Ekspertdən kəskin AŞPA təhlili: "Azərbaycan heç bir xarici diktəyə boyun əyməyəcək" – ÖZƏL
16:57 Siyasət"Ənənəvi olaraq ildə bir dəfə keçirilən Qlobal Media Forumunda Azərbaycan Prezidenti iki saat yarım ərzində dünyanın müxtəlif ölkələrindən olan media nümayəndələrinin suallarını cavablandırdı, həm Azərbaycanda, həm də dünyada baş verən proseslərə münasibət bildirdi. Hər bir məsələyə münasibətdə, təbii ki, Azərbaycanın milli maraqları və mövqeyi diqqət mərkəzində idi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Şakir Ağayev deyib. Ekspert bildirib ki, forum zamanı Azərbaycan-Avropa Şurası münasibətləri də müzakirə olundu. Bu barədə Prezidentə sual verildi və o, ətraflı cavab verdi. Mən dövlət başçısının dediklərini təkrar etmək istəmirəm. Həmin fikirlər artıq həm Azərbaycan, həm də beynəlxalq mediada geniş yayılıb. Mən də bir sıra xarici media orqanlarında bu çıxışların işıqlandırıldığını izlədim. Şübhəsiz ki, Avropa Şurasının Azərbaycana münasibətdə 2020-ci ildən etibarən nümayiş etdirdiyi qərəzli mövqe təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsi ilə bağlıdır. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra həmin münasibətin əsl mahiyyəti açıq şəkildə ortaya çıxdı. Azərbaycan 2020-ci ildə torpaqlarını işğaldan azad etdi. 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərindən sonra isə ölkənin bütün ərazisində suverenliyi tam təmin olundu. Buraya vaxtilə separatçıların özlərinə mərkəz yaratdıqları, "paytaxt" elan etdikləri Xankəndi, Əsgəran və digər yaşayış məntəqələri də daxildir. Bu proses, şübhəsiz ki, Avropa Şurasındakı bəzi dairələri narahat etməyə başladı. Çünki artıq onların Azərbaycana təsir imkanları aradan qalxmışdı. Azərbaycan dövləti, hökuməti, Prezidenti və Ordusu bu təsir rıçaqlarını faktiki olaraq öz gücü hesabına sıradan çıxardı. Azərbaycanın daxilində ölkəyə təsir göstərən erməni separatçıları artıq mövcud deyildi. Məhz bundan sonra müxtəlif bəhanələr altında Azərbaycana qarşı təzyiqlər gücləndirildi. Guya insan hüquqları, demokratiya və digər məsələlər əsas gətirilirdi. Hətta separatçıların "hüquqları" da gündəmə gətirilərək Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar irəli sürülürdü. Azərbaycan da haqlı olaraq buna etiraz etdi. Prezidentin də qeyd etdiyi kimi, ilk dəfə olaraq Azərbaycana qarşı sanksiya xarakterli qərar qəbul edildi və ölkənin Avropa Şurası Parlament Assambleyasındakı səsvermə hüququ əlindən alındı. Azərbaycan tərəfi belə hesab etdi ki, əgər nümayəndə heyətinin səsvermə hüququ yoxdursa, həmin qurumda iştirakın da mənası qalmır. Çünki təsəvvür edin, Azərbaycan nümayəndə heyəti orada iştirak edir, lakin Azərbaycan əleyhinə qətnamələr qəbul olunur, müxtəlif çıxışlar edilir və ölkəmizin maraqlarına toxunan məsələlər müzakirə olunur. Bununla belə, Azərbaycan nümayəndələri öz mövqelərini ifadə etmək, səsvermədə iştirak etmək imkanından məhrum edilirlər. Təbii ki, Azərbaycan bunu qəbul etmədi və etiraz əlaməti olaraq Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini dayandırdı. Prezidentin də vurğuladığı kimi, müəyyən dövrlərdə Azərbaycanın ümumiyyətlə Avropa Şurasından çıxması məsələsi də gündəmdə olub. Hazırda bu addım atılmasa da, həmin məsələ gündəmdən tam çıxmayıb.
"Hesab etmirəm ki, Azərbaycanın Avropa Şurasından çıxması ölkənin xarici siyasət kursuna ciddi təsir göstərə bilər. Çünki Prezident də qeyd etdi ki, Azərbaycanın Avropa Komissiyası ilə münasibətləri kifayət qədər güclüdür. Avropa Komissiyası Azərbaycanın region üçün nə qədər mühüm strateji əhəmiyyət daşıdığını anlayır, tez-tez Azərbaycana səfərlər edir və əməkdaşlığı daha da genişləndirməyə çalışır. Digər tərəfdən, bu gün Avropa İttifaqı ölkələri enerji təhlükəsizliyi ilə bağlı ciddi çağırışlarla üz-üzədir. Azərbaycan isə Avropanın enerji təminatında mühüm strateji tərəfdaş kimi çıxış edir və enerji böhranının aradan qaldırılmasına mühüm töhfə verir. Buna görə də hesab etmirəm ki, Avropa Şurası ilə bağlı mümkün qərarlar Azərbaycanın xarici siyasətinə köklü təsir göstərə bilər. Bəli, müəyyən çətinliklər və maneələr yarana bilər, lakin bunun strateji nəticə doğuracağını düşünmürəm. Avropa Şurasının qəbul etdiyi qərarların arxasında duran əsas səbəb isə geopolitik maraqlardır. Məqsəd Azərbaycanı təsir dairəsində saxlamaq, müxtəlif bəhanələr altında ölkəyə təzyiq göstərmək, öz maraqlarını həyata keçirmək və Azərbaycana şərtlər diktə etməkdir. Lakin Prezidentin də bu gün vurğuladığı kimi, artıq nə Azərbaycan əvvəlki Azərbaycandır, nə də Cənubi Qafqaz əvvəlki Cənubi Qafqazdır. Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan regionda yeni geosiyasi reallıqlar formalaşdırıb və artıq heç bir xarici diktə ilə idarə olunan ölkə deyil. Bu geopolitik maraqların necə tətbiq olunduğunu Ermənistan və Gürcüstana münasibətdə də açıq şəkildə görmək mümkündür. Məsələn, Gürcüstanda parlament seçkilərindən sonra Avropa İttifaqının rəsmiləri həmin hökumətlə işləmədiklərini bəyan edirlər. Eyni zamanda Ermənistana münasibətdə tam fərqli yanaşma nümayiş etdirilir və ona hər cür siyasi dəstək göstərilir. Halbuki Ermənistanda seçkilərdən sonra həbs olunanların, təqib edilənlərin sayı daha çoxdur. Ermənistandakı seçkilərin demokratikliyi ilə bağlı da ciddi suallar mövcuddur. Buna baxmayaraq, münasibət tamamilə fərqlidir. Bunun səbəbi isə ondan ibarətdir ki, Ermənistan həmin qüvvələrin geopolitik maraqlarına uyğun siyasət yürüdür və onların istədiyi siyasi qüvvə hakimiyyətdədir. Burada ikili standartlar açıq şəkildə görünür. Azərbaycanda isə bunu həyata keçirə bilmədilər. Prezidentin bugünkü cavabının mahiyyəti də məhz bundan ibarət idi: Azərbaycan istənilən halda öz müstəqil siyasətini davam etdirəcək və heç bir xarici diktəyə boyun əyməyəcək. Əgər zərurət yaranarsa, Avropa Şurasını da tərk edə bilər, lakin heç kim Azərbaycana öz iradəsini diktə edə bilməz. Bu, Prezident tərəfindən verilmiş qəti və prinsipial mesaj idi", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova