Ankara–İslamabad–Ər-Riyad xətti: Yeni güc mərkəzi- ÖZƏL

Yaxın Şərqin yeni geosiyasi xəritəsi cızılır Son illərdə Yaxın Şərqdə baş verən hadisələr təkcə ayrı-ayrı dövlətlərin taleyini deyil, bütövlükdə regionun geosiyasi arxitekturasını dəyişdirib. Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra yaranan yeni vəziyyət, HƏMAS-İsrail müharibəsi, ABŞ-İsrail-İran müharibəsi, Tehranın bölgədəki təsir imkanlarının zəifləməsi və Vaşinqtonun təhlükəsizlik strategiyasındakı dəyişikliklər regionda tamamilə yeni situasiya yaradıb.

Artıq Yaxın Şərq əvvəlki Yaxın Şərq deyil

Bununla da illərlə bölgədə formalaşmış güc balansı pozulub. Məhz bu səbəbdən bölgənin aparıcı dövlətləri yaranmış geosiyasi boşluğu kənar güclərin deyil, məhz regional aktorların dolduracağı yeni təhlükəsizlik modeli üzərində işləyirlər.
Bu baxımdan Məkkədə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan birgə müdafiə sazişi təkcə növbəti hərbi sənəd deyil. Bu, Yaxın Şərqin gələcək geosiyasi nizamının əsas sütunlarından biri ola biləcək yeni təhlükəsizlik platformasının başlanğıcı kimi qiymətləndirilə bilər.

Üç dövlət, bir təhlükəsizlik məkanı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın iştirakı ilə keçiriləcək zirvə görüşündə imzalanması gözlənilən saziş ilk baxışdan müdafiə xarakterli sənəd təsiri bağışlada da, daha geniş Mərkəzi Asiya və Yaxın Şərq coğrafiyasını əhatə edəcək. Bu əməkdaşlıq modeli klassik hərbi alyansdan daha çox yeni regional təhlükəsizlik arxitekturasının formalaşdırılması cəhdidir.

Bu proses əslində yeni deyil

Pakistan və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın tarixi altmış ildən artıqdır. 1960-cı illərdən etibarən minlərlə Pakistan hərbçisi Səudiyyə Ərəbistanında xidmət edib. 2025-ci ildə iki ölkə arasında imzalanan qarşılıqlı müdafiə müqaviləsi münasibətləri yeni mərhələyə çıxardı. Müqaviləyə əsasən, tərəflərdən birinə hücum hər iki dövlətə qarşı hücum kimi qiymətləndirilir.
2026-cı ildə İran ətrafında yaranmış böhran zamanı Pakistanın Səudiyyə Ərəbistanına əlavə 8 min hərbçi, 16 ədəd JF-17 qırıcılarından ibarət eskadrilya, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə vasitələri göndərməsi bu əməkdaşlığın artıq praktiki hərbi müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir.

Türkiyənin qoşulması oyunun qaydalarını dəyişir

Əgər Pakistan-Səudiyyə xətti əsasən müdafiə əməkdaşlığı idisə, Türkiyənin bu formata qoşulması yeni geosiyasi reallıq yaradır. Çünki Türkiyə artıq təkcə regional dövlət deyil. Ankara Aralıq dənizindən Qara dənizə, Qafqazdan Mərkəzi Asiyaya, Balkanlardan Afrikaya qədər uzanan geniş geosiyasi məkanda əsas aktorlardan biridir.
NATO üzvü olan yeganə müsəlman dövləti, güclü müdafiə sənayesi, yüksək hərbi texnologiyaları, diplomatik imkanları və logistika potensialı Türkiyəni bu formatın təbii liderlərindən birinə çevirir. Məhz buna görə Türkiyəsiz Yaxın Şərqin yeni təhlükəsizlik sisteminin qurulması faktiki olaraq mümkün görünmür.

"İslam NATO-su" yaranırmı?

