"Paşinyan Rusiyanın təzyiqlərinə tab gətirsə, Moskva reallığı qəbul edəcək"-Politoloqdan açıqlama- ÖZƏL
16:17 SiyasətErmənistan parlamentinin yeni tərkibdə ilk iclasında Baş nazir Nikol Paşinyan Bütün Ermənilərin Katolikosu II Qaregini açılışa dəvət etməyib. Buna etiraz edən revanşist deputatlar andiçmə mərasimini boykot ediblər. Bu addım Paşinyan hökumətinin Bakı və Ankara ilə münasibətləri normallaşdırmaq və yeni siyasi prioritetləri ilə əlaqələndirilir.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Ermənistanda proseslərin bu istiqamətdə gedəcəyi bəlli idi. Çünki hələ seçkilərdən əvvəl, keçən ilin may ayından başlayaraq kilsə ilə hökumət arasında ziddiyyətlər açıq müstəviyə keçmişdi və Paşinyan hakimiyyəti kilsəni bir çox saxtakarlıqlarda ittiham etmişdi. Bu da vəziyyəti ciddi şəkildə gərginləşdirmişdi. Bu baxımdan Paşinyanın katolikosu parlamentin ilk iclasına dəvət etməyəcəyi gözlənilən idi və bu da baş verdi.
Revanşist qüvvələrin parlamentin işini boykot etməsinə gəlincə, bu da gözlənilən idi. Çünki onlar Rusiyanın təlimatları əsasında bu addımı atacaqdılar.
Amma düşünürəm ki, Rusiyanın parlamentin legitimliyini tanıması ilə bağlı məsələ ətrafında proses hələ davam edəcək. Rusiyanın əsas tələbi hazırda parlament vasitəsilə, yəni onun dəstəklədiyi qüvvələrin köməyi ilə parlamentin işini iflic etmək, hökumətə təzyiq göstərmək, bundan başqa Avrasiya İttifaqı ilə bağlı referendumun keçirilməsinə nail olmaqdır. Məqsəd Paşinyan hakimiyyəti üzərində təzyiqləri artırmaqdır.
Hər halda, Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik bir müddət də davam edəcək və Paşinyan hakimiyyətinin müqaviməti Rusiyanın proseslərə münasibətini müəyyənləşdirəcək.
Yəni əgər Paşinyan hakimiyyəti Rusiyanın təzyiqlərinə davam gətirə biləcəksə, o zaman Rusiya da reallıqlarla razılaşmaq məcburiyyətində qalacaq, deyə düşünürəm.
Bu baxımdan, hələlik tərəflər arasında əsəb savaşı gedir və Rusiya təzyiqləri artıracaq. Bu təzyiqlər vasitəsilə məqsədlərinə nail olmağa çalışacaq. Hazırkı vəziyyətdə görünən mənzərə budur".
Zeynəb Mustafazadə