Biz Ana dediyimiz Azərbaycanı anamız kimi sevirikmi???

...Keçirəm mətləbə: bəri başdan deyirəm, mən YAP-ın üzvü deyiləm, peşə fəaliyyəti ilə bağlı Dövlət büdcəsindən maliyyə də almıram, hansısa rəsmi vəzifə də tutmuram, redaksiyamız MEDİA Agentliyinin layihələrindən də bəhrələnmir, müstəqil jurnalistlərik! Elə müstəqil olduğum üçün bu ilin yanvarında "İlham Əliyevə sədaqət andı" başlıqlı müəllif yazısı ilə çıxış etmişəm. Yazının fəlsəfəsi bu idi ki, İlham Əliyev statusuna görə Azərbaycanın böyüyü, atası deməkdir-atamızı söyürlər, biz isə susuruq! Mehriban Əliyevə statusuna görə Azərbaycanın anası deməkdir, anamızı söyürlər, biz isə susuruq! Niyə? Biz susmalıyıqmı?  

***

Bəli, peşə fəaliyyəti ilə bağlı bir çox çətinliklərlə üzləşmişəm, qapıma killer göndərən məmur da olub, məni həbs etdirən rektor da olub, hətta 2016-cı ildə yenə də peşə fəaliyyətimlə bağlı əvvəlcə mənzilimi, sonra isə şəxsi avtomobilimi benzin tökərək yandırıblar...

Bunları deməklə, bildirimək istəyirəm ki, hansısa məmurun və ya biznesmenin, iş adamının, icra başçısının, MTK sədrinin... təzyiq və təqibinə(keçmiş ABU rektorunun sifarişli həbsinə) qalsaydı, onda gərək bu gün xarici ölkələrdə-Fransada, Almaniyada, Hollandiyada və sair Avropa ölkələrində, Amerikada... siyasi sığınacaq almış və Azərbaycana, ölkə Prezidentinə və onun ailə üzvlərinə hədə, söyüş, təhqir dili ilə xitab edənlərdən daha əvvəl xaricdə olaydım! Amma mən bunu etməmişəm. Bilirsiz niyə? Çünki siyasi mühacirlik Azərbaycan dövlətinə müxaliflikdir, lap reallığı götürsəm, düşmən olmaq deməkdir!

Yeri gəlmişkən, 2016-cı ildə İstanbulda səfərdə olanda siyasi mühacirlərin problemləri ilə məşbul olan hüquq müdafiəçilərindən biri ilə aeroportda qarşılaşdıq(əməkdaşımız da yanımda idi), o mənə dedi ki, istəsəniz, bizə müraciət edin, sizin yeriniz Avropanın istənilən şəhərində hazırdır, çünki Avropada jurnalistlərə azad sözə, peşə fəaliyyətinə görə təzyiq göstərilməsinə olduqca diqqətli yanaşırlar və s.

Şahidlərim var, dedim ki, yox, çünki mənim evimi, mənzilimi Azərbaycan dövləti, Azərbaycan Prezidenti... yandırmayıb, tənqidə dözümsüz, hansısa qanmazın birisi edib, istintaq gedir, yəqinki cinayətkar tapılar... Və sonda onu da əlavə etdim ki, mənim babam 1937-ci ildə milli hökumətin tərəfdarı olduğuna, Sovet hökumətinin tezliklə dağılacağına dair təbliğat apardığına görə, varlı-mülkədar olması bəhanəsi ilə güllələnib. İndi babamın ayaq qoyduğu yurdum işğaldadır, işğalda qalmış o torpaqları-evimizi, məzarlığımızı... necə atıb gedim??? Hansı ki, Human Rights Watch Beynəlxalq İnsan Haqları Təşkilatının 2010-cu il hesabatında (eləcə də sonrakı dövrlərdə) mənim özümə və rəhbəri olduğum "Təzadlar" qəzetinə (https://www.hrw.org/report/2010/10/26/beaten-blacklisted-and-behind-bars/vanishing-space-freedom-expression-azerbaijan)+ https://www.hrw.org/world-report/2010/country-chapters/azerbaijan) xüsusi bölmə həsr olunub. Bu hesabatda qəzetin MŞ-ın "qara siyahı"sına salınması pislənilir, eləcə də mənim peşə fəaliyyətimlə bağlı həbsim geniş şərh olunur.  Mən hələ ATƏT rəsmilərinin Bakıda redaksiyamızdakı görüşlərini, sonrakı dövrlərdə də əlaqə saxladıqlarını və s. demirəm.