Son bir ildə Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Misir və digər müsəlman dövlətləri arasında yeni kollektiv təhlükəsizlik platformasının yaradılması barədə müxtəlif səviyyələrdə müzakirələr aparılıb. Bu təşəbbüs mediada şərti olaraq "İslam NATO-su" adlandırılır. 
Hazırkı mərhələdə yalnız Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında ilkin siyasi razılaşmanın formalaşdığı görünür. Bu isə göstərir ki, proses ideya mərhələsindən praktik mərhələyə keçmək üzrədir. Lakin bu formatın NATO ilə müqayisəsi tam doğru olmaz. Burada məqsəd kollektiv hücum alyansı yaratmaq deyil. Əsas məqsəd regional təhlükəsizlik, enerji infrastrukturu, dəniz kommunikasiyaları, logistika marşrutları və iqtisadi layihələrin birgə qorunmasıdır.
Üç ölkənin bu addımını həm də İsrailin bölgədəki dominantlığının qarşısını almaq üçün yeni güc balansıdır. Çünki İranın bölgədə zəifləməsi fonunda İsrailin hərbi və siyasi üstünlüyü əhəmiyyətli dərəcədə artıb. Bu isə Yaxın Şərqdə yeni güc balansı məsələsini gündəmə gətirib. Region dövlətləri anlayırlar ki, uzunmüddətli sabitlik yalnız balanslı güc sistemi şəraitində mümkündür. Məhz buna görə Türkiyə-Pakistan-Səudiyyə əməkdaşlığının əsas məqsədi hər hansı dövlətlə qarşıdurma yaratmaqdan daha çox bölgədə balansın qorunmasına xidmət etməkdir.
Bu yanaşma təkcə ərəb ölkələrinin deyil, Avropa İttifaqının, Çinin, Rusiyanın və hətta ABŞ-ın uzunmüddətli maraqları ilə müəyyən dərəcədə üst-üstə düşür. Çünki heç bir böyük güc Yaxın Şərqdə tam dominant olan tək bir aktorun meydana çıxmasını istəmir.

Yeni enerji və logistika təhlükəsizlik sistemi qurulur

Bu əməkdaşlığın hərbi tərəfi görünən hissədir. Görünməyən hissə isə iqtisadiyyatdır. Dünya neft ehtiyatlarının mühüm hissəsi məhz bu regionda yerləşir. Hörmüz boğazı, Bab əl-Məndəb, Qırmızı dəniz və Şərqi Aralıq dənizi dünya enerji təhlükəsizliyinin əsas arteriyalarıdır.
Yeni əməkdaşlıq formatı bu marşrutların təhlükəsizliyini təmin etməyi, enerji ixracını qorumağı, logistika zəncirlərini sabit saxlamağı və yeni regional iqtisadi inteqrasiya modelini formalaşdırmağı qarşıya məqsəd qoyur.
Başqa sözlə, söhbət təkcə hərbi ittifaqdan deyil, gələcəyin geoiqtisadi platformasının qurulmasından gedir.

Bu format genişlənə bilər

Əgər Türkiyə-Pakistan-Səudiyyə əməkdaşlığı uğurlu nəticə verərsə, gələcəkdə Misir, İordaniya, Qətər, BƏƏ və digər ölkələrin də müəyyən formatda bu platformaya qoşulması istisna deyil. Bu halda Yaxın Şərqdə ilk dəfə olaraq təhlükəsizlik, enerji, logistika və iqtisadi əməkdaşlığı birləşdirən regional mexanizm formalaşa bilər.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yaxınlaşması təsadüfi diplomatik proses deyil. Bu, Yaxın Şərqdə köhnə təhlükəsizlik modelinin dağılması fonunda yeni geosiyasi sistemin formalaşmasının başlanğıcıdır. Türkiyə hərbi-siyasi və texnoloji potensialı, Pakistan nüvə və hərbi imkanları, Səudiyyə Ərəbistanı isə maliyyə gücü və enerji resursları ilə bir-birini tamamlayan üç strateji sütundur. Əgər bu üçlük uzunmüddətli institusional əməkdaşlıq modelini qura bilsə, Yaxın Şərqdə yeni güc mərkəzinin yaranması real perspektivə çevriləcək. Bu isə təkcə regionun deyil, Avrasiyanın və qlobal geosiyasətin gələcək balansına ciddi təsir göstərə bilər.

Mürtəza Bünyadlı

Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31