Ermənistanda seçki öncəsi geosiyasi savaş: Qərb-Rusiya qarşıdurması dərinləşir- ÖZƏL

Ermənistanda 2026 seçkiləri öncəsi yayılan "sızdırılmış plan" sənədlərində Paşinyan hakimiyyətini zəiflətmək üçün yeni siyasi mərkəz yaradılması nəzərdə tutulur. Köçəryan və Sarkisyanın yüksək antireytinqi səbəbindən "Bidzina İvanişvili modeli"nə bənzər, daha neytral imicli qüvvə kimi "Ana Ermənistan" bloku və Samvel Karapetyanın adı çəkilir. Planda impiçment, etiraz aksiyaları, media kampaniyası və Rusiya ilə əlaqələrin gücləndirilməsi kimi ssenarilər qeyd olunur.
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
"Ermənistanda siyasi hakimiyyət uğrunda  müxtəlif yönlü siyasi qüvvələr arasında parlament seçkiləri ərəfəsində güclənməkdə olan mübarizə bu ölkənin yaxın perspektivdə müqədəratını təyin edə biləcək hadisə olmaqla yanaşı Cənubi Qafqazda geosiyasi nüfuz dairəsi uğrunda beynəlxalq güclər arasında qarşıdurmanın gerçək durumu kimi ciddi geosiyasi hadisə kimi qəbul olunur.
Bu mübarizə 2018-ci ildə Ermənistanda qlobalistlərin siyasi və maliyyə dəstəyi ilə həyata keçirilən məxməri inqilabın doğurduğu reallıqlardan irəli gəlib və sonrakı dönəmdə Paşinyan iqtidarının həyata keçirdiyi siyasi, ideoloji kurs nəticəsində daha da dərinləşmiş, Ermənistanın Azərbaycanla müharibədə məğlubiyyəti nəticəsində yeni bir mərhələyə daxil olmuşdur.
Paşinyanın Ermənistanın Avropaya inteqrasiyası məqsədilə həyata keçirdiyi siyasət Ermənistan cəmiyyətinə, onun dövlət idarəediciliyinə demokratik dəyərlərin nüfuzunun güclənməsinə səbəb olsa da, Ermənistanın sosial, iqtisadi konteksdə Rusiyadan olan asılılığını əhəmiyyətli şəkildə azalda bilməmişdi, halbuki qlobalistlərin Paşinyana olan siyasi və maliyyə dəstəyinin arxasında bu xətt aparıcı xətt olaraq müəyyənləşdurilmiş, Paşinyanın atdığı addımlar da məhz bu missiyaya xidmətdən irəli gəlmişdi. Lakin, Ermənistanın coğrafi anlamda Avropadan uzaqlığı, üstəlik Turkiyə və Azərbaycanın onu iqtisadi məngənədə saxlaması(bu Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar ona qarşı tətbiq olunan məcburetmə siyasəti ilə bağlı olmuşdur) Ermənistanı uzun müddət Qərblə Türkiyə üzərindən  əlaqələr qurmaq imkanlarından məhrum etmişdir. Ermənistanda Rusiya hərbi bazalarının mövcudluğu, buranın enerji təhlükəsizliyi anlamında Rusiyadan olan asılılığı Paşinyanın bütün cəhdlərinə baxmayaraq Rusiyanın bu ölkəyə təsir imkanlarının məhdudlaşmasına gətirib çıxarmamışdır. Paşinyanın Ermənistanı KTMT-dan uzaqlaşdırmaq cəhdləri regiona Qərbin nüfuz imkanlarının genişlənməsinə hesablandığından Kreml bir qayda olaraq Paşinyan iqtidarı ilə münasibətləri ikili müstəvi üzərində  qurmuşdur. Rəsmi Moskva Ermənistana bir, Paşinyana isə fərqli prizmadan yanaşmaqla erməni cəmiyyətinə nüfuz imkanlarını həmişə işlək vəziyyətdə saxlamağa çalışmış, həlledici anda Gürcüstanda İvanaşvili modelini uğurla həyata keçirdiyi kimi burada da eyni ssenarinin oynanılması üçün ehtiyatda saxladığı siyasi və klerikal dairələrlə münasibətləri X günü üçün hədəfləyə bilmişdir. Rəsmi Moskvanın Ermənistan Azərbaycan müharibəsi zamanı özünü aparması onun təkcə Azərbaycanla ikitərəfli münasibətlərə verdiyi önəm və ya beynəlxalq hüquqa sayqı və hörmətindən irəli gəlməmişdir eyni zamanda Azərbaycanla müharibədə məğlubiyyətin Ermənistan cəmiyyətində doğuracağı siyasi, psixoloji  reallıqlardan istifadə edərək Paşinyandan qurtulmaq istəyindən qidalanmışdır. Elə buna görədir ki, Moskva KTMT ilə bahəm müharibə zamanı Paşinyana dəstək olmaqdan imtina etmiş, bununla belə Ermənistanla iqtisadi, ticari münasibətləri ilk növbədə özünün maraqlarına uyğun bir səviyyədə saxlamış və genişləndirmişdir. Bunu Ermənistan və Rusiya arasında ticari münasibətlərin həcmi də sübut edir. Bundan əlavə
bu münasibətlər Avraziya İqtisadi Birliyi çərçivəsində də inkişaf etdirilib. Buna görə də seçkilər ərəfəsində Rusuyanın Paşinyana xəbərdarlıqlarında xüsusi olaraq qeyd olunur ki, əvvəla Paşinyanın iki stulda oturaraq Ermənistanda hakimiyyətdə qalma planlarına Rusiya seyirci qalmayacaq, o ya Avropa Birliyi, ya da Avraziya İqtisadi Birliyini seçməli, KTMT ilə münasibətlərin perspektivlərinə aydınlıq gətirməlidir, əks halda Rusiya öz qazını ona 177 dolara deyil, Avropaya satdığı kimi hər min kub.m.570 dolara satacaq, bunun isə Ermənistanın maliyyə imkanları çərçivəsində bu ölkə üçün hansı ajiotaj yaradacağı
bəllidir. Seçkilər ərəfəsində bu reallıqları erməni cəmiyyətinə xatırladan siyasi və klerikal  dairələr isə Paşinyana təzyiq üçün təbliğat maşınının işini gucləndiriblər. Bu reallıqların konteksində Ermənistanda Rusiyanın zamanında Gürcüstanda  təcrübədən keçirdiyi İvanaşvili ssenarisinin təkrar olunma ehtimalları yüksəkdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31