Bunları niyə xatırlatdım: 2020-ci ilin oktyabrın 6-da Human Rights Watch-in rəsmi saytında Azərbaycanın Qarabağda erməni terrorçularına qarşı hərbi əməliyyatını insan haqlarının pozulması kimi dəyərləndirən yazı gördüm (təşkilat indi də az qala hər gün "Təzadlar"ın elektron poçtuna məlumatlar göndərir və s.). Dərhal Human Rights Watch adminstratoruna Ermənistanın Bərdədə törətdiyi məlum terror hadisələri barədə fotoşəkilləri və Azərbyacan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ermənilərin bu və ya digər terror hadisələri barədə çıxışının ingilis dilində olan versiyasını göndərdim. Həmin gün axşam saatlarında saytın adminstratorundan "Təzadlar"ın elektron poçtuna Azərbaycanın xeyrinə geniş reportajın linki göndərildi. Niyə? Çünki mən onlara xatırlatmışdım ki, siz məni 2010-cu il hesabatınızda obyektiv jurnalist kimi təqdim edərək müdafiə etmisinizsə, deməli, indi mənə inanmalısınız, bu yazını da saytınızda yerləşdirməyinizi xahiş edirəm. Sağ olsunlar, etdilər! (https://www.hrw.org/news/2020/10/30/armenia-cluster-munitions-kill-civilians-azerbaijan). Bu da həmin yazının linki!

***

Mən bunları ona görə bir daha xatırladıram ki: hesabatlarında təmsil olunduğum beynəlxalq təşkilatlar bu yazdığımı da yəqinki izləyəcək, çünki ingilis dilində tərcüməsini 2021-ci ildən üzvü olduğum ("Təzadlar"ın iki əməkdaşı-Yasəmən Məmmədli və mən) Avropa Mətbuat Federasiyasına da göndərəcəyəm. Hansı ki, mənzil Qərərgahı Fransanın göbəyində- indi söyüşcül mühasirlərin olduğu Strasburqda yerləşir, mənim Avropa Parlamentinin üzv ölkələrinə sorğu verib cavab almaq statusum var.

Bir daha deyirəm, əgər bu qədər Beynəlxalq qurumlar, ATƏT rəsmiləri peşə fəaliyyəti ilə bağlı bir çox problemləri yaşayan bir jurnalist kimi obyektivliyimə inanırsa, deməli, onlar da nəticə çıxaracaq ki: bəs niyə bu jurnalist Avropa və ya digər ölkələrdən siyasi sığınacaq almayıb??? Səbəbini yuxarıda dedim, amma Avropalılar da bilməlidir ki, Azərbaycandan gedən mühacirlərin (demək olar hamısını tanıyıram) bəzilərinin Fransada, Almaniyada... söyüş və təhqirlə mühacirlik etməsi heç bir beynəlxalq qanunda təsbit olunmayıb. Görəsən, Fransa və Almaniya hakimiyyəti necə yol verir və ya özünə rəva görür ki, Azərbaycanla bir sıra sahələrdə strateji əməkdaşlıq etdikləri, Azərbaycan Prezidenti ilə rəsmi görüşlərdə yüksək səviyyədə təmaslar qurduqları halda, bu biri tərəfdən onların ölkəsində olan bəzi mühacirlər Azərbaycan rəhbərliyini və onun ailəsini söyür, təhqir edir??? Bunun cavabı yoxmu? Axı mühacirlər yaşadıqları ölkənin qanunlarına tabe olur və bu qanunlarla yaşayırlar. Həmin qanunlarda onların başqa bir ölkənin daxili işinə müdaxilə, siyasi çağırışlar, təhqir və söyüş və s. kimi neqativlər yazılıbmı? Eyni məntiqlə, təsəvvür edin ki, Azərbaycanda çoxsaylı ölkələrin də narazı nümayəndələri-sakinləri var. Fransadan isə lap çox. Azərbaycanda həmin şəxsləri qızışdırıb Makronu eyni üsul və formada  söydürsələr, Makrona necə təsir edər? Yaxud Almaniyanın, Hollandiyanın... siyasi rəhbərliyinə... Bəlkə Makron, yaxud Almaniya Kansleri göstəriş verə, həmin söyüşcül mühacirləri dəvət edib onların dərdini dinləyələr? Soruşalar ki, ay filankəs, səni Azərbaycandan kim və ya nə qaçaq salıb? Hansıs bir MTK rəhbəri evini əlindən alıb, hansısa müstəntiq sənə qanunsuz cinayət işi açıb, yaxud hansısa hakim sənə ədalətsiz hökm çıxarıb... Bunu Azərbaycan Prezidentimi edib? Yox! Bəs onda niyə o MTK sədrini, müstəntiqi, hakimi, prokuroru... deyil, bu ölkənin rəhbərini hədəf seçirsiniz?

