Ermənistanda kilsə-dövlət çatlaması: “Moskva yeni hökumətlə barışmağa məcburdur” – ÖZƏL
15:04 SiyasətErmənistan parlamentinin yeni tərkibdə ilk iclası ölkə tarixində bir ilkə səhnə olub - Baş nazir Nikol Paşinyan Bütün Ermənilərin Katolikosu II Qaregini açılış mərasiminə dəvət etməyib. Buna etiraz edən revanşist deputatlar katolikosun iştirakını tələb edərək andiçmə mərasimini boykot ediblər. Konstitusiyanın 18-ci maddəsinə əsasən milli kimliyin qorunmasında "müstəsna missiya"ya sahib olan və tarixdən türkfobiya ideologiyasının əsas mənbəyi sayılan Erməni Apostol Kilsəsinin siyasi proseslərdən təcrid edilməsi diqqət çəkir. Bu addım Paşinyan hökumətinin Bakı və Ankara ilə münasibətləri normallaşdırmaq, eləcə də Moskvanın təsirindən çıxmaq üçün elan etdiyi yeni "yol xəritəsi" və prioritetlərlə üst-üstə düşür.
"Rusiyanın yeni hökumətin legitimliyini tanıyıb-tanımaması məsələsi əslində heç nəyi dəyişməyəcək. Çünki Ermənistanda artıq seçkilər baş tutub, yeni hökumət formalaşıb və bu hökumət ölkədə vəziyyətə nəzarət edə bilir. Ən əsası isə Ermənistanda vəziyyət nəzarətdən çıxmayıb. Yəni gec-tez Moskva Paşinyanla əməkdaşlığı davam etdirməli olacaq və onunla işləməyə məcbur qalacaq. Bu baxımdan düşünmürəm ki, Rusiya ilə Ermənistan arasında bu məsələ ilə bağlı ciddi problem yaransın və ya Rusiya tərəfi Paşinyanı qanuni baş nazir kimi tanımaqdan imtina etsin".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Ekspert bildirib ki, lI Qareginlə Nikol Paşinyan arasında yaşanan gərginlik, ümumilikdə isə kilsə ilə hökumət arasındakı münasibətlərdir. Bu vəziyyət təkcə Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh prosesinə münasibəti ilə bağlı deyil, eyni zamanda ölkə daxilində baş verən siyasi qarşıdurmaların nəticəsidir. Çünki katolikos II Qaregin faktiki olaraq Paşinyana qarşı olan müxalifəti dəstəkləyir və həmin müxalifətin hakimiyyətə gəlməsi üçün bütün imkanlardan istifadə edir. Eyni zamanda, o, Rusiyanın Ermənistan daxilindəki "beşinci kolon" siyasətinin həyata keçirilməsində rol oynayır. Başqa sözlə, II Qareginin rəhbərlik etdiyi qurum artıq təkcə dini və ya ruhani idarə funksiyasını yerinə yetirmir, həm də Ermənistan siyasətində Rusiyanın dəstəklədiyi bir siyasi mərkəz kimi çıxış edir. Bu baxımdan tərəflər arasında ciddi fikir ayrılıqlarının olması təbiidir. Nikol Paşinyanın yeni hökumət qurduqdan sonra qarşısında duran əsas vəzifələrdən biri məhz II Qaregini vəzifəsindən uzaqlaşdırmaq və kilsənin siyasi təsir imkanlarını mümkün qədər məhdudlaşdırmaq olacaq. Hakimiyyət bu istiqamətdə fəaliyyət göstərməyə çalışacaq. Bəli, Ermənistan hakimiyyətinin kilsəyə münasibətinin mənfi olmasının səbəblərindən biri də kilsənin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə qarşı çıxmasıdır. Lakin bu, əsas və həlledici amil deyil. Burada əsas məsələ II Qareginin Paşinyanın hakimiyyətini qəbul etməməsi və onun hakimiyyətdən uzaqlaşdırılması istiqamətində fəaliyyət göstərməsidir.
Səidə Ramazanova