Rəsmi İrəvan öhdəliklərinin yerinə yetirməsindən yayınır- ÖZƏL
12:27 Siyasət"Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan Birgə Bəyannamənin imzalanmasından ötən müddət ərzində bir sıra işlər görülsə də, hələ ki, Ermənistan üzərinə götürdüyü siyasi və hüquqi öhdəliklərlə bağlı heç bir konkret addım atmayıb. Hansı ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə sülh müqaviləsinin mətninin paraflanması təmin edilib". Bunu "Olaylar"a hüquqşünas Alim Hüseynli deyib:
"Bu sənəd Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına yönəlmiş razılaşmadır. Sənəd iki ölkə liderləri tərəfindən Vaşinqtonda paraflanıb və münasibətlərin normallaşdırılması üçün çərçivə müəyyən edir. Razılaşmanın əsas imkanları aşağıdakılardan ibarətdir: Müharibə vəziyyətinin sona çatdırılması və dövlətlərarası münasibətlərin normallaşdırılması. Bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması və gələcəkdə ərazi iddialarından imtina. Sərhədlərin delimitasiya və demarkasiyası üzrə işlərin davam etdirilməsi. Nəqliyyat və kommunikasiya xətlərinin açılması, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin edəcək marşrutun yaradılması. Bu marşrutun Ermənistanın suverenliyi çərçivəsində fəaliyyət göstərməsi, lakin xüsusi inkişaf və idarəetmə mexanizminin tətbiqi nəzərdə tutulur. Diplomatik və iqtisadi əlaqələrin inkişafı, ticarət və regional əməkdaşlıq imkanlarının genişlənməsi. ATƏT-in Minsk qrupunun fəaliyyətinin başa çatdırılması ilə bağlı birgə müraciət.Bununla yanaşı, razılaşmanın bütün müddəalarının tam qüvvəyə minməsi üçün hər iki ölkədə hüquqi və siyasi prosedurların tamamlanması tələb olunur və bəzi məsələlər üzrə proses hələ də davam edir".
Hüquqşünas qeyd edib ki, hazırkı vəziyyətdə Ermənistanla bağlı müzakirə olunan hüquqi və siyasi prosedurlar əsasən bunlardır: "Sülh sazişinin Ermənistanın Konstitusiya Məhkəməsinə təqdim edilməsi. Ermənistan qanunvericiliyinə görə, belə beynəlxalq saziş əvvəlcə Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğunluğu baxımından yoxlanılır. Konstitusiya Məhkəməsinin müsbət rəyindən sonra saziş Ermənistan Milli Məclisi tərəfindən ratifikasiya edilməlidir ki, hüquqi qüvvəyə minsin. Çox təəssüf ki, Ermənistan hələ də üzərinə götürdüyü siyasi və hüquqi öhdəliklərin reallaşması istiqamətində real addım atmayıb.
Azərbaycan uzun müddətdir ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları kimi şərh etdiyi müddəaların dəyişdirilməsini tələb edir. Ermənistan hökuməti isə bildirir ki, sülh sazişinin özü qarşılıqlı ərazi iddialarından imtinanı hüquqi cəhətdən təsbit edir və sazişin imzalanması üçün Konstitusiya dəyişikliyi zəruri deyil. Bu məsələ tərəflər arasında əsas siyasi fikir ayrılıqlarından biri olaraq qalır.
Qeyd etmək lazımdır ki, Konstitusiyanın dəyişdirilməsi hazırda Ermənistan qanunvericiliyinə görə avtomatik və ya məcburi prosedur deyil. Bu, Azərbaycanın siyasi tələbi kimi irəli sürülür, Ermənistan hökuməti isə bunun sülh sazişinin hüquqi qüvvəyə minməsi üçün zəruri olmadığını bildirir. Buna görə də bu məsələ hələ də danışıqların ən həssas mövzularından biridir".