Türküstandan verilən birlik mesajı: TDT rəqəmsal gələcəyə doğru irəliləyir- ÖZƏL

"Türk Dövlətləri Təşkilatının "Süni İntellekt və Rəqəmsal İnkişaf" mövzusunda Qazaxıstanda keçirilən Qeyri - Rəsmi Sammiti təşkilatın dinamik, səmərəli inkişafını göstərir. Xüsusilə Sammitin Türk Dünyası üçün rəmzi məna daşıyan Qazaxıstanın Türküstan şəhərində baş tutması da böyük əhəmiyyət daşıyır. Türk Dünyasının ortaq dəyərlərindən olan Xoca Əhməd Yəsəvinin liderlər tərəfindən ziyarət olunmasının da öz xüsusi mənası var".

Bu fikirləri politoloq Tural İrfan Olaylar.az-a açıqlamasında söyləyib:
"Türk Dövlətləri Təşkilatının Qeyri-Rəsmi Zirvə görüşündə Orta Dəhlizin rəqəmsallaşdırılması, nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi və iqtisadi inteqrasiya məsələləri müzakirə edilib ki, bu, həm Təşkilatın həm də üzv ölkələrin bu sahədəki nailiyyətlərini, inkişafını göstərir. Həmçinin Sammit çərçivəsində Türk Dünyasının ortaq dəyərlərini birləşdirən "Türk Sivilizasiyası Mərkəzi"nin açılışı olub. Bütün bunlar TDT-nın birgə fəaliyyət istiqamətlərinin səmərəli nəticələrindən xəbər verir. Eyni zamanda Sammitdə əsas müzakirə istiqamətlərinin
regional əməkdaşlıq və sülh mövzusu olması Təşkilatın regionda və dünyada sabitliyin zəruriliyinə böyük önəm verdiyini göstərir. Hazırda regionda və dünyadakı qeyri-sabit vəziyyət fonunda dövlət başçıları tərəfindən təhlükəsizlik məsələləri və bu qardaş ölkələr arasında həmrəyliyin artırılmasının diqqətdə saxlanılması da dünyaya sülh mesajıdır. Əvvəlcədən də fərdi şəkildə bu ölkələr arsında mövcud olan bir sıra sahələrdəki əlaqələrin Təşkilat çərçivəsində daha da sürətli inkişafı labüdləşəcək. Xüsusilə Orta Dəhlizin rəqəmsal müstəviyə daşınması, logistika və gömrük prosedurlarının asanlaşdırılmasının müzakirə olunması bu yöndə də yeniliklərin olması anonsunu verir.
Türkistan şəhərinin türk xalqları üçün mənəvi paytaxt rolunun təsdiqlənməsi və bu istiqamətdə ortaq mədəni-elmi mərkəzlərin inkişafının zəruriliyinin vurğulanması mədəni, mənəvi yöndə də yeni üfüqlərin açılacağından xəbər verir. Görüş çərçivəsində Xarici İşlər Nazirləri Şurasının toplantıları da keçirilib ki, bu da sözü gedən istiqamətdə hərtərəfli əlaqələrin inkişafını göstərir. Habelə, iqtisadi və mədəni inteqrasiyanı dərinləşdirən Türkistan Bəyannaməsinin qəbul edilməsi həm Azərbaycan həm də Təşkilata üzv ölkələr üçün əlamətdar hadisələrdəndir. Təşkilatın səmərəli və dinamik inkişafı üçün Azərbaycanın və dövlət başçısının səyləri xüsusilə nəzərə çarpır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31