibətlər mövcud olub. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyib. Bu dəstək isə tərəflərin qarşılıqlı siyasi hörmətinin göstəricisidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, müəyyən dövrlərdə Azərbaycan və Ukrayna arasında bəzi məsələlərə münasibətdə anlaşılmazlıqlar yaşanıb. Lakin ümumilikdə hər iki dövlət arasında siyasi, iqtisadi və diplomatik əlaqələr SSRİ-nin dağılmasından sonra daha da möhkəmlənib. Bildiyimiz kimi, hər iki ölkə sovet dövründə eyni dövlətin tərkibində olub. Müstəqillik əldə edildikdən sonra isə münasibətlər yeni mərhələyə keçib, iqtisadi, siyasi və diplomatik əməkdaşlıq genişlənib, qarşılıqlı şəkildə çoxsaylı sənədlər imzalanıb.
Ekspertin sözlərinə görə, logistika və nəqliyyat sahəsində də əməkdaşlıq mövcud idi. Ukrayna üzərindən müxtəlif enerji və nəqliyyat layihələri həyata keçirilirdi. Lakin hazırda bu əlaqələr əvvəlki səviyyədə deyil. Bunun əsas səbəbi Ukrayna ərazisində davam edən müharibədir. Qara dəniz istiqamətində və ümumilikdə logistika sahəsində əməkdaşlıq əvvəlki imkanlarla davam etmir. Rusiya-Ukrayna müharibəsi başlayandan etibarən Azərbaycan siyasi baxımdan Ukraynaya dəstək nümayiş etdirib. Azərbaycan həm humanitar yardım göstərib, həm də müxtəlif istiqamətlərdə dəstək verib. Bu məsələ iki ölkə prezidentlərinin və xarici işlər nazirlərinin görüşlərində də dəfələrlə vurğulanıb. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Krımın işğalı zamanı da Azərbaycan bu məsələ ilə bağlı öz mövqeyini ifadə etmişdi. Bu gün də Donbas və Luqansk bölgələri ilə bağlı baş verən hadisələr fonunda Azərbaycan Ukraynanın ərazi bütövlüyünə dəstəyini davam etdirir. Təbii ki, bu yanaşma Rusiyanın maraqlarına uyğun deyil. Çünki Rusiya postsovet məkanında yerləşən dövlətlərin öz təsir dairəsində qalmasını arzulayır. Lakin bu gün hər bir dövlət öz müstəqilliyini və milli maraqlarını əsas götürür. Buna görə də hər bir ölkə öz siyasi kursunu müəyyənləşdirir və həmin kurs əsasında fəaliyyət göstərir.
Siyasi şərhçi qeyd edib ki, son dövrlərdə Azərbaycan-Rusiya münasibətlərində müəyyən gərginliklərin yaşandığı da məlumdur. Bu baxımdan Azərbaycanın Ukraynaya verdiyi dəstək Rusiyanın maraqları çərçivəsində qiymətləndirilmir. Bununla belə, Rusiya Azərbaycanın bu mövqeyi ilə bağlı hansısa ciddi iddia irəli sürə bilməz. Çünki Azərbaycan müstəqil dövlətdir və öz xarici siyasətini müstəqil şəkildə həyata keçirir. Eyni qayda Ukraynaya da aiddir. Hər iki dövlət münasibətlərini açıq və şəffaf şəkildə qurur. Azərbaycanın ərazi bütövlüyü məsələsinə münasibəti isə prinsipial xarakter daşıyır. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, ərazi işğalı ilə heç vaxt barışmaq olmaz. Bu, eyni zamanda beynəlxalq hüququn prinsiplərinə əsaslanan bir mövqedir. Azərbaycan hesab edir ki, dövlətlərin ərazi bütövlüyünə hörmət edilməlidir və bu prinsip bütün hallarda qorunmalıdır. Bu baxımdan Azərbaycan və Ukrayna arasında xarici işlər nazirlərinin görüşləri, müxtəlif sənədlərin imzalanması və qarşılıqlı dəstək nümayiş etdirilməsi iki müstəqil dövlət arasında normal və təbii əməkdaşlıq nümunəsidir.
Səidə Ramazanova