"Rubinyanın mesajı xaricə yox, Ermənistan daxilinə ünvanlanıb"- siyasi şərh- ÖZƏL
17:05 SiyasətErmənistan parlamentinin yeni sədri Ruben Rubinyan avqustun 5-də parlamentdəki çıxışı zamanı Azərbaycanla sülh prosesinin tamamlanmadığını və bunun ölkəsi üçün əsas təhlükə mənbəyi olduğunu iddia edib. O, həmçinin Türkiyə ilə sərhədlərin bağlı qalması və diplomatik əlaqələrin olmamasını da Ermənistan üçün risk kimi qiymətləndirib.
Lakin bu iddialar əsassızdır. Reallıqda bölgədə sülhün ləngiməsinə və təhlükənin yaranmasına səbəb Ermənistanın sülh müqaviləsinin imzalanmasını uzatması, öz konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmaqdan boyun qaçırması və revanşist siyasətindən əl çəkməməsidir.
Rubinyanın sülh prosesi ilə bir araya sığmayan təxribatçı ritorikası nəyə hesablanıb? Ermənistan sülh üçün Azərbaycandan nə gözləyir?
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Düşünürəm ki, Ruben Rubinyan bunu anti-Azərbaycan, anti-Türkiyə ritorikası ilə deməyib. Yəni bu fikirlər Azərbaycan və Türkiyəyə qarşı deyil.
Bu fikirlər daxildə Rubenin partiyasına, Nikol Paşinyanın komandasına yönələn ittihamlara cavab üçündür. Yəni revanşist deyilən qruplar onları ittiham edirlər ki, bunlar Azərbaycan və Türkiyəyə Ermənistanı satırlar, azərbaycanlıları gətirib yerləşdirəcəklər, türkləri gətirib yerləşdirəcəklər. Onlar da buna cavab olaraq deyirlər ki, Azərbaycanla sülh müqaviləsinin olmaması risklidir. O baxımdan ki, yenə də müharibə başlaya bilər. Yəni sülh müqaviləsi yoxdursa, sərhədlər müəyyənləşməyibsə, müharibə ola bilər. Türkiyə ilə sərhədin bağlı qalması, əlaqələrin olmaması da riskdir.
Amma bunlar gəlişi gözəl sözlərdir. Yəni Ruben Rubinyanın , Nikol Paşinyanın , Ararat Mirzoyanın bu fikirləri fikir olaraq gözəldir. Amma əməldə bu məsələlər yoxdur. Vaşinqtonda sülh müqaviləsinin paraflanmasının bir ili tamam olur və nəticə nədir? Biz Ermənistan tərəfindən heç bir hərəkət görmürük.
Ermənistan öz üzərinə düşən işləri görməlidir-konstitusiya dəyişməlidir. Parlamentdə indi əsas gətirirlər ki, bizim deputat mandatımız azdır, biz dəyişə bilmirik. Hər dəfə də belə bəhanələrlə prosesi uzadırlar. Məsələnin mahiyyəti budur. Amma bu fikir Azərbaycan və Türkiyəyə qarşı yönəlmir. Bu fikir daxili auditoriyaya - daxildə onlara tənqid yönəldən auditoriyaya hesablanıb.
Hesab edirəm ki, Ermənistanın indiki hakimiyyəti, hökuməti və onun baş naziri qətiyyətli, qərarlı davranışlar göstərməlidir. Sülh imzalanmalıdır, sərhədlərin delimitasiya və demarkasiyası başa çatdırılmalıdır. Səmimi olub əməli iş görməlidirlər. Qulağa xoş gələn, gözə xoş görünən bəyanatlar verməklə kifayətlənməməlidirlər".
Zeynəb Mustafazadə