Mən bu sualların cavabını yuxarıda verdim, bir daha deyirəm, problemlərin və təzyiqlərin betəri mənə qarşı olub, amma mən ölkəmdən didərgin düşmək yolu seçmədim, dözdüm, pozulmuş hüququmun Azərbaycanda həllinə səy göstərdim, əsasən də buna nail oldum.

Təsəvvür edirsiniz, bəzən ictimai yerlərdə, evdə, hansısa tədbirdə sosial şəbəkələrdən o söyüşcüllərin biabırçı ifadələri və diləgətirilməz sözləri-söyüşləri səbəbindən istifadə edə bilmirik. Yəqinki onların özlərinin ailələri, qohumları, əqrabaları da elə!

Bəli, hər bir, hətta ən inkişaf etmiş ölkədə belə, problemlər var. Mən hərdən deyirəm, redaksiyada 10-12 əməkdaş çalışır, onların hamısına işdə-çöldə nəzarət etmək imkanım mümkünsüzdür. Təsəvvür edin ki, 10 milyonluq ölkənin rəhbəri olsun!

***

Sonda: bu ilin yanvarında yazdığım məqalənin bir hədəfi də o idi ki, vaxtilə indi xarici ölkələrə səpələnmiş mühacirlərlə(jurnalistlər də bu sırada) həm də onların öz dili ilə danışmaq lazım idi. Amma bu artıq keçib, indi gec də deyil, düşünürəm ki, bu mühacirlərin bir sayılanı seçilməli, mühacir-diaspor fəallarımız var, Azərbaycanı sevdiklərini, yolunda ölümə getməyə hazır olduqlarını deyirlər. Bu biri tərəfdə Azərbaycanı söyürlər, onlar da isə susur! Bu fəallarımız onlarla danışmalıdırlar ki, bu söyüş, təhqir yolu sizi nəinki Azərbaycana yaxınlaşdırır, əksinə, sizi Azərbaycandan daha təcrid edir, uzaqlaşdırır! Söymək, təhqir etmək heç bir nə rəsmi, nə də qeyri-rəsmi qanun və qaydalarda yazılmayıb!

İkincisi, şəxsən mən yazmışam, demişəm, indi də deyirəm: jurnalistlərin, o cümlədən xanım jurnalistlərin, həbsdə olmasını qətiyyən istəməzdim, amma inanıram ki, onlar tezliklə azad olunacaqlar! Axı hansı dövlət başçısı istəyər ki, onun ölkəsində haqsız tutulan, cəza çəkən olsun, bu sırada da jurnalistlər olsun! Axı, hansı ölkə rəhbəri istəyər ki, onun ölkəsinin mühacirləri olsun! Təbii ki, heç bir ölkənin! Mən ona da inanıram ki, bir gün gələcək, xaricdəki mühacirləri əli çıraqlı axtaracağıq! Çünki onlar da ana dedikləri Azərbaycanı anaları kimi sevməkdən başqa seçim tanımayacaqlar və Azərbaycana qayıdacaqlar! Hər kəsin günahı ola bilər, amma bu günahı yumağa da nə var ki! Təki Azərbaycanı doğma anan kimi sevəsən, onun rəhbərinə ailənin, nəslinin böyüyü kimi hörmət bəsləyəsən!

...Azərbaycan son iki yüz ilin şanlı-müqəddəs tarixini yaşayır: heç kimin ağlına da gəlməzdi ki, 1828-ci ildə Rusiya imperiyasının mənfur siyasəti ilə İran və Türkiyədən bir yığın ermənini yığıb Qarabağa yerləşdirdilər və həmin imperiyanın varisi olan indiki Rusiya isə heç vaxt imkan verməz ki, Azərbaycan Qarabağda suverenliyini de-fakto təmin etsin! Yaxud, yatsaq yuxumuza da girməzdi ki, nə vaxtsa Şuşada, Xankəndidə... bayrağımızı dalğalandıracağıq! Bu indi yuxu deyil, nağıl da deyil, reallıqdır! Özü də tarixi bir reallıq! Bu reallğın banisi isə İlham Əliyevdir! Mən ona görə də tam səmimiyyətimlə, vaicdanımın səsi ilə deyirəm: İlham Əliyevi Azərbaycanın gələcəyi üçün qorumaq lazımdır! Çünki az qala iki yüz ildir bütövləşməyən, suveren hüquqları Qarabağda hakim olmayan Qarabağı Azərbaycan edən odur!

Asif MƏRZİLİ,

Avropa Mətbuat Federasiyasının üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31