Vaşinqton Byənnaməsi Minsk qrupunun dəfnini təmin etdi- ÖZƏL

"Sabah  Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanan 8 avqust anlaşmasından bir il ötəcək. Bu bir ildə məhz həmin anlaşma çərçivəsində önəmli nə baş verdi o haqda artıq müəyyən fikirlər bildirilib. Ona görə də mən aysberqin görünən yox, görünməyən tərəfinə toxunmaq istəyirəm. Görünməyən tərəfində isə Azərbaycan torpaqlarının əvvəlcə işğal altında qalmasını təmin edən, sonra da yaranmış status-kvonu ən yaxşı halda azacıq dəyişikliklərlə qoruyub saxlamağa çalışan böyük güclərə yanaşmada Kennet Voltsun "Güclərin balansı" (Balance of Power) nəzəriyyəsini praktikada tətbiqi var. Azərbaycan ikinci Qarabağ savaşından üzü bəri  "çevik balanslaşdırma" (flexible balancing) yolu ilə parçalayıb hökm sürənlərin özlərinə qarşı "parçala və idarə et" fəndini reallaşdırmaqdadır. Yəni, 8 avqust Vaşinqton anlaşması, əslində, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının mahiyyətcə də, məntiqcə də davamı idi və burada moderatorlar, onların oynadıqları rol fərqli olsa da, hər iki sənədin bir müəllifi vardı - Azərbaycan!"
 "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "İndi niyə belə düşündüyümə aydınlıq gətirim. Deyin,  10 noyabr 2020-ci il  bəyanatının məhz Moskvanın moderatorluğu altında imzalanması ilə biz prosesi Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli formatına keçirərək, Qarabağ məsələsinə yanaşmada - onun həll edilməməsi baxımından - mövqeləri yüzdə-yüz üst-üstə düşən dövlətləri parçaladıq, ya parçalamadıq? Həmən bəyantla Fransa və ABŞ-nin oyundan kənarda qoyulması kimin maraqlarına xidmət edirdi: Ermənistanın, yoxsa Azərbaycanın? Əlbəttə, Azərbaycanın. Düzdür, bu parçalanma Rusiya hərbi kontingentinin ən azı beş il müddətinə Qarabağda yerləşməsinə razılaşmağımızın nəticəsində baş vermişdi. Amma burada da Azərbaycan "riskdən sığortalanma" (Hedging) strategiyasına uyğun olaraq, üçtərəfli bəyanata beşinci maddəni saldırdı. Söhbət "Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət uzrə sülhməramlı mərkəzin yaradılması"ndan gedir. Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məhz bu maddə əsasında yaradıldı və bununla da "rus əsgərinin ayağının dəydiyi yerdən çıxmayacağını" düşünənlərin planları pozuldu. Beləliklə, üçtərəfli bəyanat Minsk qrupunu iflic vəziyyətinə salmaq və İkinci Qarabağ savaşında qazandığımız qələbəni həmsədrlərdən ən azı birinə həzm etdirmək üçün bizə lazım idi. Amma bu, hələ sülh demək deyildi və ola da bilməzdi. Ancaq proseslərin gedişi Azərbaycanın planlaşdırdığı kimi oldu. Qərb, Rusiyanın bölgədə təkbaşına moderator olmasıyla barışmaq istəmədiyindən dərhal öz "alternativ sülh platformalarını" (Brüssel və Vaşinqton formatlarını) irəli sürdü. Burada bizim qarşımızda duran ən böyük vəzifə, postmünaqişə dövrünün də münaqişə dövrü kimi idarə edilməməsi üçün bu alternativ platformalara alternativ yaratmaq, yəni onu ikitərəfli formata çevirmək idi.
Xatırladım ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam bərpasından sonra da Qərbdəki bəlli çevrələr, xüsusilə Fransa, amma elə ABŞ özü də Minsk qrupunun reanimasiyasına və status məsələsinin masaya qaytarılmasına çalışırdılar. Bu vəziyyət bir az da uzansa, Minsk qrupunun həmsədrləri yenidən eyni mövqedən çıxış edə bilərdilər. 
Bilmirəm, 2025-ci ilin fevral və aprel aylarında İstanbulda ABŞ və Rusiya diplomatları arasında keçirilən qapalı danışıqlarda bunun üzərində ayrıca dayanılmışdı, ya yox, amma 17 sentyabr 2023-cü il tarixində həmin şəhərdə ABŞ-Avropa İttifaqı-Rusiya təmsilçilərinin üçtərəfli görüşündə məhz status məsələsində ortaq mövqe formalaşdırmaq istəyi də var idi. Ona görə də Azərbaycan yenidən "çevik balanslaşdırma" fəndini tətbiq etməli oldu. Nəticədə Minsk qrupunun dəfnini təmin edən, sülh prosesini tamamilə ikitərəfli format çərçivəsinə salan 8 avqust Vaşinqton anlaşması baş verdi. Bununla da regionumuzdakı proseslərə yanaşmada ABŞ ilə Fransa arasındakı sinxronluğa son qoyuldu və rəsmi Paris pat vəziyyətinə salındı. 
Demək ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı cəbhədəki qələbəmizin təsbiti idisə, 2025-ci il 8 avqust anlaşması onun həzmi idi. Bax bu reallığa əsaslanaraq, mən 8 avqust Vaşinqton anlaşmasını 10 noyabr üçtərəfli bəyanatının davamı sayıram. Eyni zamanda fikirləşirəm ki, kimin moderatorluğu altında imzalanmasından, moderatorların da bəzi maraqlarının nəzərə alınmasından asılı olmayaraq, o sənədlərin əsas müəllifi də, baş benefisiarı da Azərbaycan dövlətidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31