Azad Məsiyev: “Ermənistan dinc yanaşı yaşamaq istəyirsə, ərazi iddialarından imtina etməlidir” – ÖZƏL

"Ermənistan cəmiyyətində "Böyük Ermənistan" xülyası hələ də mövcuddur. Böyük Ermənistan yaratmaq məqsədilə ermənilər tarix boyu böyük dövlətlərin əlində alətə çevrilmiş, öz məqsədlərini həyata keçirmək üçün həmin qüvvələrin dəstəyindən istifadə etmişlər. İndiki Ermənistan dövləti də Azərbaycanın tarixi torpaqları hesabına yaradılmış bir dövlətdir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib. Ekspert bildirib ki, Ermənistan uzun illər Rusiyanın əlində alətə çevrilmiş, Rusiyanın vasitəsilə Azərbaycana təzyiqlər göstərilmiş və Azərbaycan torpaqları Ermənistana verilmişdir. Biz bunun şahidi xüsusilə 1920-ci ildə bolşeviklər hakimiyyətə gəldikdən sonra olmuşuq. İndi isə yeni bir vəziyyət yaranıb. Ermənistanın indiki siyasi hakimiyyəti, daha doğrusu Paşinyan hakimiyyəti, Ermənistanı ABŞ və ümumilikdə Qərbin əlində alətə çevirmək istiqamətində siyasət aparır və öz məqsədlərini bu yolla həyata keçirməyə çalışır. Bu gün Ermənistanın siyasi elitası Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanmamasına görə məsuliyyəti Azərbaycanın üzərinə qoymağa çalışır. Bu isə kökündən yanlış yanaşmadır. Görünür, onlar unudublar ki, Azərbaycan torpaqları 30 il işğal altında qalıb. Ermənistan nə beynəlxalq hüquqa hörmət göstərdi, nə də qonşularla münasibətlərini xoş niyyət əsasında qurmağa çalışdı. Ermənistan Azərbaycan torpaqlarını işğal etdi və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, bu işğalçılıq siyasətindən əl çəkmədi. Hətta Ermənistanın indiki baş naziri Nikol Paşinyan vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" bəyanatını vermişdi. Bu fakt göstərir ki, Ermənistanın siyasi düşüncəsində və ictimai şüurunda "Böyük Ermənistan" ideyası hələ də yaşayır. Sadəcə, yaranmış reallıqlara uyğun olaraq müxtəlif manevrlər edilir.

Ekspert qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması üçün Ermənistan dövləti və cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarından tam imtina etməlidir. Çünki sülh sazişinin əsas prinsipi dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Ermənistan isə mövcud konstitusiyası ilə Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımır və Azərbaycana qarşı ərazi iddialarını hüquqi müstəvidə saxlayır. Eyni zamanda Ermənistan qondarma "erməni soyqırımı" məsələsini gündəmdə saxlamaqla Türkiyəyə qarşı beynəlxalq təzyiq formalaşdırmağa çalışır. Belə olan halda nə Türkiyə, nə də Azərbaycan Ermənistanla tam etimad əsasında münasibətlər qura bilər. Çünki söhbət təkcə hazırkı hakimiyyətdən getmir. Bu gün Paşinyan var, sabah olmaya bilər. Sabah hakimiyyətə başqa qüvvələr gələrək həmin konstitusiyaya istinad edib sülh sazişini sual altına qoya bilərlər. Məhz buna görə də referendum keçirilməli, xalqın iradəsi öz əksini tapmalıdır. Əgər Ermənistan qonşularla dinc yanaşı yaşamaq və münasibətlərini inkişaf etdirmək istəyirsə, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması və bir-birinə qarşı əsassız ittihamlardan imtina olunması vacibdir. Ermənistanın gələcəyi böyük ölçüdə qonşularla münasibətlərindən asılıdır. Qonşuları ilə sağlam münasibətlər qura bilməyən dövlətin inkişaf etməsi çətindir. Ermənistan iqtisadi və siyasi baxımdan dünyaya inteqrasiya etmək istəyirsə, ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır. Dünya iqtisadi sisteminə qoşulmaq üçün dəmir yolu və nəqliyyat infrastrukturlarının açılması vacibdir. Çünki dəmir yolu iqtisadiyyatın şah damarlarından biridir. Eyni zamanda Ermənistan dünya siyasətinə daha geniş inteqrasiya etmək üçün Türkiyə ilə sərhədini açmalı, region ölkələri ilə əməkdaşlığı genişləndirməlidir. Təəssüf ki, bu gün Ermənistanın nə siyasi hakimiyyəti, nə də cəmiyyətindəki bəzi qüvvələr qonşularla münasibətləri tam bərpa etməyə hazır görünür. Ermənistan daxilində baş verən proseslər bunu göstərir.

