Avropa “yaşıl enerji”yə keçir: Azərbaycan qaz siyasətində necə davranmalıdır?- ÖZƏL
14:34 Siyasət" Avropa maliyyə qurumlarının Cənub Qaz Dəhlizinin genişləndirilməsinə tam maliyyə dəstəyi verməməsinin əsas səbəblərindən biri Avropa İttifaqının uzunmüddətli enerji siyasətidir. Hazırda Avropa yaşıl enerji və bərpa olunan mənbələrə keçidi prioritet hesab edir. Buna görə də qaz layihələrinə böyük həcmdə uzunmüddətli investisiya yatırmaqda ehtiyatlı davranırlar".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
"Digər tərəfdən, Avropa ölkələri enerji təhlükəsizliyi baxımından Azərbaycan qazına ehtiyac duysalar da, gələcəkdə qaz istehlakının azalacağını düşündükləri üçün uzunmüddətli müqavilələr bağlamağa tələsmirlər. Onlar daha çevik və qısamüddətli sazişlərə üstünlük verirlər ki, gələcəkdə enerji siyasətlərini rahat dəyişə bilsinlər.
Bununla yanaşı, bəzi Avropa maliyyə institutları ekoloji standartlar və iqlim hədəfləri səbəbindən karbohidrogen yanacaq layihələrinin maliyyələşdirilməsini məhdudlaşdırıb. Bu da Azərbaycan kimi qaz ixrac edən ölkələrin yeni layihələr üçün maliyyə tapmasını çətinləşdirir.
Buna baxmayaraq, Avropa üçün Azərbaycan mühüm alternativ enerji tərəfdaşı olaraq qalır. Xüsusilə son illərdə enerji təhlükəsizliyi məsələləri fonunda Azərbaycan qazına maraq artıb və tərəflər arasında əməkdaşlıq davam edir. Bununla yanası Avropa çox sürətlə "yasıl enerji"yə keçid edir. Ona gorə də Azərbaycan hasilata və boru kəmərlərinə investsiya qoyarkən bunları nəzərə almalı, balanslı hərəkət etməlidir. Məsələn, ehtiyac olmadığı halda hasilatın 100 milyard kubmetrə çatdırılmasına nə ehtiyac var, yəni işimizi planlı görməliyik. Ötən il Avropaya 12,5 milyard kubmetr qaz satmışıq, daha çox qaz istəyirlərsə, hasilata və infrastruktura sərmayə qoysunlar. İstəmirlərsə Azərbaycan boş yerə artıq həcmlər hasil etməkdən çəkinməli, ya da başqa müştəri tapmalı, bundan sonra hasilatı artırmalıdır".
Zeynəb Mustafazadə