İrəvan tarixi seçim qarşısında-Konstitusiyaya dəyişiklik, yoxsa vassallıq?

İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassisin Azərbaycana, eləcə də Cənubi Qafqaza səfəri bir sıra nüanslarla yadda qaldı. Belə ki, Kassis ATƏT-in fəaliyyətdə olan sədri kimi Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahı irəli aparmaqla yanaşı, ticarət, innovasiya və iqtisadi əlaqələr sahəsində əməkdaşlığı dərinləşdirməyi hədəflədiyini vurğulayıb: "Bu səfər daha geniş regional təmasların başlanğıcı olacaq". Xatırladaq ki, Kassis həmçinin Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu qabardıb. Siyasi ekspertlər hesab edirlər ki, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin Cənubi Qafqaza səfəri, xüsusilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin davam etdiyi bir dövrdə, ilk növbədə siyasi və diplomatik dəstək xarakteri daşıyır. Bu cür səfərlər birbaşa sülh sazişi imzalamasa da, danışıqlar üçün əlverişli mühitin qorunmasına töhfə verə bilər.

ATƏT vasitəçi rolunda çıxış edə bilərmi?

Qeyd edək ki, bu töhfə ilk növbədə sülh prosesinə beynəlxalq dəstəyin nümayişindən ibarət ola bilər. Çünki, Kassis Bakıda keçirdiyi görüşlərdə Azərbaycan və Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunan irəliləyişi alqışlayıb və tərəfləri sənədin imzalanması və həyata keçirilməsi üçün addımlar atmağa çağırıb. O, bildirib ki, ATƏT tərəflərin istəyi olduğu halda dialoq və etimadın möhkəmləndirilməsi tədbirlərinə dəstək verməyə hazırdır. Məhz bu açıqlama tərəflər arasında etimadın artmasına səbəb ola bilər. Məlum olduğu kimi ATƏT uzun illər regionda təhlükəsizlik və etimad quruculuğu ilə məşğul olan təşkilatdır. Əgər Azərbaycan və Ermənistan razılaşarsa, təşkilat texniki və institusional dəstək göstərə bilər. Bununla belə, dəstəyin həcmi tərəflərin siyasi iradəsindən asılıdır. Kassisin açıqlaması regional əməkdaşlığın təşviqi kimi də dəyərləndirilə bilər. Nəzərə alaq ki, görüşlərdə nəqliyyat əlaqələri, iqtisadi əməkdaşlıq və regional sabitlik məsələləri də müzakirə olunub. Davamlı sülhün regionun iqtisadi inkişafı və bağlantılar üçün yeni imkanlar yaradacağı vurğulanıb.

Bununla yanaşı, səfərin imkanlarını məhdudlaşdıran amillər də var. Sülh sazişinin imzalanması yalnız Azərbaycan və Ermənistanın qəbul edəcəyi siyasi qərarlardan asılıdır. ATƏT-in vasitəçilik rolu əvvəlki illərlə müqayisədə daha məhduddur və təşkilat yalnız tərəflərin razılığı əsasında fəal rol oynaya bilər. Nəticə etibarilə, İqnasio Kassisin səfəri sülh üçün müsbət diplomatik siqnal sayıla bilər. Bu səfər danışıqlara beynəlxalq dəstək verir, tərəfləri dialoqa həvəsləndirir və ATƏT-in mümkün texniki yardımını gündəmdə saxlayır. Lakin sülhün təmin olunması və yekun sazişin imzalanması yenə də əsasən Azərbaycan və Ermənistan rəhbərlərinin qəbul edəcəyi qərarlardan asılı olacaq.

Azərbaycanın təşəbbüsü qüvvəsində qalır

Məhz bu amil nəzərə alınaraq Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin "Haber Global" televiziya kanalına açıqlamasında deyib ki, Ermənistan Konstitusiyasında Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan maddə çıxarılmalıdır. Onun sözlərinə görə, bu xüsusda alınan siqnallar ondan ibarətdir ki, Ermənistanda yeni konstitusiyanın qəbulu üçün proses başlamaqdadır: "Bu ərazi iddiaları konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycan yekun sülh sazişinin imzalanması üçün problem görmür. Bunun fövqündə bölgəmizdə artıq de-fakto sülh vəziyyəti mövcuddur".Prezidentin köməkçisi Hikmət Hacıyev bu açıqlaması ilə açıq şəkildə demək istəyir ki, Ermənistanın Konstitusiyasında və ona istinad edilən bəzi hüquqi sənədlərdə Azərbaycanın və Türkiyənin ərazilərinə iddia kimi şərh edilə biləcək müddəalar mövcuddur və bu müddəalar konstitusiyadan çıxarılmalıdır. H.Hacıyev bununla həm də sülh prosesi ilə bağlı  Azərbaycanın mövqeyini ortaya qoymuş olur. Azərbaycan rəsmiləri bildirirlər ki, Ermənistan Konstitusiyasının preambulasında istinad edilən Ermənistanın Müstəqillik Bəyannaməsi özündə keçmişdə qəbul edilmiş bəzi müddəaları ehtiva edir. Azərbaycanın şərhinə görə, bu istinadlar Azərbaycanın suveren ərazilərinə (xüsusilə Qarabağla bağlı) və dolayısı ilə Türkiyəyə qarşı tarixi ərazi iddiaları kimi yozula bilər. Buna görə də Azərbaycan hesab edir ki, uzunmüddətli sülh sazişi üçün bu cür müddəalar aradan qaldırılmalıdır. Çox təəssüf ki, məsələ ilə bağlı Ermənistanın mövqeyi qeyri-müəyyəndir. Ermənistan hökuməti bildirir ki, hazırkı Konstitusiya qonşu dövlətlərə qarşı ərazi iddiası irəli sürmür. Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və sülh sazişi imzalamağa hazırdır. Bununla yanaşı, ölkə daxilində gələcəkdə konstitusiya islahatları məsələsi müzakirə olunur.

Türkiyə ilə bağlı məsələ isə əsasən bəzi siyasi dairələrin "Qərbi Ermənistan" anlayışına və tarixi sənədlərə istinad etməsi ilə əlaqələndirilir. Azərbaycan tərəfi hesab edirlər ki, bu cür istinadlar da gələcəkdə hüquqi və ya siyasi iddiaların əsasına çevrilə bilər. Ermənistan isə bunun rəsmi dövlət siyasəti olmadığını bildirir.

Ermənistan seçim qarşısında

Yəni, Hikmət Hacıyevin dediyi "Konstitusiyadakı maddə çıxarılmalıdır" ifadəsi, sülh müqaviləsinin daha etibarlı və davamlı olması üçün gələcəkdə ərazi iddialarına əsas kimi istifadə oluna biləcək konstitusion istinadların ləğv edilməsinin vacibliyini nəzərdə tutur. Etiraf edəilməlidir ki, bu məsələ hüquqi və siyasi baxımdan mübahisəlidir. Azərbaycan həmin müddəaları ərazi iddiası kimi qiymətləndirir, Ermənistan isə bu şərhlə razılaşmır və Konstitusiyasının qonşu dövlətlərə qarşı rəsmi ərazi iddiası ehtiva etmədiyini bildirir. Sadalanan faktlar deməyə əsas verir ki, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan ortaq mövqeyə gəlməlidir. Başqa sözlə, paraflanmış sülh müqaviləsi layihəsinin yekunlaşdırmağın yeganə yolu Azərbaycana qarşı ərazi iddialarının olduğu Ermənistan konstitusiyasından imtina edilməsidir.

Alim  Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31