"Paşinyan hakimiyyəti sülhə sadiq olduğunu bəyan etsə də, mən hesab edirəm ki, bu bəyanatların əhəmiyyətli hissəsi görüntü xarakteri daşıyır. Ermənistan Qərbin dəstəyini əldə etdikdən sonra Azərbaycana təzyiq imkanlarını artırmağa çalışır. Bu məqsədlə Avropa İttifaqına inteqrasiyanı sürətləndirir və gələcəkdə NATO ilə daha sıx əməkdaşlıq qurmaq niyyətini gizlətmir. Keçmişdə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu dövrdə də həmin təşkilat vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışırdı. Hətta 44 günlük Vətən müharibəsi zamanı Paşinyan KTMT-ni münaqişəyə cəlb etməyə və Ermənistana dəstək verməyə çalışdı. Bu siyasət uğursuzluqla nəticələndi. İndi isə Ermənistan eyni yanaşmanı Qərb istiqamətində davam etdirir. Məhz buna görə də konstitusiya dəyişikliyi məsələsinin müxtəlif bəhanələrlə uzadıldığını düşünürəm. Konstitusiya komissiyasının yaradılması və digər izahlar daha çox vaxt qazanmağa, güclənməyə və Qərbin dəstəyini artırmağa hesablanmış addımlar kimi görünür", - deyə Azad Məsiyev vurğulayıb.

Ekspertin fikrincə, Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, ölkə həqiqətən müstəqil dövlət kimi fəaliyyət göstərmək istəyirsə, qonşularla münasibətlərini normallaşdırmalıdır. Çünki davamlı gərginlik şəraitində yaşayan heç bir cəmiyyət uzunmüddətli sabitlik və rifah əldə edə bilməz. Ermənistan 30 il ərzində blokada şəraitində qaldı. Bunun əsas səbəbi Azərbaycan torpaqlarının işğalı idi. Bununla yanaşı, Ermənistan özünü blokada qurbanı kimi təqdim edərək Azərbaycana təzyiq göstərməyə çalışırdı. Bu gün də Ermənistan cəmiyyətində "Böyük Ermənistan" ideyası və "türk erməninin düşmənidir" təbliğatı tam şəkildə aradan qalxmayıb. Buna görə də bu məsələlərdə ehtiyatlı davranmalı, sadəlövh olmamalıyıq. Tarix boyu müxtəlif şəxslər ermənilər haqqında fərqli fikirlər səsləndiriblər və bu amillər də nəzərə alınmalıdır. Əgər Ermənistan gələcəkdə də Azərbaycana qarşı ərazi iddialarını gündəmdə saxlayacaq və konstitusiyasında dəyişiklik etməyəcəksə, Azərbaycan xalqı da öz tarixi torpaqlarını - Zəngəzuru və Göyçəni unutmayacaq. Qərbi Azərbaycan İcması geri qayıdış məsələsini daim gündəmdə saxlayır və bu insanların geri dönüş hüququnun tanınmasını tələb edir. Biz Xocalı faciəsini də unutmuruq. Azərbaycan torpaqlarının 30 il işğal altında saxlanılması nəticəsində ölkəyə yüz milyardlarla dollar həcmində zərər dəyib. Bu faktlar da yaddaşlardan silinməyib. Həmçinin mina təhlükəsi bu gün də davam edir. Ermənistan mina xəritələrinin tam təqdim olunması məsələsində də üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Buna baxmayaraq, Azərbaycan regionda dinc yanaşı yaşamaq naminə müəyyən güzəştlərə gedir, tranzit və nəqliyyat imkanları yaradır, dəmir yolu vasitəsilə yüklərin daşınmasına şərait formalaşdırır. Məqsəd odur ki, Ermənistan reallıqları nəzərə alsın, qonşularla münasibətlərini normallaşdırsın və regionda davamlı sülhün formalaşmasına töhfə versin. Əgər Ermənistan yenidən avantürist iddialar və çağırışlar yolunu seçərsə, təbii ki, buna uyğun cavab da alacaq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31